Məhkəmə qərarları › İş №e-2(008)-2319/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2319/2024

23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2319/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə İddiaçı İB-nə dəymiş ziyanın məbləği olaraq 10.243,22 (on min iki yüz qırx üç manat iyirmi iki qəpik) manat pul vəsaitinin, 120,73 (yüz iyirmi manat yetmiş üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 400 (dörd yüz) manat vəkil xərcinin tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AKX-04141xx/xx-2022 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində Smart ZENNER G4T SMART markalı **********662 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunaraq aktlaşdırılmış və bu halları təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması və vurulmuş zərərin məbləği haqqında aşağıdakıaktlar tərtib edilmişdir: 2023-cü ilin yanvar ayında tərtib olunmuş akt əsasında 18,72 manat məbləğində; xx.xx.2023 il tarixli ******* saylı akt əsasında 8812,80 manat məbləğində. Beləliklə, cavabdeh tərəfindən İddiaçı İB-nə dəymiş ziyanın məbləği aktlar üzrə borcu 8.831,52 manat, debitor borcu 1571,18 manat olmuş, cavabdeh xəbərdar edildikdən sonra müəyyən ödənişlər etmiş, sonradan isə yenidən borcun ödənilməsindən yayınmışdır. Hazırda cavabdehin borcu 10.243,22 manat təşkil edir. Cavabdeh borcunun olması ilə bağlı şəxsən tanış edilmiş və o, borcunu qəbul edərək, həmin borcu ödəyəcəyini, əks halda onunla bağlanmış qazın alqı-satqı müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə etiraz etməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli AKX-04141xx/xx-2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 8812.80 manat zərər hesablanmışdır. Beləliklə, işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Cavabdeh tərəfindən bu Qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyriqanuni təbii qazdan istifadə olunmuşdur. Bununla əlaqədar iddiaçı cavabdehdən 10.243,22 manat pulun tutulmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Cavabdehin sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə etməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı qaz sayğacına qanunsuz qoşulma nəticəsində iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış ziyanın həcmi və vurulmuş maddi ziyanın məbləği ilə bağlıdır. Belə ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, iddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün hesabat qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi müvafiq olaraq 1.2, 3, 1.4 və 1.5 m3 saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə aparılmış və cəmi 73440 m3 qaz sərfinə görə 8812.8 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə hesab edir ki, qaz sərfiyyatının gündəlik 24 saat, illik isə 360 gün üçün hesablanması ağlabatan və inandırıcı deyildir. Odur ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 60 gün qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası 1.2x12x60=864 m3, 3x12x60=2160 m3, 2x1.4x12x60=2016 m3 və 1.5x12x60=1080 m3 olmaqla, cəmi 6120 m3 hesablanmalı və həmin rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.12 (on iki qəpik) manata vurulmaqla, iddiaçıya dəymiş ziyanın məbləği müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən iddiaçıya vurulmuş ziyanın məbləği 734.40 manat təşkil edir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı 2023-cü ilin yanvar ayında tərtib edilmiş akt əsasında 18.72 manat ziyanın hesablandığını iddia etsə də, həmin ziyanın yaranmasına əsas olmuş sübutları (təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt, dəymiş ziyanın bərpasına dair tələbnamə) məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə 18.72 manat ziyanın tələb edilməsini əsassız hesab edir. Eyni zamanda, abonent saldosundan görünür ki, cavabdehin təbii qazdan istifadə nəticəsində 1411.70 manat debitor borcu vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən – xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat dəymiş zərər, 1411.70 manat debitor borc olmaqla, cəmi 2146.10 manat məbləğində borcun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, pozulmuş hüquqların bərpası ilə çəkilmiş xərcin tutulması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 400 manat xərcin tutulmasını tələb etsə də, həmin xərcə dair məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 120.73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 120.73 manat məbləğində dövlət rüsumunun 41.46 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 734.40 manat dəymiş zərər, 1411.70 manat debitor borc olmaqla, cəmi 2146.10 manat məbləğində borc və 41.46 manat dövlət rüsumu tutularaq İddiaçı bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar