Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2322/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən "Azəriqaz" İB-yə vurulmuş 4088,72 manat məbləğində zərəri, 60,89 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, 400 manat məbləğində vəkil xərcinin cavabdehdən tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında bağlanmış xx.xx.2023cü il tarixli 04/4280 nömrəli "Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə "Azəriqaz" İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində Zenner G4T Smart markalı **********663 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması və vurulmuş zərərin məbləği haqqında xx.xx.2023 il tarixli ******* nömrəli akt tərtib edilmiş, əsasında 4147,20 manat məbləğində zərər hesablanmışdır. Beləliklə, cavabdeh tərəfindən "Azəriqaz" İB-nə dəymiş ziyanın məbləği akt üzrə 4147,20 manat olmuş, cavabdeh xəbərdar edildikdən sonra müəyyən ödənişlər etmiş, sonradan isə yenidən borcun ödənilməsindən yayınmışdır. Hazırda cavabdehin borcu 4088,72 manat təşkil edir. Cavabdeh borcunun olması ilə bağlı şəxsən tanış edilmiş və o, borcunu qəbul edərək, həmin borcu ödəyəcəyini, əks halda onunla bağlanmış qazın alqə-satqı müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə etiraz etməyəcəyini bildirmişdir. Cavabdeh xx.xx.2024-cü ildə iddia ərizəsinə etirazla müraciət edərək, iddia tələbinin təmin edilməməsini, iddiaçı tərəfindən tərtib edilmiş ******* nömrəli aktın ləğv edilməsini, həmin aktdan irəli gələn 4147,20 manat məbləğin hesab kodundan silinməsini, qeyriqanuni borca görə tutulmuş 98,10 manat pul vəsaitin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək rəylə razı olmadıqlarını, yerli baxış keçirlsəydi qoşulma olduğu aşkarlanacağını bildirmişdir. Qoşulmanı cavabdeh öz ərizəsi ilə etiraf edir. Kənar xəttdən istifadə etməsəydi borcu etiraf etməzdi. Bundan başqa vəkil borcun xx.xx.2023-cü il tarixli akt əsasında yazıldığını və iddiaçı tərəfindən polis orqanına müraciət edilmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək qoşulma etmədiyini və ekspertin də bunu təsdiq etdiyini, ərizəyə isə mahiyyəti ona izah edilmədən və baxmadan imza etdiyini bildirmişdir. İş materiallarında olan İddiaçı ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 04/4280 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"nin 1-ci maddəsinə əsasən, paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə həmin Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifəsidir. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, istehlakçısı cavabdeh olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsinin 6-cı döngəsinin 9-cu evin sayğacından kənar qeyri-qanuni əlavə qaz xəttindən istifadə edildiyi aşkarlanmışdır. - 26.05.2023-cü il tarixli ″Abonentin saldosu″ndan görünür ki, cavabdehə 2023-cü ilin fevral ayı üçün qalıq və aktlar üzrə 4147,20 manat məbləğində borc hesablanmışdır. - 12.02.2024-cü il tarixli ″Gasrep″dən görünür ki, ümumi borc 4012,20 manat, borca görə tutulmalar isə 98,09 manat təşkil edir. - Cavabdeh Bakı Regional Qazın Satışı Departamentinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, borcla tanış olmuş, hesablanmış 4138,72 manat borcu qəbul edir. - Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-3/1211 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı normativ hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. "Qaz təchizatı haqqında" Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, "Azəriqaz" İB qanunsuz qoşulma halları ilə bağlı akt tərtib edildikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında işüzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı göstərilən qaydaya riayət etməmişdir, etmişdirsə də bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Həmçinin, ekspert rəyinə əsasən də müəyyən olunur ki, cavbadeh qaz xəttindən qanunsuz qoşulmaqla istifadə etməmişdir. İddiaçının nümayəndəsi iddianın əsasını təsdiq edən sübut kimi məhkəməyə cavabdehin etiraf ərizəsini təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki işdə təqdim olunan ərizəyə münasibətdə məhkəmə hesab edir ki, həmin ərizə borcun etirafı kimi qəbul edilərək heç bir araşdırma aparmadan süni şəkildə şişirdilmiş borcun tutulması ilə nəticələnə bilər. Belə ki, cavabehə ərizə imzaladılarkən onun hüquqularının izah edilməsi ərizədə öz əksini tapmır. Eyni zamanda, iş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizası nəticəsində sayğaca müdaxilə edilmədiyi və kənar xəttin çəkilmədiyi müəyyən edilmişdir. Bu da iddianın əsassız olmasına dəlalət edir. Ona görə iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddianın 60,89 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 400 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulması hissədə də təmin edilməməli, həmin xərclər iddiaçıya aid edilməlidir. Bundan başqa ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmətrasoloji ekspertiza nəticəsində aparılmış tədqiqatın qiyməti 64 manat təşkil edir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı cavabdeh tərəfindən "Azəriqaz" İB-yə vurulmuş 4088,72 manat məbləğində zərəri, 60,89 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, 400 manat məbləğində vəkil xərcinin cavabdehdən tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə ekspertiza xərci 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-2322/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2322/2024
04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver