Məhkəmə qərarları › İş №e-2(008)-2354/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2354/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2354/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 3215 manat məbləğində pul vəsaitinin, mediasiya üçün ödənilmiş 60 manat pul vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh "satıcı-kassir" vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən "baş satıcı" vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən "administrator" vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə "Tam maddi məsuliyyət haqqında" müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli 33 saylı əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış "Tam maddi məsuliyyət haqqında" müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. "xxxx" MMC-nin "Növbədənkənar inventarizasiyanın aparılması haqqında" xx.xx.2023-cü il tarixli 61 nömrəli əmrindən göründüyü kimi, "Oba – Maştağa 6" mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvilalan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdeh xx.xx.2023-cü ildə keçirilmiş inventarizasiya yoxlaması zamanı tərtib edilmiş "İnventarizasiya komissiyasına İltizamnamə"ni imzalamaqla və müvafiq qeydlərini aparmaqla, sayımda tam olaraq iştirak etdiyini, mallarla tam tanış olduğunu, sayım qrupundan heç bir narazılığının olmadığını bildirmişdir. Həmin yoxlama zamanı siyahıya alınmış mal-material qiymətlərinə dair (xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixləri üzrə) faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi nəticəsində tərtib edilmiş "İnventarizasiya nəticələrinə dair yekun Akt"a əsasən cavabdehin Cəmiyyətə 3425,01 manat məbləğində maddiziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Bununla belə, cavabdeh həmin inventarizasiya zamanı tərtib edilmiş "İnventarizasiya Siyahısı"nı və "İnventarizasiya nəticələrinə dair Akt"ı imzalamaqdan imtina etmişdir ki, bununla bağlı cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və komissiya üzvləri tərəfindən İmtina Aktı tərtib edilmişdir. "xxxx" MMC-nin "Təbii itki normalarının tətbiqi haqqında" xx.xx.2023-cü il tarixli 106 nömrəli əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin "təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki norması satış dövriyyəsinin 0,15 faizi miqdarında müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli maliyyə arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra cavabdehin yekun olaraq qalıq borcu 3215 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək bildirmişdir ki, 3215 manat çatışmazlıq aşkar edilmişdir. O, bildirmişdir ki, cavabdehə müəyyən güzəştlər edilmiş və güzəşt tətbiq edildikdən sonra vurduğu maddi ziyan təbii itki normalarını tətbiq edərək bu məbləğ tələb edilir. Əslində dəyən ziyan bundan çoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli "Əmək müqaviləsi"ndən görünür ki, tərəflər arasında xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək əmək müqaviləsi bağlanmış, cavabdeh Satış Departamentində "satıcı-kassir" vəzifəsinə təyin edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 439 saylı "İşə qəbul etmə haqqında" əmrdən çıxarışdan görünür ki, cavabdehin Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2021-ci ildən "satıcı-kassir" vəzifəsinə işə qəbul edilməsi, əmək haqqı ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilməsi əmr edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 637 saylı "Vəzifə dəyişikliyi haqqında" əmrdən çıxarışdan görünür ki, cavabdehin Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2021-ci ildən "baş satıcı" vəzifəsinə işə qəbul edilməsi, əmək haqqı ştat cədvəlinə əsasən 280 manat olmaqla ödənilməsi əmr edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli "Əmək müqaviləsinə əlavə" dən görünür ki, cavabdeh xx.xx.2021-ci ildən Cəmiyyətin baş satıcı vəzifəsinə keçirilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 667 saylı "Vəzifə dəyişikliyi haqqında" əmrdən çıxarışdan görünür ki, cavabdehin xx.xx.2021-ci ildən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilməsi, əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi əmr edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli "Əmək müqaviləsinə əlavə" dən görünür ki, cavabdeh xx.xx.2021-ci ildən Cəmiyyətin administrator vəzifəsinə keçirilmişdir. - "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2021-ci ildə bağlanmış "Tam maddi məsuliyyət haqqında müqavilə"nin əsli ilə düzdür olan surətindən görünür ki, Cavabdeh maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işin layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi və bununla bağlı vəzifələri icra etməyi barədə öhdəliyi öz üzərinə götürmüşdür. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli "Administratorun – vəzifə təlimatı"ndan görünür ki, Cavabdeh həmin təlimatla tanış olaraq, şəxsən öz imzası ilə təsdiq etmişdir. - xx.xx.2023-cü il tarixli "İnventarizasiya nəticələrinə dair yekun akt"dan görünür ki, cavabdehin cəmiyyətə 3425,01 manat məbləğində maddi ziyan vurması aşkar edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 33 saylı "İşdən azad haqqında" əmrdən çıxarışdan görünür ki, cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü ildən AR Əmək Məcəlləsinin 68.2 "b" (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. - xx.xx.2023-cü il tarixli "İmtina aktı"ndan görünür ki, "Oba – Maştağa 6" mağazasında xx.xx.2023-cü ildə maddi məsul şəxs Cavabdeh öhdəsində olan ticari malların yoxlanılması məqsədi ilə inventarizasiya prosesində iştirak etsə də, müvafiq aktları təsdiqləməkdən imtina etmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli DW519 nömrəli "Xəbərdarlıq" məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdə "Oba – Maştağa 6" mağazasında xx.xx.2023cü ildə keçirilmiş inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalamağı mütləq olması barədə xəbərdarlıq edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü ildə 3425,01 manat çatışmazlıq müəyyən edilmişdir, güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3215 borcu qalmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh əmək müqaviləsi əsasında "xxxx" MMC-də administrator vəzifəsində, yəni maddi məsul vəzifədə işləmiş, işlədiyi müddət ərzində ona etibar edilən maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmağı, müəyyən edilmiş qaydada hesabat tərtib edərək rəhbərliyə təqdim etməyi öhdəsinə götürmüş və bu barədə müqaviləyə imza etmişdir. İddiaçı tərəfindən 2022-ci il üzrə aparılmış invertarizasiya nəticələrinə dair aktlarla müəyyən olunur ki, 3425,01 manat məbləğində iddiaçının itkisi olmuşdur. "xxxx" MMC Cavabdeh müvafiq güzəştlər edildikdən sonra 3215 manat məbləğində borcun qaytarılmasını tələbedir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iş üzrə iddiaçı olan "xxxx" MMC-də işçi olduğundan və onlar arasında tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlandığından o, "xxxx" MMC-yə vurduğu maddi ziyana görə tam maddi məsuliyyət daşıyır. Buna görə də Cavabdeh işəgötürən "xxxx" MMC-yə vurduğu ziyanın faktiki həcminə uyğun olaraq tam ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırkı iddianın qiymətinə görə 52,15 manat dövlət rüsumu ödənilməli idi. İddiaçı 60 manat məbləğində mediasiya üçün rüsum ödədiyindən, 60 manat məbləğində pul iddiaçıya qaytarılmalı, 52,15 manat məbləğində pul isə cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 350-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-yə vurulmuş maddi ziyana görə 3215 (üç min iki yüz on beş) manat, mediasiya üçün ödənilmiş 60 (altmış) manat, cəmi 3275 (üç min iki yüz yetmiş beş) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilsin. 52 (əlli iki) manat 15 (on beş) qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar