Məhkəmə qərarları › İş №e-2(008)-2374/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2374/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2374/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə kiçik iddia (sadələşdirilmiş icraat) üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 479.62 manat əsas borc, 55.90 manat faiz borcu, 91 manat cərimə borcu və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli Paykart kredit müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən borcalan X2 xx.xx.2023-cü ilədək, 60 ay müddətinə illik 30% olmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. Borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Borcalan xx.xx.2021-ci ildə vəfat etmişdir. xx.xx.2022-ci il tarixə onun banka olan borcunun məbləği əsas borc üzrə 479.62 manat, faizlər üzrə 55.90 manat, cərimə üzrə 91 manat təşkil edir. Cavabdeh borcalandan miras qalan mənzili və torpaq (bağ) sahəsini onun vərəsəsi kimi notariat ofisinə ərizə ilə müraciət etməklə qəbul etmiş və bu barədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh borcun qaytarılması istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini qismən yerinə yetirmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca icra etmədiyinə görə Cavabdeh 479.62 manat əsas borc, 55.90 manat faiz borcu, 9.1 manat cərimə borcu olmaqla cəmi 544.62 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2018-ci il tarixli Paykart kredit müqaviləsi üzrə 91 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 9.1 manat məbləğində müəyyən edilməlidir. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan İddiaçı ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli Paykart kredit müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən borcalan X2 xx.xx.2023-cü ilədək, 60 ay müddətinə illik 30% olmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 08 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 əmlaklarına vərəsəsi Cavabdeh xx.xx.2022-ci i tarixdə 2V-149 və 2V-150 reyestr nömrəli vərəsəlik şəhadətnamələri verilmişdir. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən Çıxarışdan görünür ki, miras qoyan şəxs X1 əmlakları - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev (Lenin) küçəsi, ev 12, mənzil 12 və Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, “Enerqoremont” B/Y-nın 7 saylı bağ sahəsi vərəsəsi Cavabdeh vərəsəlik üzrə keçmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 479.62 manat əsas borc, 55.90 manat faiz borcu, 91 manat cərimə borcu olmaqla cəmi 626.52 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, bank cavabdehdən borcun ödənilməsini tələb etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 479.62 manat əsas borc, 55.90 manat faiz borcu, 9.1 manat cərimə borcu olmaqla cəmi 544.62 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar