Məhkəmə qərarları › İş №e-2(008)-2433/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2433/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2433/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə cəmi 16040.15 manat borc olmaqla – bundan 9.928,55 (doqquz min doqquz yüz iyirmi səkkiz manat əlli beş qəpik) manat əsas borc, 5055.31 (beş min əlli beş manat otuz bir qəpik) manat faiz borcu, 1.056,29 (bir min əlli altı manat iyirmi doqquz qəpik) manat, gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcu və iş üzrə ödənilmiş 138 (yüz otuz səkkiz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli 113/PL №-li kredit xətti verilməsi haqqında müqaviləyə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 26% faiz dərəcəsi ilə 10.000 (on min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 5.1.2-ci bəndinə əsasən müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin 5.4.2-ci bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyrişərtsiz icra etmək Borc alanın vəzifəsidir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M-21-5188/2024 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli krediti müqaviləsinə əsasən cavabdehə illik 26 faiz hesablanması şərti ilə 12 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 9928.55 manat məbləğində əsas borc, 5055.31 manat məbləğində faiz və 1056.29 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu təşkil edir. - xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, сavabdeh xx.xx.2021-ci il tarixli krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-3(103)- 54/2023 nömrəli qərarından görünür ki, Azərbaycan respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş Muğan Bank ASC müflis elan edilmişdir. - İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 138 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinin tələbinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faiz borcunu habelə müqavilə müddəti bitdikdən sonra illik 5 faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehdan 9.928,55 (doqquz min doqquz yüz iyirmi səkkiz manat əlli beş qəpik) manat əsas borc, 5055,31 (beş min əlli beş manat otuz bir qəpik) manat faiz borcu, 1.056,29 (bir min əlli altı manat iyirmi doqquz qəpik) manat məbləğində illik beş faiz borcun cəmi 16.040.15 (on altı min qırx manat on beş qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 138 (yüz otuz səkkiz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehdan 9.928,55 (doqquz min doqquz yüz iyirmi səkkiz manat əlli beş qəpik) manat əsas borc, 5055,31 (beş min əlli beş manat otuz bir qəpik) manat faiz borcu, 1056,29 (bir min əlli altı manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla cəmi 16040.15 (on altı min qırx manat on beş qəpik) manat borcun tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar