Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2503/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "9547,20 manat məbləğində zərərin, 1159 manat debitor borcun, 122,12 manat ödənilmiş dövlət rüsumunun əvəzinin məcburi qaydada tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "9547,20 manat məbləğində zərərin, 1159 manat debitor borcun, 122,12 manat ödənilmiş dövlət rüsumunun əvəzinin məcburi qaydada tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdehin təbii qazdan istifadəyə görə 1159 manat borcu yaranmış, bundan başqa, cavabdeh özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamış və nəticədə iddiaçıya 9547,20 manat maddi ziyan vurmuşdur. İddiaçı tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 8812,80 manat, xx.xx.2023cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat maddi ziyan hesablanmışdır. İddiaçının nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə əvvəlki məhkəmə iclasında iddianı qismən etiraf edərək bildirdi ki, o, qaz xəttinə qanunsuz olaraq qoşulsa da, qazdan yalnız üç gün ərzində istifadə edə bilmiş, sonra isə 2023-cü ilin yanvar ayında iddiaçının işçiləri gəlib qanunsuz xətti aşkar etmişlər. Bundan başqa, onun evində yalnız 2 göz qaz sobası və hamamda qızdırıcı samovar vardır, İran sobası və dəmir soba isə yoxdur. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi S.İ.Ağa küçəsi 8 nömrəli fərdi yaşayış evində yaşayır. Cavabdehin adına **********00001 nömrəli abonent kodu açılmış və qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən istifadə edilmiş və sayğacın qeydə aldığı təbii qazın dəyəri 1159 manat təşkil edir və bu borc "Abonentin saldosu" ilə təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 5.5-ci bəndinə görə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin normaya uyğun olaraq, cavabdeh iddiaçıdan aldığı qazın sayğacla müəyyənləşdirilən hesabını tam ödəməli olduğu halda, bugünədək bunu etməmişdir. Ona görə də iddia tələbi 1159 manat debitor borcun ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddianın qalan hissəsi, yəni 9547,20 manat məbləğində zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı öz iddia ərizəsində həmin məbləğin 8812,80 manat hissəsinin xx.xx.2022-ci il tarixli ******* nömrəli, 734,40 manat hissəsinin isə xx.xx.2023cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar əsasında hesablandığını bildirsə də, məhkəməyə xx.xx.2022-ci il tarixli deyil, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar təqdim etmişdir. Bundan sonra iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, ******* nömrəli aktın tarixinin iddia ərizəsində səhvən xx.xx.2022-ci il kimi yazıldığını, əslində isə həmin aktın tarixinin xx.xx.2022-ci il olduğunu bildirmişdir. İşdə olan, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir. İşdə olan xx.xx.2022-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 10368 kub.m, - Qeyri-standart su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 3 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 25920 kub.m, - Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 24192 kub.m, - İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla 12960 kub.m. Bu sərfiyyatın cəmi 73440 kub.m, hər kub.m qazın qiyməti isə 0,12 manat olmaqla, ümumi dəyəri 8812,80 manat təşkil edir. İşdə olan, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 864 kub.m, - Qeyri-standart su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 3 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 2160 kub.m, - 2 ədəd dəmir sobanın hər birinin maksimal saatlıq qaz sərfi 1,4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 2016 kub.m, - İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 1080 kub.m. Bu sərfiyyatın cəmi 6120 kub.m, hər kub.m qazın qiyməti isə 0,12 manat olmaqla, ümumi dəyəri 734,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində deyilir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Eyni zamanda, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəməyə verdiyi yazılı ərizədə qazdan qanunsuz istifadə etdiyini etiraf etdiyinə görə iddiaçı artıq bu faktı sübut etmək vəzifəsindən azaddır. Lakin qanunsuz istifadə edilmiş qazın həcmi ilə bağlı iddiaçının hesablamasını məhkəmə düzgün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 2.7ci bəndinə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci ildə cavabdehin qazdan qanunsuz istifadə etməsini aşkar etdiyi zaman vurulmuş ziyanı hesablayarkən həmin normanın tələbinə uyğun olaraq ən çoxu altı ay əvvəl texniki baxış keçirilməli olduğunu və bu səbəbdən ziyanın yalnız həmin son altı ay üçün hesablana biləcəyini nəzərə almamışdır. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci ildən əvvəl texniki baxışın məhz hansı tarixdə keçirilməsi barədə məlumat mövcud olmasa da, bu müddət altı aydan artıq ola bilməz, bu səbəbdən də maddi ziyan yalnız xx.xx.2022-ci il tarixindən əvvəlki son altı ay (182 gün) üçün hesablana bilər. İddiaçı tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da göstərilən pozuntuya görə hesablamanın 30 gün üçün aparılması isə düzgündür, çünki xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsindən sonra ötən müddət məhz 30 gün olmuşdur. Qeyd olunan 182 gün və 30 gün müddətlərinin cəmi 212 gün təşkil edir. Cavabdehə məxsus qaz qurğularının sayına gəldikdə isə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 4.3-cü bəndində "İstehlakçının qaz qurğuları haqqında məlumat" qrafasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsi göstərilmişdir. Cavabdeh məhkəməyə verdiyi ərizədə qaz plitəsi ilə yanaşı əlavə olaraq hamamda samovardan (qeyri-standart su qızdırıcısı) da istifadə etdiyini etiraf etmişdir. İddiaçının hesablamalarda istinad etdiyi dəmir sobanın və İran sobasının mövcudluğu barədə isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, maddi ziyanın hesablanmasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsində və 1 ədəd qeyristandart su qızdırıcısında sərf edilmiş qazın dəyəri nəzərə alınmalıdır. Qaz plitəsinin qaz sərfi 1,2 kub.m/saat, qeyri-standart su qızdırıcısının qaz sərfi isə 3 kub.m/saatdır. Beləliklə, 1 ədəd 4 gözlü qaz plitəsinin və 1 ədəd qeyri-standart su qızdırıcısın birlikdə (1,2 + 3) maksimal saatlıq qaz sərfi 4,2 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 212 gün olmaqla, cəmi 21369,6 kub.m qazın qanunsuz istifadə olunduğu müəyyən edilir. Hər 1 kub.m qazın qiyməti 0,12 manat olmaqla bunun dəyəri (21369,6 kub.m x 0,12 manat) 2564,35 manat təşkil edir. Odur ki, iddia qismən, yəni cavabdehdən 2564,35 manat məbləğində zərərin və 1159 manat debitor borcun, cəmi 3723,35 manat məbləğin tutulması hissəsində təmin edilməli, maddi zərərin qalan 6982,85 manat hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 122,12 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 10706,2 manat məbləğində iddianın 3723,35 manat hissəsi (34,77 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 34,77 faizi, yəni 42,46 manat hissəsi cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 79,66 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2564,35 manat məbləğində maddi zərər və 1159 manat debitor borcu, cəmi 3723,35 manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. İddia maddi ziyanın 6982,85 manat hissəsində təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 42,46 manat hissəsi Cavabdeh aid edilsin və həmin məbləğ ondan alınaraq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 79,66 manat hissəsi İddiaçınə aid edilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №e-2(008)-2503/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2503/2023
20.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver