Məhkəmə qərarları › İş №e-2(008)-2560/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2560/2024

17.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2560/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib olunmuş akt üzrə 972 (doqquz yüz yetmiş iki) manat, təbii qazdan istifadəyə görə 6925.25 (altı min doqquz yüz iyirmi beş manat iyirmi beş qəpik) manat və 99.37 (doxsan doqquz manat otuz yeddi qəpik) manat dövlət rüsumunun əvəzi, cəmi 7996.62 (yeddi min doqquz yüz doxsan altı manat altmış iki qəpik) manat məbləğində pulun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 04/6038 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus evə təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 12526236 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğaca müdaxilə etməsi, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə G-4 markalı 1202AQ**********2 nömrəli qaz sayğacına Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmışdır. Bu barədə QSN-29/1710-02022/5-38 saylı xx.xx.2018-cu il tarixli akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 972 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 972 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 2020-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək 6925.25 manat borcu qalmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 7897.25 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 1 ünvanında yaşayır. xx.xx.2012ci il tarixdə İddiaçı İB tərəfindən ünvan 1 ünvanına onun iştirakı ilə küçədə G-4 itron-smart tipli 1202AQ**********2 №-li sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana 10045B701210000 №-li abonent kodu verilmişdir. xx.xx.2012-ci il tarixdə onun sərfiyyata uyğun ödənişlərinin olmasına baxmayaraq, İddiaçı İB tərəfindən onun hesab koduna əsassız olaraq 220.0 manat qeyri-qanuni borc yazılmışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2018-ci il tarixdən başlayaraq İddiaçı İB tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan, xx.xx.2018-ci il tarixdə onun iştirakı olmadan Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 8 ev 12 ünvanda quraşdırılmış 1202AQ**********2 №-li qaz sayğacına baxış keçirilmiş, guya sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmiş və xx.xx.2018-ci il tarixdə 1202AQ**********2 №-li qaz sayğacı dövlət yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. 1202AQ**********2 №-li qaz sayğacı onun iştirakı olmadan çıxarılmış, o, qaz sayğacının çıxarılması barədə heç bir sənəd imzalamamış və dövlət yoxlanılmasında iştirak etməmişdir. xx.xx.2018-ci il tarixdə Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən onun iştirakı olmadan ******* №-li akt tərtib edilmiş, lakin aktın ikinci nüsxəsi ona verilməmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən dəymiş ziyan həcminin hesablanması məqsədi ilə 9720 m3 dəymiş ziyanın həcmi hesablanmış və onun hesab koduna 972,00 manat borc yazılmışdır. Onun tərəfindən nə sayğaca, nə də ki, küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) onun tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən İddiaçı İB-nin əməkdaşları tərəfindən təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış müdaxilə inandırıcı deyildir. Ən azından sayğacın daxilinə müdaxilə etmək üçün İddiaçı İB-nin vurduğu plomb qırılmalı idi. Lakin plombun qırılması barədə heç bir qeydiyyat yoxdur. İddiaçı tərəfindən mübahisələndirilən həmin akt onun və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və o və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana hər ay baxış keçirilsə də, onun və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə, nə onun, nə də ki, qonşuların həmin aktdan xəbəri olmayıb. Akt birtərəfli qaydada tərtib edilmiş, ona təqdim olunmamış və o, həmin aktı imzalamamışdır. Onun imzalamadığı həmin akt əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin akt ləğv edilməlidir. Akt tərtib olunarkən bir nüsxəsi ona verilməli idi. Həmçinin, birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillər etibarlı sübut kimi qəbul edilə bilməz. Çünki fotoşəkillərin hansı ünvana aid olması müəyyən edilməmişdir. İddiaçı İB tərəfindən məhkəməyə təqdim olunmuş ******* №-li aktdan görünür ki, həmin akt birtərəfli qaydada tərtib edilmiş və o, həmin aktı imzalamamışdır. Onun tərəfindən imzalanmamış həmin akt əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməməlidir. İddiaçı İB-nin iddiasına əsasən onun 2020-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək 6925,25 manat borcu yaranmışdır. Halbuki, o, sərfiyyata uyğun olaraq əraziyə nəzarət edən İddiaçı İB-nin nəzarətçilərinə hər ay nağd ödənişlər etmişdir. İddiaçı İB abonentin saldosunda 2012-ci ildən 2018-ci ilə qədər və 2020-ci ilə qədər dövrü, yəni xx.xx.2020-ci il tarixdə ELSTER G-4T DİAFRAQMA tipli 12526236 №-li sayğac quraşdırıldıqdan sonra qeydiyyat aparmamışdır. İddiaçı İB iddia ərizəsinə GASREPi əlavə etməməklə bu faktı gizlədir. Mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Hazırkı halda o, iddiaçıdan qaz sayğacına onun tərəfindən müdaxiləni sübut edən faktları və GASREPi tələb edir. xx.xx.2024-cü il tarixli GASREPdən məlum olur ki, onun illik sərfiyyatı 3500- 4000 m3 təşkil edir (1200 m3 x 0.12=144, 1000 m3 x 0.20=200, 1800 m3 x 0.25=450, 144+200+450=794 manat, 794 x 4=3176 manat). Beləliklə, adi hesablama qaydasında onun 4 il üçün 3176 manat borcu yaranmış olur, lakin İddiaçı İB borcu 2 dəfə şişirdərək 6925,25 manat pul tələb edir. O isə sərfiyyata uyğun olaraq hər ay nəzarətçiyə pul ödəmiş, nəzarətçi isə ona qəbzlər vermişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilərək, İddiaçı İB tərəfindən tərtib edimiş ******* №-li aktın ləğv edilməsi, həmin aktdan irəli gələn 972,00 manat məbləğin və onun hesab koduna hesablanmış 6925,25 manat məbləğin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017ci il tarixli 04/6038 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, cavabdehin ünvanında quraşdırılmış sayğac çıxarılmış və yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, cavabdehin evində quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 98.97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 972 manat məbləğində zərər hesablanmışdır. Bundan başqa, cavabdehin debitor borcu 6925.25 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında cavabdehin abunə koduna hesablanmış 972 manat zərərin tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə tələb öz qüvvəsini itirmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi 6925.25 manat debitor borcun tutulması hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 98.97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 98.97 manat məbləğində dövlət rüsumunun 89.25 manatı Cavabdeh alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6925,25 manat debitor borc və 89,25 manat dövlət rüsumu tutularaq İddiaçı bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar