Məhkəmə qərarları › İş №e-2(008)-2563/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2563/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2563/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz" İB-yə vurulmuş 1540,80 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 4869,36 manat pulun və 90,69 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 7119.23 manat pulun cavabdehdən tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan X2 şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2016-cı ildə 2/12779 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"si imzalanmış və həmin Müqavilə əsasında "Azəriqaz" İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən Müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin Müqavilənin və "X1"nın tələblərinə əməl etmək) və "X1"nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 2015-ci ilin oktyabr tarixli akt əsasında 784,80 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 756 manat, cəmi 1540,80 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin, 2016-cı ilin fevral ayınadək 618,38 manat, 2020-ci ilin yanvar ayından 2023-cü ilin fevral ayınadək 4869,36 manat borcu qalmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda iddiaçıya 7028,54 manat borcu mövcuddur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək bildirdi ki, həm debitor borcu, həm də özbaşına qoşulma mövcuddur. 2 akt tərtib edilmişdir, 2015-ci il tarixli akt yoxdur, yalnız saldoda görünür. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2/12779 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 1-ci maddəsinə əsasən, Paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə həmin Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifəsidir. - "Təbii X1nın pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. - 07.03.2023-cü il tarixli "Abonent saldosu"ndan görünür ki, **********00000 abonent kodu olan Cavabdeh cəmi 7028,54 manat borcu mövcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi" əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, təbii qazdan istifadə nəticəsində 4869,36 manat borcu yaranmışdır. Həmçinin, sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə aktlar üzrə ona 1540,80 manat borc yazılmışdır. xx.xx.2020-ci il tarixli akt sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə tərtib olunub və həmin akta görə abonentə 756 manat maddi ziyan hesablanıb. Digər akt təqdim məhkəməyə təqim olunmayıb. Məhkəmə ilk öncə sərfiyyat borcuna münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. "Qaz təchizatı haqqında" Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən ona təqdim olunmuş hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, cavabdehin təbii qazdan istifadəyə görə borcu 4869,36 manat təşkil edir və həmin məbləği iddiaçıya ödəməlidir. Bundan başqa, 2 akt əsasında sayğacdankənar təbii qazdan istifadə etməsinə görə istehlakçıya 1540,80 manat borc hesablanmışdır. Lakin aktlardan biri olan 2015-ci ilin oktyabr tarixli akt təqdim olunmadığından məhkəmə həmin akt üzrə hər hansı məbləğin tələb olunmasını əsassız hesab edir, ona görə bu hissədə iddia tələbi qismən, yalnız ******* saylı akt üzrə yaranan 756 manat borc hisəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Qaz təchizatı haqqında" qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən, yəni təqdim edilən xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə təmin edilməli, həmin akt üzrə hesablanmış 756 manat pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 90,69 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 6410,16 manat məbləğində iddianın 5625,36 manat hissəsi (87,75 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 87,75 faizi, yəni 79,58 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 11,11 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "Azəriqaz" İB-yə vurulmuş 756 manat məbləğində zərər, təbii qazdan istifadəyə görə hesablanmış 4869,36 manat debitor borc, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 79,58 manat hissəsi, ümumilikdə 5704 (beş min yeddi yüz dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 11 (on bir) manat 11 (on bir) qəpik hissəsi iddiaçıya aid edilsin. Tutulmuş məbləğ İddiaçı Azərbaycan X2 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar