Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2599/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, İddiaçı «X1 Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4953,80 manat əsas borc, 427,68 manat faiz borcu olmaqla, cəmi 5381,48 manat məbləğində borcun və 74 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh bank olmayan kredit təşkilatı "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla "xxxx" arasında xx.xx.2022-ci il tarixli MR0017002- 2022 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 36 ay müddətinə, illik 42 % olmaqla 8074 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Zamin ilə ZM1-MR0017002-2022 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit öhdəliyinin aylıq ödənişləri zamanı gecikmələr yaranmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2022-ci il tarixindən bu günə qədər cavabdeh götürdüyü 8074 manat məbləğində əsas borcdan 3120,20 manat ödəniş etmiş, müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 2332,09 manat və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 248,71 manat ödəniş etmişdir. Beləliklə, hal-hazırda borclunun ödənilməmiş 4953,80 manat məbləğində əsas borcu 427,68 manat faiz borcu, cəmi 5381,48 manat məbləğində borcu qalmışdır. Təşkilatla borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0017002-2022 nömrəli çərçivə kredit müqaviləsinin 5.7.3 bəndinə əsasən kredit xətti üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi 30 gündən artıq müddətə gecikdirildikdə “Kreditorun” vaxtından əvvəl tələb etmə hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi qaydada icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Təşkilatla cavabdehin zamini arasında bağlanmış xx.xx.2022-ci il tarixli ZM1- MR0017002-2022 saylı Zaminlik müqaviləsinin 2.2 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.3 bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürmüşlər. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilib təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, «X1 Kredit Təşkilatı» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədilə 36 ay müddətinə, illik 42% ödəmək şərtilə 8074 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan «X1 Kredit Təşkilatı» ASC ilə Zamin arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən, sonuncu, kredit alan Cavabdeh bank qarşısında kredit öhdəliyinin icra edilməsi üçün məsuliyyəti üzərinə götürməklə zamin durmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib hesab edir ki, iddiaçı «X1 Kredit Təşkilatı» ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinin məzmunundan görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş iddiaçı «X1 Kredit Təşkilatı» ASC-nin cavabdehlərə ünvanladığı pretenziyadan görünür ki, cavabdehlərə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdehlər onlara edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qanunun qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 74 manat dövlət rüsumu cavabdehlərə aid edilməli və onlardan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçı «X1 Kredit Təşkilatı» ASC-nin xeyrinə 4953,80 manat əsas borc, 427,68 manat faiz borcu olmaqla, cəmi 5381,48 manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 74 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 4953,80 manat əsas borc, 427,68 manat faiz borcu olmaqla, cəmi 5381,48 (beş min üç yüz səksən bir manat qırx səkkiz qəpik) manat məbləğində borc və dövlət rüsumuna görə 74 (yetmiş dörd) manat məbləğində pul vəsaiti iddiaçı «X1 Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-2599/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2599/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver