Məhkəmə qərarları › İş №e-2(008)-2601/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2601/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2601/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, onların vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) paylarına nisbətdə iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********88 saylı kredit müqaviləsi üzrə 5419.09 manat əsas borcu olmaqla, cəmi 5419.09 manat və ödənilmiş 74.20 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının paylarına tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Bağırova Gülarə Rəşid qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********88 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 6200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 Rəşid qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən Bağırova Gülarə Rəşid qızının vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsələr Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 vərəsəlik şəhadətnamələri xx.xx.2023-cü il tarixində verilmişdir. Maliyyə arayışına əsasən Bağırova Gülarə Rəşid qızından xx.xx.2022-ci il tarixli BPM**********88 saylı kredit müqaviləsi üzrə kredit borcu üzrə banka ödənilməmiş borcu – 5419.09 manat əsas borcu olmaqla, cəmi 5419.09 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 borcun qaytarılması haqqında iddiaçıya bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 5419.09 manat olduğundan, iddiaçı tərəfindən 74.20 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1, onların vəkili Nümayəndə3 iddia tələbini qismən qəbul edərək bildirmişlər ki, uşaqların ata və anası ölüb, bundan sonra onlar nənələrinin himayəsinə verilmişdir. Hazırda nənələri Qaffarova X3 çalışır, miras payını da özü qəbul etmişdir. Odur ki, iddianın miras payı həcmində təmin edilməsinə etiraz etməmişlər. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Bağırova Gülarə Rəşid qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********88 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Bağırova Gülarə Rəşid qızına 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6200 manat məbləğində kredit verilmişdir. Bağırova Gülarə Rəşid qızı kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli məxaric orderindən görünür ki, Bağırova Gülarə Rəşid qızı 4990.31 manat məbləğində pulu "xxxx" ASC-dən təhvil almışdır. - ödəniş cədvəlidən görünür ki, Bağırova Gülarə Rəşid qızı xx.xx.2022-ci il tarixdən 36 ay müddətində hər ay banka 230.42 manat (sonuncu ay 229.98 manat) ödəməli idi. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Bağırova Gülarə Rəşid qızının xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə banka 5419.09 manat əsas borcu vardır. - "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bağırova Gülarə Rəşid qızının banka olan borcunun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə, borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 74.20 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İİ seriyalı 045934 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İİ seriyalı 320371 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Bağırova Gülarə Rəşid qızı xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - xx.xx.2023-cü il tarixli 2V-151 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Bağırova Gülarə Rəşid qızının vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dur və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs X8 publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 621 saylı məktuba əsasən son haqq-hesabı 1836 manat pul vəsaitindən ibarətdir. - Bakı şəhəri Sabunçu RİHB-nın 86 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamının surətindən görünür ki, Cavabdeh3 xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh2 üzərində himayəçi, xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh1 üzərində qəyyum təyin edilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh3 xx.xx.1952-ci il, Cavabdeh2 xx.xx.2007-ci il, Cavabdeh1 isə xx.xx.2011-ci il təvəllüdlüdür. - AZ-İ seriyalı 987077 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2007-ci il tarixdə doğulmuşdur, atası X1, anası X2r. - AZ-İİ seriyalı 807138 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixdə doğulmuşdur, atası X1, anası Bağırova Gülarə Rəşid qızıdır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Bağırova Gülarə Rəşid qızı arasında xx.xx.2022-ci il tarixli BPM**********88 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən Bağırova Gülarə Rəşid qızına 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6200 manat məbləğində kredit verilmişdir. Bağırova Gülarə Rəşid qızı krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Bağırova Gülarə Rəşid qızı xx.xx.2023-cü il tarixdə ölmüş və sonuncudan qalmış miras əmlaka dair Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs X8 publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 621 saylı məktuba əsasən son haqq-hesabı 1836 manat pul vəsaitindən ibarətdir. Hazırda iddiaçı yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə ödənilməmiş borcu Bağırova Gülarə Rəşid qızının vərəsələri – hazırkı iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bağırova Gülarə Rəşid qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X7 Rəşid qızı xx.xx.2023-cü il tarixdə ölmüş, bu səbəbdən kredit öhdəlikləri icra edilməmişdir. Bağırova Gülarə Rəşid qızının kreditoru olan iddiaçı qarşısında onun vərəsələri-cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məsuliyyət daşıdığından, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini vərəsələrdən tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Hazırkı işdən görünür ki, Bağırova Gülarə Rəşid qızının banka 5419.09 manat məbləğində ödənilməmiş borcu vardır və iddiaçı həmin pulu Bağırova Gülarə Rəşid qızının vərəsələrindən-cavabdehlərdən tələb edir. Lakin işin hallarından görünür ki, Bağırova Gülarə Rəşid qızından qalmış miras əmlak 1836 manat pul vəsaitindən ibarətdir. Məhkəmə, qanunvericiliyin tələbləri baxımından hesab edir ki, mirası qəbul etmiş vərəsələr-cavabdehlər onlara çatan miras payı, yəni 1836 manat məbləğində pul vəsaiti həcmində Bağırova Gülarə Rəşid qızının kreditoru olan iddiaçı qarşısında məsuliyyət daşıyırlar. Odur ki, iddia qismən, yəni cavabdehlərdən 1836 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslıdır, ona görə də qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 74.20 manat məbləğində dövlət rüsumunun 38.36 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) miras paylarına nisbətdə xx.xx.2022-ci il tarixli BPM**********88 saylı kredit müqaviləsi üzrə 1836 manat məbləğində əsas borc və 38.36 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) və Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) miras paylarına nisbətdə xx.xx.2022-ci il tarixli BPM**********88 saylı kredit müqaviləsi üzrə 1836 manat məbləğində əsas borc və 38.36 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar