Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2661/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02.04.2018-ci il tarixli qətnaməsi üzrə cavabdehdən tutulan 308 manat alimentin məbləğinin artırılaraq yetkinlik yaşına çatmayan 09.07.2014cü il tarixdə doğulan Allahverdiyev Tuncayın və 27.08.2016-cı il tarixdə doğulan Allahverdiyev Fəridin saxlanılması üçün yetkinlik yaşına çatana qədər hər ay 175 manat, ümumilikdə 350 manat məbləğində alimenti cavabdehdən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02.04.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər uşaq üçün 154 manat, cəmi 308 manat məbləğində aliment tutulmuşdur. Hazırda uşaqların 6 və 4 yaşları var, ödənilən aliment maddi ehtiyaclarını ödəmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin birgə nikahlarından iki uşaqları var: 09.07.2014-cü il tarixdə doğulan Allahverdiyev Tuncay (Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 367286 №-li doğum haqqında şəhadətnamənin surəti); 27.08.2016-cı il tarixdə doğulan Allahverdiyev Fərid (Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 797173 №-li doğum haqqında şəhadətnamənin surəti). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3150/2018 №-li iş üzrə qəbul etdiyi 02.04.2018-ci il tarixli qətnamə ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək hər uşaq üçün 154, cəmi 308 manata qədər artırılmışdır. Hazırda iddiaçı alimentin miqdarını hər uşaq üçün 154 manatdan 175 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, tərəflərin 2 övladlarının olması, yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qalması, həmçinin uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 175 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 09.07.2014-cü il tarixdə doğulan Allahverdiyev Tuncayın və 27.08.2016-cı il tarixdə doğulan Allahverdiyev Fəridin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 504 manat təşkil edir (42 man x 12 ay = 504 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02.04.2018-ci il tarixli qətnaməsi üzrə Cavabdeh tutulan 308 manat alimentin məbləği artırılaraq 09.07.2014-cü il tarixdə doğulan Allahverdiyev Tuncayın və 27.08.2016-cı il tarixdə doğulan Allahverdiyev Fəridin yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 manat, ümumilikdə 350 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı ödənilsin. 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-2661/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2661/2021
18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver