Məhkəmə qərarları › İş №e-2(008)-2726/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2726/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2726/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "X2" ASC-nin Cavabdeh qarşı "1403,50 manat əsas, 44,24 manat faiz, 0,32 manat cərimə olmaqla, cəmi 1448,06 manat borcun və 34,49 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "X2" ASC Cavabdeh qarşı "1403,50 manat əsas, 44,24 manat faiz, 0,32 manat cərimə olmaqla, cəmi 1448,06 manat borcun və 34,49 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmişdir. Cavabdeh məhkəməyə verdiyi xx.xx.2024-cü il tarixli ərizədə bildirmişdir ki, "X2" ASC-dən 1500 manat kredit götürmüşdür. Əvvəl vaxtında ödənişlər etsə də, bir müddət sonra işdən çıxarıldığına və işsiz qaldığına görə ödənişlərdə gecikmələr olmuşdur. Hal-hazırda bacardığı qədər az-az ödəmə edir. Əsas borcun ödənildiyi aparatda göstərilmir, 200 manat qeyd olunur. İddiaçının dediyinə görə, 200 manat ödənildikdən sonra ekranda əsas borc qeyd olunacaq. Tez-tez ona və xalasına zəng edib və qışqıraraq narahat edirlər. Xalası ürək xəstəsidir, müalicə alır. Bu ay 96 manat ödəniş etmiş, lakin 200 manat ekrandan silinmir, pulun hara getdiyini bilmir. Qaynar xətlə əlaqə saxladıqda isə ona bildirilir ki, faiz və cəriməyə çıxılır, borcunu ödəməlidir. Zəng vuraraq, kollektorlarla yaxınlaşacağını qışqıraraq bildirmişlər. Daha sonra başqa əməkdaş zəng edib üzr istəmiş və 102-yə şikayət etməməsini xahiş etmişdir. Hal-hazırda rəsmi olmasa da, 8 saat işləyir, 400 manat əmək haqqı alır. Faizlər çox gəlir, ödəyə bilmir. Ödəmələrin hamısı faizlərə tutulmuş, 1500 manat məbləğində əsas borc qalıb. Ayda 50 manat ödəmə edir. Faizi ödəməyə gücü çatmır, əsas borcu ayda 50-100 manat ödəyərək bağlamaq istəyir. Cavabdehin ərizəsində iş üzrə əlavə araşdırmanın aparılmasını tələb edən hallar qeyd edilmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması üçün əsaslar aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, iddiaçı "X2" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1015nkSTB2/22 nömrəli "Kredit müqaviləsi"ndən görünür ki, cavabdehə 48 ay müddətinə illik 18 % ödəmək şərtilə 1547 manat məbləğində kredit verilmiş. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında Cavabdeh iddiaçı "X2" ASC-yə 1015nkSTB2/22 nömrəli kredit müqaviləsi üzrə 1403,50 manat əsas, 44,24 manat faiz, 0,32 manat cərimə olmaqla, cəmi 1448,06 manat borcu olduğu qeyd edilmişdir. İşdə olan "Bildiriş"dən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müəyyən olunur ki, cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində "X2" ASC-dən kredit götürdüyünü,1500 manat məbləğində borcu olduğunu etiraf etmiş və ayda 50-100 manat ödəniş edə biləcəyini bildirmişdir. İddia tələbinin əsas borcla bağlı hissəsi cavabdeh tərəfindən etiraf edildiyindən məhkəmə hesab edir ki, 1403,50 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa cavabdeh ərizədə iddiaçı tərəfindən hesablanmış faizlə razılaşmadığını göstərmişdir. Bununla bağlı məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, cavabdehə illik 18 faiz ödəmək şərtilə kredit verilir. Müqavilənin 2.8-ci maddəsinə əsasən, kreditin və ya hesablanmış faizlərin ödənilməsi gecikdirildikdə, bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faiz miqdarında cərimə tətbiq edə bilər. Cavabdeh müqaviləni imzalamış, bununla da müqavilədə göstərilən şərtlərlə razılaşdığını təsdiq etmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbinin 44,24 manat faiz və 0,32 manat cərimə hissəsi də əsaslıdır, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 34,49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1403,50 manat əsas borc, 44,24 manat faiz borcu, 0,32 manat cərimə, 34,49 manat dövlət rüsumu, cəmi 1980,89 manat məbləğində pul alınaraq iddiaçı "X2" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar