Məhkəmə qərarları › İş №e-2(008)-2732/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2732/2023

22.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2732/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 8822,52 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 501,42 manat və 113,24 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 9437,18 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixli AKX-04145xx/xx-2022 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasinda İddiaçı abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********21260 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təhciz edən qaz xəttinin üzərində G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2 yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni təbii qazı qeyriqanuni talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli akt əsasında 8822,52 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavandehin ödənilməmiş 2021-ci ilin mart-dekabr ayları üzrə 410,40 manat sərfiyyat borcu və limitdən əlavə 21,40 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-iyun ayları üzrə 124,92 manat sərfiyyat borcu v əvə uçotu pozulmuş qaz sərfin 18,90 manat sərfiyyat borcu, cəmi 575,62 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayına qədər cavandeh 74,20 manat məbləğində ödəniş etmişdir. Bundan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 501,42 manat borcu (debitor borcu) qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin Saldo və Gazrep üzrə ümumi 9323,94 manat təşkil edir. İddiaçı İB-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən xx.xx.2023-cü il tarixi aktın nömrəsi səhvən ******* kimi göstərilmişdir, əslində qeyd edilən aktın nömrəsi ******* olmuşdur. Məhkəmə ərizəni və qeyd olunan aktı nəzərdən keçirərək hesab edir ki, həmin aktın nömrəsində müəyyən olunan səhv texniki səhv kimi qəbul edilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını təhqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2022ci il tarixli AKX-04145xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqaviləüzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Müqavilədə abonent tərəfindən 4 gözlü qaz plitələri (PQ-4) kimi qaz qurğusundan istifadə edilməsi qeyd edilmişdir. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********21260 №-li abonent kodu verilmiş və ünvan 2 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş, həmin akt üzrə itirilmiş qazın miqdarı və dəymiş zərər aşağıdakı qaydada hesablanmışdır: 1.2x.24x360=10368 m3 3x.24x360=25920 m3 2x1.4x24x360=24192 m3 1.5x24x360=12960 m3 Cəmi 73440 m3 Dəymiş zərər 8822,52 Hazırda iddiaçı cavabdehdən 8822,52 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 501,42 manat və 113,24 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 9437,18 manat pulun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia xx.xx.2023-cü il tarixli ******* saylı akt hissəsində qismən təmin edilməlidir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən yuxarida qeyd olunan akt tərtib edilərkən cavabdeh tərəfindən qızdırıcı qurğu kimi QSSQ, dəmir və iran sobalarından istifadə etməsinə görə sərfiyyat hesablansa da, iddiaçının nümayəndəsi cavabdehin həmin qızdırıcı qurğulardan istifadə etməsi barədə məhkəməyə hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunan tərəflər arasında bağlanmiş müqavilədə isə cavabdehin yalnız 4 gözlü qaz plitələri (PQ-4) kimi qaz qurğusundan istifadə edilməsi qeyd edilmişdir. Bu əsasdan da məhkəmə iddiaçı tərəfindən akt tərtib edilərkən cavabdeh tərəfindən qızdırıcı qurğu kimi QSSQ, dəmir və iran sobalarından istifadə etməsinə görə sərfiyyatın hesablanmasını əsassız hesab edir. Eyni zamanda iddiaçı itirilmiş qazın miqdarını hesablayarkən orta günlük iş rejimini 24 saat qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparmışdir. Məhkəmə iddiaçı tərəfindən orta günlük iş rejiminin 24 saat qəbul edilməsini həddində artıq yüksək hesab edir və belə qənaətə gəlir ki, orta günlük iş rejimi 8 saat qəbul edilməlidir. Belə ki, cavabdeh tərəfindən 4 gözlü qaz plitəsi (PQ-4) kimi qaz qurğusundan hər gün 24 saat istifadə etməsi həqiqəti əks etdirmir. Bundan başqa iddiçı xx.xx.2023-cü il tarixli ******* saylı aktda hesabat müddəti 30 gün qəbul edilməli olduğu halda, hesabat müddəti düzgün olmayaraq 360 gün qəbul edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, əslində akt üzrə itirilmiş qazın miqdarı aşağıdakı qaydada hesablanmalı idi. 1.2x.8x30=288 m3 Məhkəmə hesab edir ki, iddia xx.xx.2023-cü il tarixli ******* saylı akt hissəsində qismən təmin edilməli, Cavabdeh 28,8 manat İddiaçı İB-nin xeyrinə tutulmalıdır. İddianın debitor borcun tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia tam təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş abonentin saldosundan və cavabdehin İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinə ünvanladığı ərizəsindən müəyyən olunur ki, cavabdehin faktiki istifadə edilmiş qaz sərfiyyatı üzrə 501,42 manat debutor borcu mövcuddur. Odurki, həmin məbləğdə tutulmalıdır. Beləliklə, iddia 530.22 manat (28,8+501,42=530,22) hissədə təmin, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 28.8 manat məbləğində zərər, 501,42 manat təbii qazdan istifadə nəticəsində yaranmış borc, 113,24 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı İB-nın (İBAN: AZ50İBAZ********************, SWİFT İBAZAZ2X, alan bankın müxbir hesabı: AZ03NABZ********************, alan bankın kodu: 805153, Bankın VÖEN: **********, müştəri VÖEN: **********) bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar