Məhkəmə qərarları › İş №e-2(008)-2775/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2775/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2775/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Saleh-zadə Ümman Tofiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.000 manat pulun alınaraq ona qaytarılmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə 1 ay müddətinə 16.000 manat məbləğində borc pul vermişdir. Borc pulu ona verərkən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 50 saylı notariat ofisində borc müqaviləsi bağlamışlar. Cavabdeh ona verdiyi borc pulu borc müqaviləsinin 2-ci bəndinə əsasən xx.xx.2023-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh öz öhdəliyini pozaraq aldığı borc pulu qaytarmamışdır, hazırda da dəfələrlə tələb etməyinə baxmayaraq o, borc pulu qaytarmır. Ona görə də cavabdehin ondan borc olaraq aldığı 16.000 manat pulu məhkəmə qaydasında tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə müraciət edərək səhətində problem olduğunu, məhkəmə iclasını növbəti aya təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə kemirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, götürülmüş pul məbləği İddiaçı geri qaytardığını bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağalnmış xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı 16000 manat məbləğində pul vəsaitini Cavabdeh borc vermişdir. Borcalan borcu xx.xx.2023-cü il tarixinədək Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk öncə onu qeyd etməyi zərurui hesab edir ki, iddiaçı tərəfindəın məhkəməyə təqdim edilən notarial qaydada təsdiq edilmiş borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 16000 manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixinədək müddətinə qaytarmaq şərti almışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borc pulun geri qaytarılmadığını bildirmiş, cavabdeh isə borcu iddiaçıya geri qayatmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğundan 16000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 138 (bir yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar