Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2784/2025 31.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 140000 manat əsas borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018ci il tarixində borcun etirafı barədə müqavilə bağlanmışdır. Müqavilənin 1.1. bəndindinə qeyd edilir ki, “Mən İddiaçı bildirirəm ki, xx.xx.2015-ci il tarixində Cavabdeh 98.000 ABŞ dolları məbləğində borc pul vermişəm. Mən Cavabdeh xx.xx.2015-ci il tarixində İddiaçı 98000 ABŞ dolları məbləğində borc pul aldığımı etiraf edirəm.” Müqavilənin 2-ci bəndində qeyd edilir ki, “Mən Cavabdeh bu müqavilədə göstərilən məbləği, yəni 98000 ABŞ dolları borc pulu 30 dekabr 2018-ci il tarinədək qaytarmağı öhdəmə götürürəm” 4. Cavabdeh qeyd edilən borc məbləğindən indiyə kimi müxtəlif tarixlərdə hissə-hissə 26000 manat pul qaytarmışdır. Belə ki, cavabdehin vatsap proqramı vasitəsi ilə 2021-ci ilin oktyabr və noyabr aylarında göndərdiyi səsyazıları bu faktı təsdiq edir və borcunu etiraf edir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, Bakı Hərbi Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsi üçün müdafiəçi təyin edildiyindən hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, qeyd edilənləri nəzərə alıb iclasın münasib vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, 2011-ci ildə böyük şirkəti olmuşdur. İddiaçı ilə söhbəti zamanı müəyyən qədər bankdan, dost-tanışdan da pul götürdüyünü, Türkiyədən də mal sifariş etdiyini bildirmişdir. Bir neçə il Türkiyə Respublikasında yaşamış, xəstələnmiş, orada xəstəxanalarda müalicə almışdır. İndi hard diski də axtarır, bəzi məlumatlar Türkiyədədir. Həmin hard diskdə də Rəşadətdən 166000 manat götürdüyünun sübutu vardır. Dostlar arasında faiz söhbətinin olduğunu demək istəməsə də, amma Rəşadət özü dediyi kimi ona 1.5 faizlə pul vermişdi. 2015-ci ilin fevralın 21-də ilk devalvasiya oldu, 0.78 manat olan dolların məzənnəsi avtomatik şəkildə qalxaraq 1.05 manat oldu. 2018-ci ildə müqaviləni təzələyəndə qeyd etdikləri məbləğ 98000 dollar, manatla isə 100000-105000 manatdır. Onlar borcu 1.05 manatla hesabladılar. O, 2015-ci ildən sonra hər ay ödəniş etməklə cəmi 30423 manat pul ödəmişdir. Onun mühasibi hər dəfə qeyd edirdi, çox vaxt da iddiaçının oğlu gəlib 5000 manat, 10000 manat və s. pulu götürürdü. 98000 dollar olan borcu 1.05-ə vurulmuş, telefonda məlumat kimi qeyd edilmişdir ki, 102900 manat borcu qalmışdır. Hər ay müəyyən qədər ödənişlər edirdi, 2019-cu ilin oktyabrın 25-dək, yəni Türkiyəyə gedənədək onun 90000 manat borcu qalırdı. Sonra həmin vaxt Türkiyəyə gedib orada müəyyən işlərdə işləmişdir. 2019-cu ilin noyabrında özü Rəşadətə zəng vurmuşdur ki, 1000 manat pulu dükanından götürsün. Pandemiya vaxtı, ümumiyyətlə, heç yer işləməmişdir. 2022-ci ildə iddiaçıya təxminən 10000 manata yaxın pul qaytarmışdır. Bu neçə il ərzində 30423 manat vermişdir. İddiaçıya 2022-ci il və 2023-cü ildə normal pul ödəyə bilmiş, ancaq 2024cü ildə də ödəmişdir. 2024-cü ilin 7 iyununda Azərbaycana qayıtmışdır. Cəmi 13 gün Azərbaycanda olanda Rəşadətlə əlaqə saxlaya bilməmiş, qalan vaxtlar həmişə əlaqədə olmuşlar. 2024-cü ilin iyun ayında qızının nişanından sonra iddiaçı ilə yeni bir iş başlamaq istəyirdi, həmin iş bir az uğurlu olmuşdur. İddiaçı ilə söhbəti əsnasında həmin vaxt iddiaçı onu evdən narahat etdiklərini demiş və özü ilə imzalaması üçün sənəd gətirmişdi. Devalvasiyadan sonra faiz söhbəti olmadı, çünki onsuz da batmış insan idi. 2024-cü ilin iyulun 24-də Bakıya gələndə Rəşadətə inşaatla əlaqədar bir iş olduğunu demiş və ona kömək etməsini istəmişdir. İddiaçı ikinci dəfə qohumlara göstərmək üçün yenə sənəd gətirdi, ora da baxıb hesablayanda onun hesabıyla, 72477 manat borcu çıxdı. Rəşadət isə ona 80000 manat verməli olduğunu dedi, o da ödəyə bilməyəcəyini və o vaxt hesablamanı 1.05-lə aparmalı olduqlarını bildirmişdir. İddiaçı həmin sənəddə 80000 manatı 2024-cü ilin dekabrın 31-dək ödəməyi yazdı, o da orda 80000 manatı 2025-ci ilin dekabr ayınadək ödəməyi boynuna götürmüşdür. O, sentyabr ayında işinin başına döndüyünü, Rəşadətə aylıq ödənişlər edəcəyini yazmışdır, ondan cavab gəlmədi. Ona sentyabrın 29-da mesaj gələndə 80000 manata imza çəkdiyini vəkilinə, ətrafındakılara da göstərmişdir. Amma maraqlıdır ki, Rəşadət onun imza çəkdiyi sənədi saxlamayıb, 3 sənədindən birini saxlayıb. Aylıq bir qrafikə salınsa ödəyə bilər. O pulu götürüb özünə xərcləməmiş, onu aldadıblar, tenderlərdə uduzmuşdur. Pulu Rəşadətdən manatla almış, manatla faizi vermişdir. Onların ilk müqaviləsi 2015-ci ildə olub, bəlkə, bu müqavilə onda yoxdur, özünün isə telefonundadır. Onların axırıncı “Avesta”-da bağladığı müqavilədə 30423 manat pul verildiyi yazılmışdı, bu sənəd hazırda onun telefonunda var. Bu gün onun hesabla təxminən 73700 manat, yəni 74000 manata yaxın borcu qalmışdır. 74000 manat borcu olduğunu etiraf edir. İddiaçıya bu qədər borcu qaldığını özü də demişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək hazırda İddiaçı 77000 manat borcunun olduğunu və iddia tələbinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 2011-2012-ci illərdə tərəflər arasında biznes layihəsilə bağlı münasibətlər yaranıb, pul yatırıb, həmin pulun da məbləği, əslində, 140 min olub. Amma sonradan qalxıb 166 min olub. 2015-ci ildə isə tərəflər arasında münasibətlər Mais müəllimin şirkətinin batması və digər faktlarla bağlı pozulub və iddiaçı pulun qohumlarından alındığını deyib və formal olsa da, müqavilə bağlamalarını istəyib. Rəşadət pulun qalxdığını deyib cavabdehin borcu dollarla qeyd etməsini istəyib. Əslində, əvvəlki iclasda iddiaçı özü də bəzi məqamları etiraf etdi. Cavabdeh özü də ödəməyə hazırdı. İddiaçıya əvvəlcə təklif olunmuşdur ki, borc 77000 manat olsun və ilkin olaraq ona 7000 manat və qalan məbləği aylıq olaraq ödənilsin. Odur ki, iddia tələbəbinin qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlə yaxın münasibətləri olmuşdur. Mais onun evdə çoxlu pulu olduğunu və evdə saxlamaqdansa, ona verməsini təklif etdi və o da, Maisə 160.000 manatdan çox pul vermişdir. Ona pulu manatla və 1.5 faizlə vermişdir. Mais ona demişdir ki, pulu dövlətdən 4 faizlə alır, elə 1 yarımla faizə ona versin. 2014-cü ilədək 166.000 manata yaxın pul vermişdir. Devalvasiyadan sonra da münasibətləri yaxşı idi, ona dəfələrlə demişdi ki, orada tək onun pulu yoxdur, yaxınlarının da pulları var. Ona ortaq məxrəcə gəlməyi təklif etdi ki, ödəmək qabiliyyəti olsun. Devalvasiyadan sonra təxminən 115000 dollar idi, dedi ki, 107 min dollar olsun, vizitkanın da üstünə o rəqəmi yazmışdı. 2018-ci ilədək az-az ödəmişdir, cəmi məbləğ 98000 dollar qalmışdı. Maisin Türkiyəyə getmək istədiyini bilmiş və ona çətinlik yaşamaq istəmədiyini demiş və ona müqavilə bağlamağını təklif etmişdir ki, qohumlarına pulun onluq olduğunu deyə bilsin. Gedib notariusda 98000 dollarlıq borc müqaviləsi bağlamışlar. Devalvasiyadan sonra hər şey dollarla qiymətləndirilirdi, manata etibar yox idi deyə Maisə manatla borc versə də, notariusda pulu dollarla qeyd etmişlər. Keçən ilə qədər Mais ona 26000 manat pul ödəmişdir. Mais ümumiyyətlə 10 il müddətində 26000 manat pul qaytarmışdır. İndi manatla ona borcu 140000 manat qalıb. Maisə çox təkliflər etmişdir. Arada əlaqə saxlayırdılar, Türkiyədən gələndən sonra onunla əlaqə saxlaya bilməmişdir. İş adamı olduğu üçün pulu iş görmək adı ilə istəmişdi. Onun VÖEN-i yoxdur. 2018-ci ildə 166000 manat borcu olub, 2018-ci ildən sonra 26700 manat pul qaytarmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 435 manat dövlət rüsumu ödəmişdir. - İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 3M-317 nömrəsi ilə reyestrdə təsdiq edilmiş borcun etirafı haqqında müqavilədən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh 98000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh xx.xx.2015-ci il tarixdə İddiaçı 98000 ABŞ dolları məbləğində borc pul aldığını etiraf etmişdir. Cavabdeh bu müqavilədə göstərilən məbləği, yəni 98000 ABŞ dolları borc pulu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. - İş materiallarında olan xx.xx.2023-cü il tarixli tərəflər arasındakı vatsap yazışmasına əsasən Mais 2018-ci ildə 9000 manat, 2019-cu ildə 7000 manat, 2020-ci ildə 2360 manat, 2021-ci ildə 1872 manat, 2022-ci ildə 5780 manat, 2023-cü ildə 765 manat, ümumilikdə 26.777 manat pul qaytarmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı şifahi razılaşma olmuş, iddiaçı tərəfindən cavabdehə borc pul verilmiş, 2015-ci ilin fevralında devalvasiya (manatın dollara olan rəsmi məzənnəsi kəskin ucuzlaşaraq 0,78-dən 1,05-ə düşür) baş vermiş, xx.xx.2015-ci ilədək hissə-hissə cavabdehə 166000 manat məbləğində pul 1.5 faizlə verilmişdir. 2015-ci ilin dekabrında növbəti devalvasiya baş verir. Cavabdeh müəyyən qədər ödənişlər etmiş, qalan borcun etiraf edilməsi barədə xx.xx.2018-ci il tarixdə tərəflər arasında formal olaraq müqavilə bağlanmış və cavabdeh 98000 ABŞ dolları pulu (98000*1.05 məzənnəsi ilə=102.900 manat) iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin puldan iddia ərizəsi məhkəməyə təqdim edilənədək iddiaçının etirafı və iş materiallarında olan xx.xx.2023-cü il tarixli vatsap yazışmasına əsasən 26.777 manat pul qaytarmışdır. Bunlar işin mübahisəsiz hallarıdır. Cavabdeh iddiaçıya hazıradək 30423 manat məbləğində pulu qaytardığını söyləsə də, məhkəməyə bunu təsdiq edən sübut təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı məhkəmə araşdırması zamanı 26777 manat ödəniş edildiyini, cavabdeh isə hazırda 77000 manat borcu qaldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.10. Gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 mart tarixli Qərarında göstərilmişdir ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmin Qərarda göstərilmişdir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Həmin Qərarda göstərilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 iyun 2025-ci il tarixli Qərarında göstərilmişdir ki, “Üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq” dedikdə isə yalan əqd tərəflərinin üçüncü şəxslərdə sanki görüntüdə göstərilən əqdin bağlandığı təəssüratını yaratmağa istiqamətlənmiş hüquqazidd davranışı başa düşülür. O da xüsusilə qeyd edilməlidir ki, üçüncü şəxslərin dairəsi konkret şəxslərlə məhdudlaşmayaraq buraya yalan əqdi təsdiqləyən notariusun da aid edilməsi istisna edilməməlidir. Belə ki, görüntüdə bağlanan əqd və ya pərdələyən əqd tərəflərin bütövlükdə istənilən cəmiyyət üzvündə həmin əqdin bağlanmasına dair yanlış təəssürat yaratmaq məqsədi ilə bağlanır və bu müxtəlif səbəblərdən (məsələn, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulan notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqlardan yayınma, qarşı tərəfin razılaşma şərtlərinə, işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan inam və s.) irəli gələ bilər. Yalan əqd halında ümumilikdə hüquq sisteminə zidd davranış olaraq həqiqi iradənin gizli tutulub görünüş üçün əqdin bağlanması çıxış edir ki, bu da publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Bu səbəbdən yalan əqdin əhəmiyyətsiz əqd olaraq qanunvericiliklə etibarsız əqdlər üçün müəyyən edilmiş nəticələrdən başqa hər hansı hüquqi nəticələr yaratması Mülki Məcəllə ilə qadağan edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlarında da qeyd edilmişdir ki, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqazidd bir hərəkətdir. Görüntüdə bağlanan əqdin yalan əqd hesab edildiyi halda məhkəmənin öz təşəbbüsü ilə pərdələnən əqddən irəli gələn qaydaları tətbiq etməsinin mümkünlüyü ilə bağlı göstərilməlidir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, qanunverici görüntü üçün bağlanan müqavilə tərəflərinin həqiqi iradə ifadəsi olan digər bir müqaviləni pərdələdiyi halda (yalan əqd halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkün hesab etmişdir. Həqiqi niyyət, əsl iradə ifadəsi isə müqavilənin bağlanmasına əsas olmuş şərait və motivin, müqaviləyə qədərki danışıqların, tərəflər arasındakı gerçək münasibətlərin araşdırılması əsasında təsbit edilə bilər. Mülki Məcəllənin 329.1-ci maddəsində təsbit edilmişdir ki, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdin forması ilə bağlı tələbə isə müqavilənin bütün mühüm şərtlərinin məhz qanunvericiliklə müəyyən edilmiş formada razılaşdırılması halında riayət edilmiş olur. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılan şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və notariat ofisində xx.xx.2018-ci il tarixdə 3M-317 nömrəsi ilə reyestrdə təsdiq edilmiş borcun etirafı haqqında müqavilə yalan əqd olmaqla subyektlərin həqiqi iradə ifadələrini əks etdirmir və bu səbəbdən əhəmiyyətsizdir. Belə ki, tərəflər arasındakı borc münasibətlərindən yaranan pul öhdəliyinin icrası şifahi qaydada manat və faiz ilə razılaşdırılmış və həyata keçirilmiş olsa da, sözügedən müqavilədə faiz qeyd olunmamış, borcun valyutası isə dollarla göstərilmişdir və müqavilənin predmetinə dair faiz və valyuta ilə bağlı şərtlərdə uyğunsuzluqlar vardır. İddiaçının da iddia ərizəsində sözügedən müqavilədə dollarla göstərilməsinə baxmayaraq, hazırda borc verdiyi pulu manatla tələb etməsi həmin əqdin tərəflərin həqiqi niyyətini əks etdirməməsini bir daha sübut etmiş olur. Mülki qanunvericiliyə əsasən tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verildiyindən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsız sayıldığından, bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalı olduğundan, hazırkı iş üzrə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğundan, borc müqaviləsi yazılı formada bağlanılmalı olduğundan, borc müqaviləsinin yazılı formasına riayət olunmadığından tərəflər arasındakı münasibətlər etibarsız əqdə əsaslanmış və cavabdeh iddiaçının verdiyi pul vəsaiti hesabına əsassız varlanmışdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2018-ci il tarixdə tərəflər arasında formal olaraq müqavilə bağlanarkən cavabdehin iddiaçıya qaytarmağı öhdəsinə götürdüyü qalan borc məbləği təxmini 102900 manat təşkil etmişdir (98000 ABŞ dolları*2015-ci ilin 1.05 məzənnəsi ilə=102.900 manat). Cavabdeh həmin puldan iddia ərizəsi məhkəməyə təqdim edilənədək iddiaçının etirafı və iş materiallarında olan xx.xx.2023-cü il tarixli vatsap yazışmasına əsasən 26.777 manat pul qaytarmışdır. İddiaçı məhkəmə araşdırması zamanı 26777 manat ödəniş edildiyini, cavabdeh isə hazırda 77000 manat (102900- 26777=76.123≈77000 manat) borcu qaldığını etiraf etmişdir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 77.000 (yetmiş yeddi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 77.000 (yetmiş yeddi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, artıq ödənilmiş 5 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 77.000 (yetmiş yeddi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Artıq ödənilmiş 5 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-2784/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2784/2025
31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver