Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2789/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qaşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2470 (iki min dörd yüz yetmiş manat, otuz altı qəpik) manat pulun və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş və "X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə “inventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3037 (üç min otuz yeddi) manat 47 (qırx yeddi) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2470 (iki min dörd yüz yetmiş) manat 36 (otuz altı) qəpik borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2470 (iki min dörd yüz yetmiş) manat 36 (otuz altı) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh X1 həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X4 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o işdən çıxan zaman ona son 5 günün əmək haqqısı vurulmuşdur. Əgər onun tərəfindən ziyan vurulmuşdursa nədən ona son əmək haqqısı verilmişdir. Onun tərəfindən ziyan vurulması ona bildirilməmişdir. İddia tələbi qəbul etmədiyindən iddia tələbinin rədd edilməsini məhkəmədən ahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arsında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh OBA Market MMC-də satış şöbəsinə satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli, 442 nömrəli əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdədən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Oba Market MMC-nin xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən Cəmiyyətin Satış Departamentinin Satış 6 şöbəsində adminstrator vəzifəsinə keçirilmişdir. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli, 192 nömrəli əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdədən etibarən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində adminstrator vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli X4 haqqında müqavilədən görünür ki, Cavabdeh ona etibar edilən maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurulmamalıdır və ziyankarlığı qarşı mübarizə aparmalıdır və sair öhdəliklər götürmüşdür. xx.xx.2023-cü il tarixli Cavabdeh OBA Market MMC-y ünvanladığı ərizəsindən görünür ki, o onunla OBA Market MMC arasında bağlanılmışxx.xx.2023-cü il tarixdən onun əmək müqaviləsinə xitam verilməsi üçün xahiş etmişdir. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 130x nömrəli əmrindən Çıxarışdan görünür ki, Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. OBA Market MMC-nin xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, Cavabdeh adminstrator olduğu mağazada daimi fəaliyyətdə olan inventerizasiya komissiya tərəfindən növbədənkənar yoxlnılma aparılamsı əmr edilmişdir. xx.xx.2023-cü il tarixli 1391 nömrəli İnentarizasiya siyahısından görünür ki, Cavabdeh adminstrator olduğu mağazada aparılmış yoxlama nəticəsində 3037.47 manat məbləğində əksik müəyyən edilmişdir. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, Cavabdeh Rüstəm qızı ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023cü il tarixində 3037.47 (üç min otuz yeddi manat, qırx yeddi qəpik) manat çatışmazlıq müəyyən edilmişdir. çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövürdə satış dövrüyəsini qarşıladığı üçün müvafiq gözəştlər tətbiq edilməklə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2470 manat borc qalmış olduğu müəyyən edilmişdir. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 210 nömrəli Əmrindən görünür ki, İddiaçı MMC-ninn mağazalarında keçirilən invertarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrinin”Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh Rüstəm qızından tələb olunması əmr edilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192 (2-ci hissə). Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 203 (1-ci hissə). İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Maddə 203 (2-ci hissə). Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında aşağıdakılar qərara alınmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda aşağıdakı hüquqi mövqeyi ifadə etmişdir: "Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün suiistifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir.... Qeyd edilməlidir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilir. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi). Xüsusilə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.8-ci hissəsinə görə, müqavilədə bu Məcəllənin 10, 77, 112, 179 və 186-cı maddələrində göstərilən məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda, belə müqavilə (münasibətlər) mülki hüquqi müqavilə qaydasında rəsmiləşdirilə bilməz. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən isə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Əmək Məcəlləsinin "İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti" adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda X4ə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və X4 (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub, işəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin "b" və "c" bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir ("Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 2011-ci il 15 iyul tarixli Qərar). Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Belə ki, Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin OBA Market MMC-də administrator işlədiyi dövürdə ona təhvil verilmiş malların əksikliyinə görə yaranmış borcun cavabdehdən tutulmasını xahiş etmiş və iddiaçı yeganə sübut kimi yalnız cavabdehin həmin mağazada administrator vəzifəsində işləməsini və onlar arasında cavabdehə təhvil verilmiş malların salatamlığı ilə bağlı tam maddi məsulliyyətə dair müqavilə bağlanmış olduğunu irəli sürsədə, iddiaçı həmin malların əksikliyində cavabdehin təqsir olduğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbinin əsaslı olmasının mühüm elemtlərindən biri olan işçinin yəni cavabdehin təqsirinin olmasını sübut edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə həmçinin iddia tələbinin 60 manat dövlət rüsumunun Cavabdeh tutulmasına dair iddia tələbini də araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qaşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiat tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2789/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2789/2025
29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver