Məhkəmə qərarları › İş №e-2(008)-2845/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2845/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2845/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 3097,15 manat əsas, 95,06 manat faiz borcu, cəmi 3192,21 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 51,93 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 106804-854802/2 №-li kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 31 ay müddətinə illik 25% dərəcəsi ilə 3727 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. 4 saylı Bakı «ASAN xidmət» Mərkəzində Notariat Ofisində Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrə əsasən cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94. Ev 1/3 ünvanında yerləşən 17 №-li mənzilə və Opel Vectra markalı 90RV280 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tam hissədə pay ayrılmışdır. xx.xx.2024-cü il tarixə iddiaçıya 3097,15 manat əsas, 95,06 manat faiz borcu, cəmi 3192,21 manat borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarını Banka ödənilməsini öhdəsinə götürür. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvalayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçınin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etdi ki, yoldaşı öləndən sonra oğlu Banka gedib atasının ölümü barədə məlumat vermiş və onun götürdüyü kreditin necə həll olunacağını soruşmuş, Bankda kredit müqaviləsinə xitam veriləcəyi bildirilmiş, bu səbəbdən neçə il ərzində ödənişləri etməmişdir. Yoldaşının kreditini onun sağlığında da oğlu ödəyirdi, yəni Bankda bildirilsəydi ki, kredit münasibətləri davam edir, oğlu ayba-ay krediti ödəməyə davam edəcəydi. Vərəsəlik işi 2021-ci ildə həll olunmuşdur və üç il keçəndən sonra Bank tərəfindən bütün məbləğəin birdəfəyə istənilməsi onu çox çətin vəziyyətə salır. Yoldaşının kreditini ödəmək istəyir, lakin yeni qrafikin tərtib edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, yuxarıda sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə X3 arasında xx.xx.2020-ci il tarixli 106804-854802/2 №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona illik 60 ay müddətinə illik 25% dərəcəsi ilə 3727 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. 4 saylı Bakı «ASAN xidmət» Mərkəzində Notariat Ofisində Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrə əsasən cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, Ev 1/3 ünvanında yerləşən 17 №-li mənzilə və Opel Vectra markalı 90RV280 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tam hissədə pay ayrılmışdır. İş materiallarında olan İddiaçıASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə yaranmış əsas borcu 3097,15 manat, 95,06 manat faiz borcu , cəmi 3192,21 manat borc təşkil edir. Hazırda iddiaçı cavabdehdən 3192,21 manat məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. Təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixədək aylıq ödəniş tam şəkildə edilmiş, həmin tarixə X2 ödənilməmiş borcu qalmamışdır. İş materiallarında olan bildirişdən görünür ki, İddiaçıASC tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1243.1-ci maddəsinə əsasən virası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh mirası qəbul etdiyindən borcu da ödəməlidir. Lakin, qeyd edildiyi kimi, X2 öldüyü günə ödənilməmiş borcu qalmamış, tələb edilən faiz borcu isə onun ölümündən sonra hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin, faizin tutulması hissəsində rədd edilməlidir. Kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 3097,15 manat əsas borc tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçıASC-nin xeyrinə 3097,15 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 50,97 manat məbləğində vəsait tutulmalı, 0,96 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçıASC-nin xeyrinə 3097,15 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 50,97 manat məbləğində vəsait tutulsun. İddia qalan hissədə rədd edilsin. 0,96 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar