Məhkəmə qərarları › İş №e-2(008)-2857/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2857/2024

14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2857/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, X1 tərtib olunmuş akt üzrə 5702.40 (beş min yeddi yüz iki manat, qırx qəpik) manat, təbii qazdan istifadəyə görə 451.50 (dörd yüz əlli bir manat, əlli qəpik) manat və 81.94 (səksən bir manat, doxsan dörd qəpik) manat dövlət rüsumunun əvəzi, cəmi 6235.84 (altı min iki yüz otuz beş manat, səksən dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesab: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştəri VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2019cu il tarixli AKX- 01075xx/xx-2019 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus evə təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 1555.20 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 4147.20 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 5702.40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 451.50 manat borcu qalmışdır. Cavabdehin iddiaçıya ümumilikdə 6153.90 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etmiş, dəymiş ziyan 34560 m3 hesablanmışdır. Dəymiş ziyanın bərpasına 28 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4 x 24 x 360=34560 m3 hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında qeyd edilən akt əsasında hesablanmış ziyan məbləğini qanuni hesab etməyərək, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat deyil, 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı, 4 x 12 x 360 x 0.12 = 2073,60 manat zərər məbləğini qanuni və əsaslı hesab edir. Abonent saldosundan da göründüyü kimi cavabdehin 2022-ci il üzrə qazdan istifadə ilə bağlı ödəniş etmədiyindən hesabat müddəti 360 gün qəbul edilməlidir. xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, abonent təbii qazdan qeyri-qanuni olaraq sayğacdan kənar istifadə etmiş, dəymiş ziyan 12960 m3 hesablanmışdır. Dəymiş ziyanın bərpasına 19 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, G-6 markalı qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6 x 24 x 90=12960 m3 hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında qeyd edilən akt əsasında hesablanmış ziyan məbləğini qanuni hesab etməyərək, qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat deyil, 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı, 6 x 12 x 90 x 0.12 = 777,60 manat zərər qəbul edilməlidir. Məhkəmə araşdırması nəticəsində 19 fevral 2022-ci il və 28 fevral 2023-cü il tarixli aktlar üzrə cavabdeh tərəfindən 2851,20 (iki min səkkiz yüz əlli bir manat, iyirmi qəpik) manat İddiaçı İB-nə ziyan vurulması müəyyən edilir. Həmçinin cavabdehin 451,50 (dörd yüz əlli bir manat, əlli qəpik) manat debitor borcunun olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliklə, iddia tələbi qismən təmin edilməli Cavabdeh dəymiş ziyan olaraq 2851,20 (iki min səkkiz yüz əlli bir manat, iyirmi qəpik) manat, 451,50 (dörd yüz əlli bir manat, əlli qəpik) debitor borc, cəmi 3302,70 (üç min üç yüz iki manat, yetmiş qəpik) borc və 53 (əlli üç) manat dövlət rüsumu, İddiaçı İB-nin xeyrinə tutularaq, İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyan olaraq 2851,20 (iki min səkkiz yüz əlli bir manat, iyirmi qəpik) manat, 451,50 (dörd yüz əlli bir manat, əlli qəpik) debitor borc, cəmi 3302,70 (üç min üç yüz iki manat, yetmiş qəpik) borc və 53 (əlli üç) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar