Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2862/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı İB-nin vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib olunmuş akt üzrə 4217.61 (dörd min iki yüz on yeddi manat altmış bir qəpik) manat, təbii qazdan istifadəyə görə 75.16 (yetmiş beş manat on altı qəpik) manat və 63.33 (altmış üç manat otuz üç qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4356.1 (dörd min üç yüz əlli altı manat on qəpik) manat məbləğində pul tutularaq İddiaçı (Alan müştərinin adı: X1, İBAN: AZ50İBAZ********************, Alan bank: Azerigaz şöbəsi, SWİFT: İBAZAZ2X, Müxbir hesa AZ03NABZ********************, Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştərinin VÖEN: **********) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AKX-04803xx/xx-2022 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus evə təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Həmçinin, həmin tarixdə ünvanın istehlakçısı Balaqardaş Əliyevin adından dəyişdirilərək Cavabdeh adına keçirilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yanmbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə 2017-ci ilin yanvar ayının aktına əsasən 273.6 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 853.2 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2073.6 manat İddiaçı İBnə zərər dəymişdir. Bundan əlavə, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğaca müdaxilə etməsi halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə G-4 markalı 1602AZ**********62 nömrəli qaz sayğacı Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmışdır. Bu barədə MSK-29/1710-04009/1 saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 1036.8 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4237.2 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda 4217.61 manat vardır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 75.16 manat borcu qalmışdır. Cavabdehin ümumilikdə iddiaçıya 2023-cü ilin aprel ayınadək 4292.77 manat borcu vardır. Bundan başqa cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək 1108.2 manat borcu olduğunu, maddi vəziyyəti ilə əlaqədar müəyyən müddətə hissəhissə ödəyəcəyini bildirmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək qeyri-qanuni olaraq təbii qazdan istifadə etmədiyini, aktlar üzrə borcu qəbul etmədiyini, sərfiyyat borcunun tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX -04803xx/xx-2022 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Abonent saldosundan görünür ki, **********00000 abonent koduna 2023-cü ilin mart ayının sonu üçün 4292.77 manat məbləğində borc hesablanmışdır. Qeyd edilmiş borcdan 77.64 manat olan hissəsi 2023-cü ilin mart ayının sonu üçün yaranmış sərfiyyat borcudur,sözügedən sərfiyyat borcdan cavabdeh tərəfindən 2.48 manat ödəniş edilmişdir. (77.64- 2.48=75.16) İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 29/1710-04009-1 nömrəli rəyə əsasən **********00000 nömrəli abonentə məxsus olan sayğacın çıxış plastmas borusu deşilmişdir. xx.xx.2022-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 8640 m3 olması hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-ci il tarixli aktın surətindən görünür ki, sayğacın sərfiyyatı qeyd etmir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, xx.xx.2023-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 17280 m3 olması hesablanmışdır. 0197046 nömrəli, xx.xx.2019-cu il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent təbii qazdan rezin boru vaistəsilə qeyri qanunu istifadə ettmişdir. xx.xx.2019-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli, xx.xx.2019-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 8532 m3 olması hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə ilk öncə iddia tələbinin 2017-ci ilin yanvar ayının aktına əsasən abonentə hesablanmış 273.6 manat borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki,sözü gedən akt mülki iş matriallarına əlavə olunmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən abonentə hesablanmış 2073.6 manat və 1036.80 manat cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, tələb bu hissələrdə əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlarda göstərilən sayğaclarda yaranmış nasazlıq cavabdehin təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə iddia tələbinin xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən cavabdehə yazılmış 853.2 manat borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında müəyyən edildi ki, Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurulmuşdur. Qeyd edilən halı nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə iddia tələbini 853.2 manat həcmində təmin edir. Lakin iddia ərizəsinin məzmunundanda məkum olur ki, cavabdeh tərəfindən akt üzrə yazılmış borclardan 19.59 manat olan hissəsi ödənmişdir. Belə olan haldaməhkəmə hesab edir ki, sözü gedən ödəniş əsaslı akt üzrə yazılmış borcdan çıxılmalı, 853.20-19.59=833.61 manat-yerdə qalan məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 75.16 manat sərfiyyat borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin borcun yaranma əsasları cavabdehə məxsusu saldo məlumatları ilə müəyyən edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 63.33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 30 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 833.61 (səkkiz yüz otuz üç manat, altmışbir qəpik) manat akt üzrə borc, 75.16 (yetmiş beş manat, on altı qəpik) manat debitor borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 833.61 (səkkiz yüz otuz üç manat, altmışbir qəpik) manat akt üzrə borc, 75.16 (yetmiş beş manat, on altı qəpik) manat debitor borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2862/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2862/2024
16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver