Məhkəmə qərarları › İş №e-2(008)-3025/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3025/2024

03.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3025/2024 03.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14500 manat məbləğində pulun və 134 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, özünə avtomobil almaq istəyirmiş, 2021-ci ilin oktyabr ayında tanışı Ramin Bədəlov kredit yollu ilə ona avtomobil almaqda köməklik edə biləcəyini bildirmiş və onu Vasif adlı şəxslə tanış etmişdir. Vasif iddiaçıya “Toyota Prius (Hibrid)” markalı avomobil sata biləcəyini, ilkin olaraq ondan 1500 manat alacağını sonra isə aylıq kreditə bölməklə 18000 manat dəyərində həmin avtomobilə iddiaçıya sata biləcəyini bildirmiş, iddiaçı da onunla razılaşmışdır. Video görüntü ilə iddiaçı ona 1500 manat pul vermişdir. Sonra onlar Nizami rayon ərazisində yerləşən 15 saylı Notariat ofisinə getmişlər, həmin avtomobilə dair tanışı Raminin adına etibarnamə verilmişdir. İddiaçıya isə guya maşının onun adına rəsmləşdirildiyini bildirən müqavilə vermişlər. Bundan sonra iddiaçı mütəmadi olaraq 2023-cü ilin oktyabr ayına qədər pul ödəmiş, ancaq bu müddət ərzində maşın iddiaçıya verilməmişdir. Artıq iddiaçı 2023-cü ilin oktyabr ayında maşını tələb edəndə ona bildirilmişdir ki, avtomobil cərimə meydançasına qoyulub. İddiaçı avtomobili götürmək üçün getdikdə isə ona bildirilmişdir ki, həmin avtomobili mülkiyyətçisi aparıb. Bundan sonra iddiaçı dəfələrlə Vasif adlı şəxsdən pulunu tələb etsə də, o, zənglərə cavab verməməyə başlamışdır. İddiaçı bu günə qədər Vasifə, onun xahişi ilə Müşfiq adlı şəxsin kart hesabına 14500 manat pul ödəmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinə aşağıdakı məzmunda etiraz yerləşdirmişdir. İddiaçının iddia tələbi tamamilə əsassız olduğu və tərəflər arasında hər hansı müqavilə olmadığından təmin edilə bilməz. İddiaçı iddia tələbində AR Mülki Məcəlləsinin 385 və 739-cu maddələrinə istinad etsə də, işin hallarından da açıq-aydın görünür ki, tərəflər arasında bu hüquq normaları ilə tənzimlənən heç bir mülki (müqavilə) öhdəlikləri olmamışdır. İddaçının təqdim etdiyi "İcarə Müqaviləsi" isə cavabdeh şəxslə bağlanmamışdır və cavabdehin hər hansı bir öhdəlikləri mövcud deyildir. İddiaçının bəhs etdiyi ödənişlərə münasibətdə isə bildiririk ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında olan yazışmalardan da görünür ki, iddiaçı özü cavabdehə bildirir ki, Ramin adlı şəxs Vasifə ödənişlər edir. Bu baxımdan da Raminlə Vasif arasında olan ödənişlərə münasibətdə isə iddiaçının ümumiyyətlə subyektiv hüququ mövcud deyildir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdilər ki, iddiaçı cavabdeh tərəfindən aldadılaraq məzmununu oxumadığı bir müqavilə imzalamış, sonradan həmin müqavilənin icarə müqaviləsi olduğunu bilmiş, cavabdeh onun hüquqi savadsızlığından istifadə edərək müqaviləni ona imzalatdırmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, “Toyota Prius (Hibrid)” markalı 99HF798 dövlət qeydiyyat nişanlı avomobilin mülkiyyətçisi X2 nəqliyyat vasitəsini idarə etmək məqsədilə: xx.xx.2020-ci il tarixdə 3 il müddətinə X10, xx.xx.2021-ci il tarixdə 4 ay müddətinə Cavabdeh etibarnamə vermişdir. Eyni zamanda iddiaçı məhkəməyə Cavabdeh və X7 adlarına göndərilmiş, müxtəlif ödənişləri təsdiq edən qəbzləri təqdim etmişdir (iddiaçının dediyinə görə 14440 manat məbləğində). Həmin qəbzlərdən ödənişlərin kimin tərəfindən edilməsi görünmür. Cavabdeh tərəfindən təqdim edilmiş votsap yazışmalırndan pulların cavabdehə bəzən iddiaçı, bəzən Ramin adlı şəxs tərəfindən edildiyi görünür. Eyni zamanda, iddiaçı standart formada tərtib edilmiş icarə müqaviləsi təqdim edilmişdir. Həmin müqavilənin standart formasına əsasən: icarəyə verən «A.V.Brabus» şirkəti avomobili 36 ay müddətinə gündəlik 25 manat məbləği ödəmək şərtilə icarəçinin istifadəsinə verir, təyin olunmuş müddət ərzində avtomobili icarəyə götürmüş şəxs tərəfindən gündəlik ödənişlər ardı kəsilməz şəkildə 36 ay ərzində ərzində ödənilərsə, həmin nəqliyyat vasitəsi avtomobil müddətin sonunda icarəyə götürən şəxsin adına keçirir və bundan sonra o, həmin nəqliyyat vasitəsi avtomobilin tam hüquqi sahibi adlanacaqdır, icarəyə götürən şəxs icarəyə verən «A.V.Brabus» şirkəti ilə qarşılıqlı razılaşma əsasında ilkin təyin edilmiş depozit məbləği alınacaq, icarəyə götürən şəxs istər müqavilə müddəti bitəndən sonra, istərsə də müddət bitməmiş qarşılıqlı razılıq əsasında avtomobili qaytarmaq və müqaviləyə xitam verməsi tələbi irəli sürərsə həmin depozit məbləği ona heç bir halda qaytarılmayacaq, avtomobili icarəyə götürən şəxs tərəfindən törədilmiş yol hərəkətləri qaydaları qanun pozuntusu AR DYP tərəfindən qeyd olunub cərimə olunarsa, icarəyə verənəni tələbi ilə müəyyən vaxt içində ödənilmərsə, avtomobil geri alınacaq və müqaviləyə xitam veriləcək. Həmin standart formada tərtib edilmiş müqaviləyə əlyazma ilə «icarəyə götürən»in X22, tarix xx.xx.2021, avtomobilin dövlət qeydiyyat nişanı 99HF798 (hazırki mübahisə predmeti olan avtomobil) əlavə edilmişdir. İdldiaçının dediyinə görə həmin müqavilə ona imzalanmaq üçün təqdim edilmiş, o, müqaviləni oxumadan «X22» adının qarşısında imzalamış, sonra həmin müqavilənin icarə müqaviləsi olduğunu bilmişdir. İddiaçı tərəfindən eyni zamanda Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı G.Zeynalov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli materialın ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərarı təqdim edilmişdir. Həmin qərardan aşağıdakılar görünür. xx.xx.2024-cü il tarixdə X11 (vəkil) DİN-nin 102 xidmətinə zəng edərək, 15 saylı notarial kontorunda 2021-ci ildə Cavabdeh İddiaçı “Toyota” markalı avtomobil satmaq adı ilə 12895 manat pulu ondan alması, lakin vədinə əməl etməməsi barədə məlumat vermişdir. X13 ərizə ilə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə özü üçün kredit yolu ilə avtomobil almaq istəmiş, əvvəlcədən tanıdığı X15 ilə bu barədə söhbət etmiş, Ramin ona tanışı Cavabdeh kredit yolu ilə avtomobil satdığını bildirmiş, Ramindən onu Vasif ilə tanış etməsini xahiş etmiş, Vasif ona “Toyota Prius” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili göstərmiş, həmin avtomobilin ilkin ödənişinin 1500 manat, 18 aylıq isə 750 manat kredit ödənişinin olduğunu demiş, söhbət zamanı Vasif onu Raminin vasitəsi ilə tanıdığı üçün ona satmaq istədiyi avtomobili sürmək üçün Raminə etibarnamə verəcəyini demiş ,o, da Ramini tanıdığı üçün Vasifin bu təklifi ilə razılaşmış, Vasif kredit pulunun sonunda avtmobilin onun adına baş etibarnamə verəcəyini bildirmiş, o, Vasifə 1500 manat Raminin yanında avtomobilin ilkin ödənişini etmiş, xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək X1 adına olan həmin avtomobili Cavabdeh ona satmaq üçün Vasifə ödədiyi ilkin ödənişdən əlavə, onun adına olan "xxxx" ASC-yə aid kartın son 8 rəqəmi : 10929200 nömrəli plastik bank kartına və X3 məxsus "xxxx" ASC-yə aid 4098 0944 2102 5493 nömrəli plastik bank kartına 12895 manat olmaqla, ümumilikdə Cavabdeh 14395 manat pul köçürmüşdür. Sonuncu dəfə isə Cavabdeh göstərişi ilə ona çatacaq pulu X8 məxsus "xxxx" ASC-yə aid 4098 0944 2102 5493 nömrəli plastik bank kartına köçürməyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən “Tura market”də qoyulmuş "xxxx" MMC-nin “Milliön” elektron ödəmə sistemindən istifadə edərək X6 məxsus "xxxx" ASÇ-yə aid 4098 0944 2102 5493 nömrəli plastik bank kartına 250 manat pul köçürmüşdür. Lakin, X12 ona heç bir avtomobil satmamış və ondan aldığı 14395 manat pulu geri qaytarmamışdır. Cavabdeh ona vurduğu 14395 manat pulun geri qaytarılmasına kömək etmək və Cavabdeh cinayət məsuliyyətinə cəlb etmək üçün aidiyyəti əməkdaşa göstəriş verilməsini xahiş etmişdir. Hazırda iddiaçı 14500 manatın cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdehin arasında hər-hansı bir müqavilə imzalanmamışdır, bu əsasdan məhkəmə hesab edir ki, hazırki iddianın əsasını əsassız varlanmaya dair müddəalar yaradır. Həmin Məcəllənin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin onun hesabına əsassız varlanmasına dair mötəbər sütular təqdim etməmişdir. Lakin, tərəflər arasında yaranmış qeyri-rəsmi münasibətlərdən müəyyən etmək olur ki, iddiaçı cavabdehə avtomobili 36 ay müddətinə gündəlik 25 manat məbləği ödəmək şərtilə istifadəsinə vermiş, həmin avtomobil müddətin sonunda iddiaçı avtomobili adına keçirib onun qanuni sahibi olacaqdı. Məhkəmə bu qənaətiə o əsasdan gəlmişdir ki, iddiaçı bu çür məzmunlu müqaviləni imzalamışdır, yəni iddiaçı həmin müqaviləni imzalamaqla öz iradə ifadəsini bildirmişdir. İddiaçı həmin müqaviləni aldadalıraq imzaladığına dair sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı 1500 manat ilkin ödəniş etmiş, 24 ay avtomobili öz istifadəsində saxlamış, 24 ay ərzində ödənişləri etmiş, avtomobil cərimələrə görə cərimə meydançasına yerləşdirilmiş, bundan sonra iddiaçı avtomobili götürmüş və bunula da onların aralarındakı qeyri-rəsmi münasibətlərə xitam verilmişdir. İddiaçı həmin münasibətlərin davam etməsini istəmir, qalan 12 ayın ödənişini edib avtomobili öz sahibliyinə keçirtmək istəmir. Məhkəmə hesab edir ki, iddiaçı 24 ay ərzində avtomobildən istifadə etdiyinə görə ödədiyi pulu cavabdehdən istəyə bilməz. Bundan başqa, həmin pulların hamısını da iddiaçı özü ödəməmiş, bir qismini adına etibarnamə verilmiş X15 etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda 134 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, həmin rüsum iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia rədd edilməli, ödənilmiş rüsum iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 134 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar