Məhkəmə qərarları › İş №e-2(008)-306/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-306/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-306/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.202 (üç min iki yüz iki) manat maddi ziyan, 100 (bir yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17.25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 52.02 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Chevrolet Nexia R3” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və onun barəsində İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə TP ******* №-li qərarla cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh təqsiri nəticəsində baş vermiş qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS” avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 3.202 (üç min iki yüz iki) manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də o, həmin vaxt avtomobili “RS” avtoservisdə 3.202 (üç min iki yüz iki) manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə aralarında bağlanmış 26 aprel 2022-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Həmçinin, qeyd edilməlidir ki, cavabdehin qanunazidd əməlləri nəticəsində hüquqi xidmət olaraq 100 (bir yüz) manat məbləğində vəkilə əlavə xərc çəkilmişdir ki, bu məbləğin də cavabdehdən alınaraq ona qaytarılması ədalətlidir. Məhkəməyə iddia ərizəsi verilərkən 52.02 (əlli iki manat 02 qəpik) manat dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ cavabdehdən tutulub ona verilməlidir. Onun tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17.25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ də cavabdehdən tutulmalı və ona qaytarılmalıdır. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərin icrasından müxtəlif üsullarla yayınaraq dolayısıyla bundan imtina edir. Hesab edir ki, iddia tələbi haqlıdır və Cavabdeh 3.202 (üç min iki yüz iki) manat maddi ziyan, 100 (bir yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17.25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 52.02 manat dövlət rüsumu tutulmalı və ona qaytarılması ilə bağlı qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 52.02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili müqavilə bağlanan zaman 500 (beş yüz) manat depozit ödənilməklə 60 (altmış) ay müddətinə gündəlik 22 (iyirmi iki) manat plan vermək şərti ilə icarəyə götürən Cavabdeh icarəyə vermişdir. Müqaviləyə əlavə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixli əlyazmasından görünür ki, avtomobil icarəsinə görə 500 manat depozit qoymuşdur. Əgər 3 ay ərzində qaytarsa, qoyduğu depoziti tələb etməyə haqqı yoxdur. Əgər maşını 3 aydan sonra qaytarsa 250 AZN qaytarılmır. Qalan 250 AZN-dən maşına dəymiş zərərlər çıxılır və qalıq məbləğ qaytarılır. - ƏN-Vİ 025874 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini Cavabdeh etibar etmişdir. Etibarnamə 5 il 11 ay 2 gün müddətinə verilib və xx.xx.2028-ci il tarixədək qüvvədədir. - RS Avtoservis tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri (usta haqqı ilə birlikdə) 3202 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3202 manat məbləğində zərərin pretenziya alındıqdan 10 gün ərzində ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə, dəymiş zərərin, vəkil tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş xərcin və s. xərclərin alınması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Pənah M.M. adlı müştərinin hesabına 100 manat məbləğində pul mədaxil edilmişdir. - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur. - İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:30-da “Chevrolet Nexia” markalı **- DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 12:30-da Binə qəsəbəsində “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri İddiaçı mülkiyyətindədir. - "xxxx" MMC tərəfindən verilmiş 31 nömrəli xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində onun təmiri üçün tələb olunan vəsait 3301 (üç min üç yüz bir) manat təşkil edir. “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobildə təmir işləri görülmüşdür. “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobildə görülən təmir işlərinin bazar dəyəri 3301 (üç min üç yüz bir) manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh etibarnamə əsasında İddiaçı məxsus “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xx.xx.2023-cü il tarixdə saat 12:30-da Binə qəsəbəsində ara məsafəsi qaydalarını pozmuş, nəticədə İddiaçı məxsus nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Qeyd olunan inzibati xəta hadisəsi nəticəsində Bakı şəhəri Xəzər Rayon DYPŞ-nin polis mayoru Əli Xəlilovun TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 40 manat məbləğində inzibati cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin idarə etdiyi “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində avtomobilə zərər yetirildiyi, Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurulmuş maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3202 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmənin qərardadı əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabatda “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcinin 3301 manat təşkil etdiyi müəyyən edilmiş, iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) iddia tələbindən kənara çıxılmamalı və avtomobilə dəymiş zərərin məbləği 3202 manat qəbul edilməlidir. Lakin icarə müqaviləsindən və ona əlavə edilmiş əlyazmadan göründüyü kimi cavabdeh icarəyə götürdüyü “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə iddiaçıya 500 manat depozit ödəmişdir. Avtomobil 3 aydan sonra təhvil veriləcəyi təqdirdə depozitin 250 manatı qaytarılmayacaqdır, qalan 250 manatdan isə avtomobilə dəymiş zərər çıxılaraq qalıq pul cavabdehə qaytarılacaqdır. İşin hallarından göründüyü kimi “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə icarəyə götürülmüş, yolnəqliyyat hadisəsi isə xx.xx.2023-cü il tarixdə, yəni avtomobil icarəyə götürüldükdən 3 aydan çox müddət keçdikdən sonra törədilmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş depozitin 250 manatı cavabdehə qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, hadisə nəticəsində avtomobilə dəymiş zərər depozit məbləğinin qaytarılmalı olan 250 manat hissəsindən artıq olduğundan, dəymiş zərərin qaytarılmalı olan məbləğdən çıxılması mümkün deyildir. Odur ki, iddia qismən təmin edilməli, “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb olunan 3202 manat məbləğində puldan 250 manat çıxılmalı və cavabdehdən 2952 (3202-250) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2952 (iki min doqquz yüz əlli iki) manat məbləğində maddi ziyan Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, Cavabdeh 49.52 manat dövlət rüsumu və 92.19 manat hüquqi xidmət haqqı, etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat tutularaq İddiaçı ödənilməli, həmçinin, mütəxəssis rəyinin verilməsi üçün 200 manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Nexia” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2952 (iki min doqquz yüz əlli iki) manat məbləğində maddi ziyan, 49.52 (qırx doqquz manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu və 92.19 (doxsan iki manat on doqquz qəpik) manat məbləğində hüquqi xidmət haqqı, etibarnamənin alınması üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Mütəxəssis rəyinin dəyəri olan 200 (iki yüz) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutulsun və VÖEN **********, hesablaşma hesabı AZ61AİİB**********3905384109, "xxxx" ASC-nin Nərimanov filialı m/h AZ37NABZ********************, kod 200093, VÖEN **********, SWİFT AİİBAZ2X "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar