Məhkəmə qərarları › İş №e-2(008)-3069/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3069/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3069/2024 26.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan müştərək qaydada 2367,29 manat əsas, 355,09 manat cərimə borcu olmaqla, cəmi 2722,38 manat borcun və 47,62 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 19 ay müddətinə qaytarılmaq şərti ilə 2508,00 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 036-EMB-0344-23 saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2023-cü il tarixli 036-EMB-0344-23A/ saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Zamin durmuşdur. Krеdit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin tam ödənilməsini “Borcalan” dan tələb edə bilər. Zaminlik Müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin Borcverən qarşısında müqavilə üzrə öhdəliklərin tam icrasına, həmçinin kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komissiya haqqı, cərimə, məhkəmə xərcləri və.s xərclərin ödənilməsi üçün Borcalan ilə eyni həcmdə, birgə məsuliyyət daşıyır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə əsas borcu 2367.29 manat, cərimə borcu 355.09 manat olmaqla, ümumi borcu 2722.38 manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, götürülən bоrcun qaytarılması ilə bağlı cavabdehlər tərəfindən hеç bir təşəbbüs göstərilməmişdir. Cavabdehlərə xx.xx.2023-cü il tarixli, 3988/23 saylı və xx.xx.2023-cü il tarixli 3987/23 saylı pretenziya (хəbərdarlıq) məktubları da göndərilmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlər Cavabdeh və Zamin rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdehlər Cavabdeh və Zamin tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddianın qiyməti 2722,38 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 19 ay müddətinə 2508 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixə iddiaçıya 2367,29 manat əsas, 355,09 manat cərimə borcu olmaqla, cəmi 2722,38 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edirəm ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 2367,29 manat əsas, 355,09 manat cərimə borcu olmaqla, cəmi 2722,38 manat məbləğində borc və 47,62 manat dövlət rüsumu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx"Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə, 2367,29 manat əsas, 355,09 manat cərimə borcu olmaqla, cəmi 2722,38 (iki min yeddi yüz iyirmi iki manat, otuz səkkiz qəpik) manat məbləğində əsas borc və 47,62 (qırx yeddi manat, altmış iki qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar