Məhkəmə qərarları › İş №e-2(008)-3070/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3070/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3070/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "X1" MMC-nin xeyrinə 442 manat borcun, 44 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 516 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı direktoru Nümayəndə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, borclu Cavabdeh arasında xx.xx.2020-ci il tarixli WTCN-009015 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən, alıcı Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 1058 manat olan Samsung A715 128 DS (İMEİ: **********403971) markalı telefon almışdır. Cavabdeh aylıq ödənişlər etməli olduğu halda ödənişlər etməmiş, 442 manat borcu yaranmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli WTCN-009015 "Əşyanın nisyə alqı-satqı müqaviləsi"ndən müəyyən edilir ki, satıcı ümumi qiyməti 1058 manat dəyərində olan Samsung A715 128 DS (İMEİ: **********403971) markalı telefonu alıcıya nisyə satmağı, alıcı isə malın dəyərini ödəniş cədvəlinə əsasən hər ay ödəmək şərti ilə 10 ay müddətində ödəməyi öhdəsinə götürür. - xx.xx.2024-cü il tarixli "Maliyyə arayışı"ndan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 442 manat əsas, 44 manat cərimə, cəmi 486 manat borcu qalmışdır. - xx.xx.2023-cü il tarixli "Faktorinq müqviləsi"ndən görünür ki, "xxxx" MMC ilə "X1" MMC arasında tələbin güzəşti barədə 002 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC öz hüquqlarını "X1" MMC-yə dövr etmişdir. - "X1" MMC tərəfindən Cavabdeh ünvanlanmış "Xəbərdarlıq"dan görünür ki, cavabdehə borcunu ödəməsi təklif olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borc, faiz borcu və cəriməni razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ********** nömrəli qəbzdən görünür ki, "X1" MMC tərəfindən xx.xx.2024-cü ildə 30 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 442 (dörd yüz qırx iki) manat əsas borc, 44 (qırx dörd) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 516 (beş yüz on altı) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar