Məhkəmə qərarları › İş №e-2(008)-3088/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3088/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3088/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyiilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bankın xeyrinə 200 manat əsas, 357 manat faiz, 19,20 manat cərimə olmaqla, cəmi 576,2 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli sazişə əsasən bank borcluya 120 ay müddətinə kredit kartı təqdim etmişdir. Həmin kredit kartından cavabeh tərəfindən 200 manat məbləğində əldə etmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka borcu yaranmışdır. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, iştirakları olmadan məhkəmə iclasının keçirilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmiş Cavabdeh ərizəsində göstərmişdir ki, İddiaçı ASC-nin ona qarşı iddiasından aydın olur ki, guya onunla bank arasında xx.xx.2014-cü ildə 10 illik müddətə 200 manat kredit müqaviləsi bağlanıb. Həmin pulu alıb xərcləmiş, qaytarmamış 357 manat faiz, 19,20 manat cərimə ilə birlikdə hazırda 576,2 manat ödəməlidir. İddiaya qarşı etiraz edir. Bununla belə iddiaya etirazın əsası kimi aşağıdakılara istinad edir: Müqavilə 10 illik deyil, 1 (bir) illik bağlanıb. Belə ki, iddiaya əlavə edilən səkkiz səhifəlik mikrokreditləşmə müqaviləsinin 5.10-cu bəndindən görünür ki, kredit kartla verilmiş, kartdan istifadə müddəti 12 müəyyən edilmişdir. Vaxtaşırı icra edilməli öhdəliklərlə əlaqədar, habelə müqavilə tələbləri ilə əlaqədar iddia müddətinin 3 il olduğunu nəzərə alaraq, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddiaya baxılmasından imtina edilməsini xahiş edir. Belə ki, müqavilə xx.xx.2014-cü ildə bağlanıbsa və 12 aylıq olduğu müəyyən olunduğundan, deməli xx.xx.2015-ci il tarixdən 3 il keçənədək iddia qaldırılmalı idi. Yəni xx.xx.2018-ci ilədək. İddiaçı isə 2022-ci ildə iddia qaldırmaqla 6 ildən çox vaxt ötürüb. Odur ki, göstərilənlərin nəzərə alınmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh BS-DK1013753/14 saylı sazişə əsasən bank borcluya 200 manat məbləğində 36 faiz dərəcəsi ilə 12 ay müddətinə kredit kartı vermişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli mikrokreditləşdirmə müqaviləsində müqavilənin hansı müddətə, nə qədər məbləğ üzrə neçə faiz şərt ilə bağlanması müəyyən edilmir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, əsas məbləğ üzrə borcu 200 manat, faiz üzrə borcu 357 manat borcu, 40,80 manat məhkəmə xərci borcu və 19.20 manat cərimə borcu mövcuddur. - xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh BS-DK1013753/14 saylı sazişə əsasən bank 12 ay müddətinə 200 manat məbləğində kredit kartını cavabdehə vermişdir. İddiaçı qeyd edilən sazişin tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən bağlanmış olduğunu qeyd etsə də, həmin kredit xətti müqaviləsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, bank tərəfindən öhdəliyin icra müddəti xx.xx.2015-ci il tarixə kimi müəyyən edilmişdir. İddiaçı ASC xx.xx.2014-cu il tarixli müqavilə tələbləri üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 7 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İşin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı xx.xx.2015-ci il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbi” iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar