Məhkəmə qərarları › İş №e-2(008)-3094/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3094/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3094/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onlardan müştərək qaydada 4225,4 manat məbləğində ziyanın və ödənilmiş 62,25 manat dövlət rüsumunun, 0,4 manat bank xərcinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə olunan **-MZ-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtonəqliyyat vasitəsilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PR-*** dövlət qeydiyyat nişanlı “BMW X-6” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh1 təqsirli bilinmişdir. Sığortalı **-PR-*** dövlət qeydiyyat nişanlı “BMW X- 6” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. **-PR-*** dövlət qeydiyyat nişanlı “BMW X-6” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, zərər avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 7705,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 7205 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 3.442,36 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2021-ci il tarixində sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 3762,64 manatın subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişlər. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iddiaya iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə iclasında iştirak edə bilmədiyini bildirib, iddiaya iştirakları olmadan baxılaraq, tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, o, “Bakıxanov” çörək zavodunun işçisi olmuş və zavodun rəhbərliyinə məxsus “Ford Transit” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 2020-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomaşın “BMW X- 6” markalı avtonəqliyyat vasitəsinə və digər avtomobilə dəymişdir. Ona görə də, dəymiş ziyan məbləğini qəbul edir. Cavabdeh qeyd olunanlara əsasən, məhkəmədən ədalətli qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında məcmu halında tədqiq edilmiş: - Kasko sığorta şəhadətnaməsindən görünür ki, sığortalı “BMW X-6” markalı, **-PR- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də kasko sığorta edilmişdir. - xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol və xx.xx.2020-ci il tarxli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Cavabdeh1 manevr qaydasını pozduğu üçün “BMW X-6” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. - xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, faydalanan şəxs "xxxx" MMC-nin X1 sığortalanmış “BMW X-6” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə avtonəqliyyat hadisəsi nəticəsində dəymiş zərər hesablanmış və 500 manat azad olma məbləği çıxıldıqdan sonra 7205 manat məbləğində dəymiş ziyan məbləği hesablanmışdır. - xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 7705 manat manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən X2 bank hesabına ödənilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 120795-1220 nömrəli məktubuna qoşmadan görünür ki, “Ford Transit” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur, Cavabdeh1 xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, “Ford Transit” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta edildiyi “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 3.442,36 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələbinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İşin məhkəmə iclasında müəyyən olunmuş hallarına əsasən, Ford Transit” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətində olub, yol-nəqliyyat hadisəsinin baş verdiyi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən idarə edilmişdir, “BMW X-6” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “BMW X-6” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu, işin halları ilə təsdiq olunur. Yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymiş həmin avtomobilin sahibinə "xxxx" ASC tərəfindən sığorta ödənişi olaraq 7705 manat məbləğində ödəniş edilmiş, sonuncuya isə “Ford Transit” markalı, **- MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta edildiyi “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən 3442,36 manat pul vəsaiti köçürülmüşdür. Beləliklə, qalan 4225,4 manat üzrə tələb hüququ subroqasiya qaydasında "xxxx" ASC-yə keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinin mahiyyətinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, hazırki iş üzrə iddiaçı tərəfindən ödənilmiş 62,25 manat dövlət rüsumu, və 0,4 manat bank xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 4.225,4 (dörd min iki yüz iyirmi beş manat, qırx qəpik) manat sığorta ödənişinin, ödənilmiş 62,25 (altmış iki manat, iyirmi beş qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar