Məhkəmə qərarları › İş №e-2(008)-3097/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3097/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3097/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,, Müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydada ərizə ilə məhkəməyə müraciət edərək 1587,53 manat əsas overdraft, 889,77 manat cərimə, cəmi 2477,30 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 44,71 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsi və xx.xx.2022-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. Overdraftın yaranma səbəbi: xx.xx.2022 tarixində kliringi gedən Rubl əməliyyatlarında yaşanmış kurs fərqi ilə bağlı overdraft formalaşıb. xx.xx.2022-ci il tarixli ümumi ofertanın 1.1-ci maddəsinə əsasən Bank “müştəri”nin ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə Bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 4.4-cü maddəsinə əsasən müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. X3 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində iddianın əsasının ilkin olaraq rubl əməliyyatlarında yaranmış kurs fərqindən qaynaqlandığını bildirsə də, iddia ərizəsinin əsaslandırma hissəsində cavabdehin məsuliyyətini bankla razılaşdırılmadan hesabda olan pul vəsaitinin məbləğindən artıq əməliyyat aparmaq əsaslandırmışdır. Halbuki, bank tərəfindən cavabdehə verilən kart hesabına pul verilməmişdir və o, həmin kartı yalnızca ona gələn pul vəsaitinin alınması üçün istifadə etmişdir. İşin bu halını bankın öz əməkdaşı da sübut edə bilər. Bundan başqa, iddiada yazılır ki, guya cavabdeh bankla razılaşmadan, hesabda olan pul vəsaitindən artıq əməliyyat aparmışdır. Əslində isə işin faktiki halı ondan ibarətdir ki, Rusiya Federasiyasından köçürmə yolu ilə ona pul göndərilmiş və o, həmin pul məbləğini banka yaxınlaşaraq əldə etmişdir. Əgər kurs fərqi yaranıbsa, burda cavabdehin günahım nədir. Bank əməkdaşları tərəfindən ona xəbərdarlıq edilsə idi ki, gözlə yeni kurs gəlsin sonra pulu çək, o, gözləyərdi. Həmin ərəfələrdə Mərkəzi Bank tərəfindən banklara gündə iki dəfə kurs gəlirdi və bankın kurs üzərindən səhv etməyi mümkünsüz idi. Bankın daxilində, yəni ki, hansısa bank əməkdaşının etdiyi səhvə görə, cavabdehdən artıq pulun tutulması ədadlətli deyil. Mülki işin iddia icraatına keçirilməsi və məhkəmə iclasına cavabdehin iştirakı ilə baxılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvalayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında sonuncunun xx.xx.2022-ci il tarixli ərizəsi və xx.xx.2022-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. Overdraftın yaranma səbəbi: xx.xx.2022 tarixində kliringi gedən Rubl əməliyyatlarında yaşanmış kurs fərqi ilə bağlı overdraft formalaşıb. xx.xx.2022-ci il tarixli ümumi ofertanın 1.1-ci maddəsinə əsasən Bank “müştəri”nin ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə Bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 4.4-cü maddəsinə əsasən müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. X3 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cədvəldən görünür ki, Cavabdeh müqavilə üzrə yaranmış borcu 1587,53 manat əsas overdraft, 889,77 manat cərimə, cəmi 2477,30 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan borcun ödənilmədiyi görünür. İş materiallarında olan bildirişdən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən cavabdehdən borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hazırda iddiaçı cavabdehdən kredit borcunun tutularaq ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsasla olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin, məhkəmə hesab edir ki, Bank tərəfindən istənilən 889,77 manat cərimənin 5 faizi, yəni 44 manat cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 1587,53 manat əsas overdraft, 44 manat cərimə, cəmi 1631,53 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 36,31 manat vəsait tutulmalı, iddia qalan hissədə rədd edilməli, 8,4 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 1587,53 manat əsas overdraft, 44 manat cərimə, cəmi 1631,53 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 36,31 manat məbləğində vəsait tutulsun. İddia qalan hissədə rədd edilsin. 8,4 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar