Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3338/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Eyvazlı qızı tərəfindən İddiaçı İB-yə vurulmuş 3542,40 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2503,04 manat və 80,46 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6125,90 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh Eyvazlı qızı arasında xx.xx.2017-ci il tarixində 04/10953 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2073,60 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1468,80 manat, cəmi 3542,40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Bildiririk ki, cavabdehin ödənilməmiş 2020-ci ilin iyul-dekabr ayları üzrə 779,60 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1491,60 manat sərfiyyat borcu və limitdən əlavə 150,20 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 2,40 manat sərfiyyat borcu və uçotu pozulmuş qaz sərfin 15,60 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 276,60 manat sərfiyyat borcu və limitdən əlavə 84,40 manat sərfiyyat borcu, 2024-ci ilin yanvar-mart ayları üzrə 2,64 manat sərfiyyat borcu, cəmi 2803,04 manat sərfiyyat borcu qalmışdır. 2020-cü ilin iyul ayından 2024-cü ilin fevral ayına qədər cavabdeh 300 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2503,04 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 6045,44 manat təşkil etməkdədir. Həmçinin nəzərinizə çatdırırıq ki, cavabdehin 2020-ci ilin iyun ayınadək 2878,10 manat vəsaitin tutulması barədə xx.xx.2021-ci il tarixli, 2(008)-929/2021 saylı Birliyin xeyrinə qətnamə çıxarılmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh 08 iyul 2024-cü il tarixdə eritaz ərizəsi ilə məhkəməyə müraciət edərək, o, ünvan 2 ünvanında qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. xx.xx.2012-ci il tarixdə İddiaçı İB-nin əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, ev 4 ünvanında abonentin iştirakı ilə G-4 markalı, 1002AQ**********7 № li sayğac quraşdırılmış, plomb vurulmuş, həmin ünvana **********00000 № li kod verilmiş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib edilmiş, lakin abonent ilə "Azəriqaz" İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» heç bir müqavilə bağlanmamışdır. xx.xx.2016-cı il tarixdə İddiaçı İB-nin əməkdaşları Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, ev 4 ünvanında quraşdırılmış sayğaca abonentin iştirakı ilə baxış keçirmiş, heç bir qüsur aşkar edilməmiş və yenə də müqavilə bağlanmamışdır. xx.xx.2020ci il tarixdə İddiaçıİB-nin əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, ev 4 ünvanında quraşdırlmış smart-kart tipli sayğac ZENNER G4 MEXANİKİ sayğacla əvəz edilmiş, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib edilmiş, lakin abonent ilə "Azəriqaz"İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2023-cü il tarixdə, abonentin iştirakı olmadan, ünvan 3 ünvanında qaz xəttinə baxış keçirilmiş, güya sayğacdan kənar təbii qaz xəttindən istifadə olunması aşkar edilmiş, foto-video çəkilmiş, kənar qaz xətti GUYA ləğv edimiş, itirilmiş 17280 m3 qazın dəyərinin hesablanmasına dair xx.xx.2023-cü il tarixdə ******* № li AKT tərtib edilmiş, lakin həmin AKT heç kimə təqdim edilməmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli "X4"na dair tələbnaməsinə əsasən "dəymiş zivan həcminin hesablanması” məqsədi ilə 17280 m3 dəymiş ziyanın həcmi hesablanmış, abonentin hesab koduna 2073,60 manat borc yazılmışdır. xx.xx.2024cü il tarixdə, yenə də abonentin iştirakı olmadan, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, ev 4 ünvanında qaz xəttinə baxış keçirilmiş, GUYA sayğacdan kənar təbii qaz xəttindən istifadə olunması aşkar edilmişdir. Sayğacdan kənar qaz xətti GUYA ləğv edimiş, itirilmiş 12300 m3 qazın dəyərinin hesablanmasına dair xx.xx.2024-cü il tarixdə ******* № li AKT tərtib edilmiş, lakin həmin AKT heç kimə təqdim edilməmiş həmin AKTa əlavə olunmuş foto-şəkil isə xx.xx.2024-cü il tarixdə çəkilmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2024-cü il tarixli X4na dair tələbnaməsinə əsasən "dəvmis zivarı həcminin hesablanmas, məqsədi ilə 12240 m3 dəymiş ziyanın həcmi hesablanmış, abonentin hesab koduna 1468,80 manat borc yazılmışdır. Nəzərinizə çatdırım ki, abonent tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən İddiaçı İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və ya qaz xəttinə abonent nəzarət etmir və qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin AKTlar abonentin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana iki dəfə baxış keçirilsə də abonentin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə də ki, qonşuların AKTlardan xəbəri olmayıb. AKTlar birtərəfli qaydada tərtib edilmiş, abonentə təqdim olunmamış və abonent həmin AKTları imzalamamışdır. Abonentin imzalamadığı həmin AKTlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı ücün həmin AKTlar ləğv edilməlidir. AKTlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkil etibarlı sübut kimi qəbul edilə bilməz, çünki foto-şəkillər AKT tərtib edildikdən 4 gün sonra çəkilmiş, sayğacdan kənar aşkar edilmiş qaz xəttinin hansı istiqamətə getməsinə və hansı mənzilə daxil olmasına dair foto-şəkillər çəkilməmişdir. Azəriqaz" İBnin tərtib etdiyi - AKTlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. İddiaçı İB qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim edə bilmir. Abonentin imzası olmayan həmin AKTlar isə qaz xəttinə müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. Abonent "Azəriqaz" İB-nin balansında olan küçədəki qaz sayğacına müdaxilə etməmiş və qaz xəttinə özbaşına qoşulmamışdır. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017ci il tarixli, 04/10953 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. **********00000 nömrəli abonent saldosundan görünür ki, Cavabdeh 2024-cü ilin fevral ayının sonu üçün 8923.54 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar istifadə edilməsi səbəbi ilə ******* saylı xx.xx.2023-cü il tarixli akt əsasında 17280 kub metrqaz sərfiyyatı hesablanmışdır. X4na dair tələbnamədən görünür ki, ******* saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 17280 kub metr qaz sərfiyyatı olmuşdur. İddiaçı tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar istifadə edilməsi səbəbi ilə ******* saylı xx.xx.2024-cü il tarixli akt əsasında 12240 kub metrqaz sərfiyyatı hesablanmışdır. X4na dair tələbnamədən görünür ki, ******* saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 12240 kub metr qaz sərfiyyatı olmuşdur. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 80.46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Məhkəmə ilk öncə iddia tələbinin xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında yazılmış 2073,60 manat cərimənin və xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında yazılmış 1468,80 manat cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktlar xx.xx.2022-ci il tarixdən sonraki dövürdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən sözügedən akt əsasında yazılmış cərimə tutula bilməz. Bundan başqa məhkəmə iddia tələbinin 2503.04 manat sərfiyyat borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehə məxsus saldodan cavabdehin 2020-ci ilin sonu üçün hesablanmış 779,60 manat sərfiyyat borcunun, 2021-ci ilin sonu üçün hesablanmış 1491,60 manat sərfiyyat borcu və 150,20 manat isə həmin ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaqədar borc, 2,40 manat olan hissəsi 2022-ci ilin sonu üçün hesablanmış sərfiyyat borcu, 2023-cü ilin sonu üçün hesablanmış 276,60 manat sərfiyyat borcu, 84,40 manat olan hissəsi isə həmin ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaqədar borcun, 2024-cü ilin mart ayının sonu üçün 2,64 manat sərfiyyat borcunun olduğu müəyyən edilir. (779.60+1491.60+150.20+2.40+276.60+84.40+2.64=2787.44) Həmçinin iddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh tərəfindən qeyd edilən sərfiyyat borcundan 300 manay ödəniş edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ümumi sərfiyyat borcdan edilmiş 300 manat məbləğindəki ödəniş çıxılmalı və yerdə qalan məblığ cavabdeh tərəfindən iddiaççının xeyrinə tutulmalıdır. (2787.44-300=2487.44manat) Bundan başqa məhkəmə iddia tələbinin 2022-ci ildə uçotu pozulmuş 15.60 manat dəyərində qaz sərfi borcunun cavabdehdən tutulmas hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin borcun cavabdehə məxsus olan saldodan görünsədə, borcun yaranma əsasları məhkəməyə məlum olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 44.88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini vəiddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 80,46 manat məbləğində dövlət rüsumunun 44.88 manat hissəsi Cavabdeh alınıb iddiaçıyaverilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2487,8 (iki min dörd yüz səksən yeddi manat, səksən qəpik) manat debitor borcu və 44.88 (qırx dört manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3338/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3338/2024
29.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver