Məhkəmə qərarları › İş №e-2(008)-3345/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3345/2024

05.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3345/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 2808 (iki min səkkiz yüz səkkiz) manat məbləğində zərərin və 48.08 (qırx səkkiz manat 08 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2856.08 (iki min səkkiz yüz əlli altı manat 08 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İBnin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə AKX-03385xx/xx-2021 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı X6 Departamenti tərəfindən **********02080 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2073,60 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat, cəmi 2808 (iki min səkkiz yüz səkkiz) manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Beləliklə, cavabdehin İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 2808 (iki min səkkiz yüz səkkiz) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin yaşadığı ünvana yerli baxış keçirilib hesablanmış borcun cavabdehə aid olmadığı müəyyən edilsə də, iddia tələbində dəyişikliyin edilməsi və ya ərizənin geri qaytarılması ilə bağlı Birlik tərəfindən hər hansı rəsmi məlumat verilməmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərəfindən onun abunə hesabına hesablanmış borc əsassızdır. Belə ki, o, istifadə etdiyi təbii qazın dəyərini hər ay ödəyir və heç vaxt qaz xəttinə qanunsuz qoşulmamışdır. Məhkəmə tərəfindən də yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və onun qaz xəttinə qeyri-qanuni qoşulmadığı aşkar edilmişdir. Borcun ona deyil, Orxan Cəfərov adlı şəxsin abunə hesabına hesablanmalı olduğunu Birliyin əməkdaşları da təsdiq etmişlər. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini və noyabr ayından kart hesabından tutulan məbləğlərin ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli AKX-03385xx/xx-2021 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan təbii X3nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar əlavə xətdən qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X3nın pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, qalıq və aktlar bölməsində cavabdehin abunə hesabına 2023-cü ilin noyabr ayında 2073.60 manat, 2024-cü ilin yanvar ayında isə 734.40 manat məbləğində borc hesablanmışdır. Beləliklə, işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “X3”nın tələblərinə əməl etməlidir. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən bu Qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyriqanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2073.60 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat məbləğində zərər vurulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X3”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyini iddia edərək, ona xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2073.60 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında isə 734.40 manat məbləğində zərər vurulduğunu iddia etsə də, istinad etdiyi hallara, yəni həmin borcun cavabdehin hüquqazidd hərəkətləri nəticəsində yaranmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, məhkəmə heyəti tərəfindən cavabdehin, İddiaçı Bakı X6 Departamentinin Qazın balansı və satışı şöbəsində böyük mühəndis vəzifəsində işləyən X2 iştirakı ilə Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu ünvanında yerləşən evə baxış keçirilmişdir. Baxış zamanı cavabdehə məxsus evə gedən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi faktı aşkar edilməmişdir. İddiaçı əməkdaşı X5 borcun Cavabdeh səhvən hesablandığını, həmin borcun qonşuluqda yaşayan digər istehlakçıya hesablanmalı olduğunu bildirmişdir. Cavabdehə məxsus evdə yalnız qaz avadanlığının olduğu aşkar edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2073.60 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında isə 734.40 manat məbləğində borcun Cavabdeh tutulması barədə iddiaçının tələbi əsassızdır. Başqa sözlə, iddiaçı xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2024-cü il tarixli ******* saylı aktlar üzrə tələb olunan borc məbləğinin Cavabdeh aidiyyətini sübut edə bilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin barəsində təbii X3nın pozulması haqqında aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsi qüvvəyə mindikdən sonra, yəni 2023-cü və 2024-cü illərdə tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən xx.xx.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin iddiaçı cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 48.08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar