Məhkəmə qərarları › İş №e-2(008)-3372/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3372/2023

07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3372/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və tələbin həcminin azaldılması barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5929 manat maddi ziyan və 100 manat dövlət rüsumu olmaqla, cəmi 6029 manat pulun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini azaldılmış həcmdə müdafiə edərək onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2022-ci ilin avqust ayının sonları sentyabr ayının əvvəllərindən, 2023-cü il yanvar ayınadək eyni evdə - ünvan 1 ünvanında yaşamışlar. Onlar ortaq tanışları vasitəsilə tanış olmuşlar. Kommunal ödənişlərinə, ev xərclərinə köməyi olar deyə, öz yaşadığı evdə cavabdehlə birlikdə yaşamağa razı olmuşdur. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən “Leokart” debet kartı sifariş etməkdə cavabdehdən kömək istəmiş, onlar kartı sifariş vermişlər. Kartı aldıqdan sonra balansda 5500 manat məbləğində kredit limitinin olduğunu görmüşdür. Halbuki, o, kredit istəməmiş, bunun bankın səhvi olduğunu düşünmüş və kartı aparıb geri qaytarmaq istəmişdir. Evdən çıxanda Nisəxanım xahiş etmişdir ki, kartı ona versin və bir hissəsini xərcləsin, yaxın günlərdə alacağı 31.000 manat var, iş məhkəmədədir və məhkəməni udan kimi borcunu bağlayacaq. Cavabdeh şirkətinin olduğunu, pulu alan kimi borcunu ödəyəciyini demişdir. Bununla razılaşmış və kartı cavabdeh istifadə etməyə başlamışdır. Cavabdeh kartdakı məbləğdən cüzi hissə çəkəcəyini bildirmiş, inandığından heç bu barədə maraqlanmamışdır. Yanvar ayında ona bankdan zəng gələrək borcun ödənilməsi tələb edilmişdir. Bütün olanları ona zəng edən "xxxx" KB ASC-nin əməkdaşına da danışmış, cavabdehə yazıb, ona zəng gəldiyini bildirmişdir. Cavabdeh qısa vaxtda yaranmış faiz borcunu və aylıq borcu bağlayacağını bildirmişdir. Bank əməkdaşının dediklərindən məlum olmuşdur ki, kredit limiti tam istifadə edilib (5500 manat), cavabdeh kartdakı bütün məbləği çəkib və yanvar, fevral aylarının ödənişini də etməyib. Cavabdehin məhkəmə işinin olmadığını, ailəli olduğunu öyrəndikdən sonra borcunu ödəmək niyyətinin olmadığını yəqin etmişdir. Hətta cavabdehin kredit xəttini də bilərəkdən açdırması ona məlum olmuşdur. Həmin pulu geri qaytarması ilə bağlı cavabdehə bir neçə dəfə müracət etsə də, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. Cavabdehin iddiaçıya borcu olduğu barədə votsap yazışmaları da var, aralarında keçən söhbətlərə şahidlik edənlər də olmuşdur. Eyni zamanda, iddiaçı bununla bağlı Səbail Rayon Polis İdarəsinə də müraciət etmiş, orada araşdırma aparılmış və məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir. Banka olan borcu, yəni əsas, faiz və cərimələri tam olaraq ödəmişdir. Ümumi olaraq ödənilən məbləğ 5829 manat təşkil edir. Cavabdeh bundan əlavə, ondan 100 manat borc almışdır. Cavabdehin hazırda ona cəmi 5929 manat borcu var. Göstərilənlərə əsasən, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunan hərəkətlərə yol vermişdir. Bu səbəbdən ondan iddiaçının xeyrinə 5929 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulmasına etiraz etmir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən aydın olur ki, müxtəlif vaxtlarda İddiaçı məxsus “Leobank” bank kartından müxtəlif məbləğlərdə pul transfer edilmişdir. İşdə olan, Cavabdeh Səbail Rayon Polis İdarəsinin 39-cu PB-də xx.xx.2023-cü il tarixdə verdiyi izahatından görünür ki, o, İddiaçı məxsus “Leobank” kartı onun istifadəsinə verməsini xahiş etmiş və kartdan 5500 manat pulu xərcləmiş, lakin həmin pulu 18 martadək ödəyəcəyinə dair söz vermişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh birlikdə kirayədə yaşadığı İddiaçı məxsus plastik bank kartını sonuncunun razılığı ilə götürmüş və kartda olan 5500 manat məbləğində pul vəsaitini şəxsi məqsədləri ilə istifadə etmiş, həmin pulu qaytaracağına dair söz versə də, qaytarmamış, nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı əsas, faiz və cərimə borcu ilə birlikdə kredit kartı üzrə banka cəmi 5829 manat ödəniş etməsi səbəbindən, hazırda həmin məbləğdə pulu, eləcə də, cavabdehin ona əlavə olaraq borclu olduğu 100 manat borcu tələb edir. Məhkəmə iclasında cavabdehin özü iddiaçıya 5929 manat məbləğində pulun borclu olduğunu etiraf etmiş və iddianın təmin edilərək həmin pulun ondan tutulmasına etiraz etməmişdir. Belə olan halda, məhkəmə təqdim edilmiş sübutları, o cümlədən cavabdehin iddianı etiraf etməsi barədə ərizə və izahatını nəzərə alıb belə nəticəyə gəlir ki, Cavabdeh 5929 manat məbləğində pulu əldə etməsinin nə müqavilə, nə də qanuni əsası vardır, odur ki, İddiaçı hazırkı iddia tələbini qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə, Cavabdeh iddiaçıya vurduğu ziyana görə hazırda 5929 manat məbləğində borcunun olduğuna dair etirafını, habelə prosessual qənaət prinsipini rəhbər tutaraq, iddia tələbi üzrə əlavə araşdırma aparmağa zərurət görmür və tədqiq edilmiş sübutları kifayətedici hesab edib belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması ilə əlaqədar 100 manat pul ödənilmişdir. İddia tələbi tam təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 5929 (beş min doqquz yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti və 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6029 (altı min iyirmi doqquz) manat məbləğində pul tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar