Məhkəmə qərarları › İş №e-2(008)-340/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-340/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-340/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı QSC «Bank Standart» KB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO QSC «Bank Standart» KB Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2015-ci il tarixli 1xx/xx/102518/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3370,71 (üç min üç yüz yetmiş manat yetmiş bir qəpik) manat məbləğində əsas borc, 3361,21 (üç min üç yüz altmış bir manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu, 1509,03 (min beş yüz doqquz manat üç qəpik) manat məbləğində cərimə borcu, 478,46 (dörd yüz yetmiş səkkiz manat qırx altı qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 8719,41 (səkkiz min yeddi yüz on doqquz manat qırx bir qəpik) manat məbləğində pulun, 107,19 (yüz yeddi manat on doqquz qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 15 aprel 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/102518/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 22 (iyirmi iki) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 3370,71 (üç min üç yüz yetmiş manat yetmiş bir qəpik) manat məbləğində əsas borc, 3361,21 (üç min üç yüz altmış bir manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu, 1509,03 (min beş yüz doqquz manat üç qəpik) manat məbləğində cərimə borcu, 478,46 (dörd yüz yetmiş səkkiz manat, qırx altı qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 8719,41 (səkkiz min yeddi yüz on doqquz manat qırx bir qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO QSC «Bank Standart» KB-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan QSC «Bank Standart» KB ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2015-ci il tarixli 1xx/xx/102518/15 saylı kredit müqaviləsinə əsasən, bank borcalana 48 ay müddətinə, 22 faizdən ödəmək şərti ilə 7500 manatlıq kredit verilmişdir; - 15 aprel 2015-ci il tarixli, 1xx/xx/85646/13 saylı kredit müqaviləsinin əlavəsi olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş hər ay 236.3 manat olmaqla 48 ay müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqaviləyə əsasən, əsas məbləğ üzrə borcu 3370.71 manat məbləğində əsas borc, 3361.21 manat məbləğində faiz borcu, 1509.03 manat cərimə borcu və gecikdirilmş vaxt üçün hesablanan 478.46 manat faiz borcu olmaqla, cəmi 8719.41 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli, **********372 nömrəli bildirişin surətindən görünür ki, сavabdeh Cavabdeh krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədikləri təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışlar. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarından görünür ki, QSC Bank Standart KB müflis elan edilmiş və iflas prosedru başlamışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9259 nömrəli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/102518/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 5244.85 manat, faiz borcu isə 2791.72 manat və xx.xx.2022-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə illik 5 faiz dərəcəsi ilə hesablanmaqla) əsas borcu 3337.05 manat, faiz borcu isə 3259.50 manat olduğu müəyyən edilmişdir. - Ekspertiza xərclərinə dair bildirişin surətindən görünür ki, aparılan tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. -İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 107.19 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsivə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilirki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş olmasına baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borcun məbləğlinə diqqət yetirərək qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş eksperizanın rəyindən görünür ki, cavabdehin maliyə arayışının təqdim edildiyi dövürə ödənilməmiş əsas borcunun məbləği 3337.05 manat olduğundan iddia tələbi əsas borca münasibətdə qismən 3337.05 manat hissədə təmin edilməlidir. Eyni zamanda sözügedən ekspertiza rəyindən məlum olur ki. cacabdehin müqavilənin sonuna olan tarixə əsas borca hesablanmış lakin ödənilməmiş faiz borcunun məbləği 2791.72 manat olduğundan iddia tələbi üzrə faiz borcuda bu hissədə təmin edilməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni Cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və ləğv prosesində olan iddiaçının iddiasının 1509.03 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə məbləği təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 100 (yüz) manat məbləğində pul tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin 478,46 (dörd yüz yetmiş səkkiz manat qırx altı qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin son icra tarixi-xx.xx.2019-cu il tarixində yəni iddiaçı bankın ləğv prosesi başladığı tarixdən sonra bitdiyindən,iddiaçının ləğv prosesindən sonra hər hansı bir fayda götürməsi mümkün olmadığından iddia tələbi həmin hisssdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia tələbi qismən təmin edildiyindən aparılan tədqiqatın dəyəri olan 100 (yüz) manat ekspertiza xərcinin 70 manat hissəsi cavabdehə, 30 manat olan hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3337.05 (üç min üç yüz otuz yeddi manat, beş qəpik) manat məbləğində əsas borc, 2791.72 (iki min yeddi yüz doxsan bir manat, yetmiş iki qəpik) manat məbləğində faiz borc, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 6228.77 (altı min iki yüz iyirmi səkkiz manat, yetmiş yeddi qəpik) manat borc pulun və 82 (səksən iki) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO QSC «Bank Standart» KB-nin xeyrinə ödənilsin. 100 (yüz) manat ekspertiza xərcinin 30 (otuz) manat olan hissəsi iddiaçı PO QSC «Bank Standart» KB-dən, 70 (yetmiş) manat olan hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar