Məhkəmə qərarları › İş №e-2(008)-3406/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3406/2024

25.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3406/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən akt üzrə yaranmış borca görə 4831,80 manat və dövlət rüsumuna görə 68,72 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli T/14171 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus evə təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı tərəfindən **********00004 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5- ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4147.2 manat, xx.xx.2023-cü il tarixli ******* saylıakt əsasında 691.2 manat İddiaçınə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4838.4 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 4831.8 manat borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixdə 4824 manat borcunun olmasına dair ərizə ilə iddiaçıya müraciət etmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə İddiaçı nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilib, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci bəndinə əsasən, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ş.Mirəliyev küçəsində yerləşən evə baxış keçirilərkən, abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfinin 4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 qəbul qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 34560 m3 itki hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ş.Mirəliyev küçəsində yerləşən evə baxış keçirilərkən, abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfinin 4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 60 qəbul qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 5760 m3 itki hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ş.Mirəliyev küçəsində yerləşən evə baxış keçirilərkən, abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, aktlara müvafiq olaraq qaz sayğacının nominal qaz sərfinin 4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 60 qəbul qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 5760 m3 və qaz sayğacının nominal qaz sərfinin 4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 qəbul qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 34560 m3 itki hesablanmışdır. Lakin iş materiallarından görünür ki, həmin aktlar cavabdeh tərəfindən imzalanmamış, abonent (cavabdeh) tərəfindən imzalamaqdan imtina edilməsi və bunun səbəbləri barədə hər hansı qeyd aparılmamış, yalnız İddiaçı nümayəndələri tərəfindən imzalanmışdır. Eyni zamanda, cavabdehin həmin aktla bağlı məlumatının olmasını təsdiq edən hər hansı sənəd iş materiallarında aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Məhkəmə vurğulayır ki, şəxsin delikt normaları çərçivəsində məsuliyyət daşıması üçün tələb olunan zəruri şərtlərdən biri də səbəbli əlaqədir. Səbəbli əlaqə dedikdə, həyat təcrübələrinə görə bir əməlin hadisələrin normal axışında meydana gətirə biləcəyi zərərlərlə olan məntiqi əlaqə zənciri başa düşülür. Məntiqi əlaqə zənciri (bağı) içərisində bir səbəbin zərəri meydana gətirməyə uyğun bir səbəb olub-olmadığı araşdırılmalıdır. Zərərlə əməl arasında uyğun səbəbli əlaqə bağının varlığını qəbul edə bilmək üçün həyat təcrübələrinə görə hadisələrin normal axışında əməlin bu zərəri meydana gətirə biləcəyi nəticəsinə gəlmək lazımdır. Bu zaman önəmli olan, əməli törədən şəxsin nəticələri əvvəlcədən görə bilməsi deyil, obyektiv olaraq hərəkətin həmin zərəri (nəticəni) meydana gətirə biləcəyinin hadisələrin normal axışına görə qəbul edilməsidir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş çoxsaylı aktlar üzrə təbii qazdan qeyri-qanuni şəkildə istifadə faktının məhz Cavabdeh tərəfindən törədilməsi halı məhkəmə tərəfindən araşdırılmış sübutlarla öz təsdiqini tapmamış, orada göstərilənlər sübuta yetirilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qaz xəttindən qanunsuz qoşulma faktı mövcud olmuş olsa belə, qanunsuz qoşulma halının məhz cavabdeh tərəfindən törədilməsi təsdqini tapmadığından, sözügedən aktlar üzrə zərər məbləği cavabdehdən tələb edilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talaması məsələsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd olunan əsaslara görə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 68,72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddaçı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar