Məhkəmə qərarları › İş №e-2(008)-3421/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3421/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3421/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, cavabdehin nümayəndəsi X1, tərcüməçi Axund-zadə Ayşən Elimxan qızının iştirakı ilə iddiaçı "X4" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "cavabdehdən iddiaçının xeyrinə 6985,10 manat əsas, 1104,76 manat faiz, 221,40 manat cərimə olmaqla, ümumilikdə 8311,26 manat borcun və 103,12 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "X4" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "cavabdehdən iddiaçının xeyrinə 6985,10 manat əsas, 1104,76 manat faiz, 221,40 manat cərimə olmaqla, ümumilikdə 8311,26 manat borcun və 103,12 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli "Ümumi oferta" müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə İsa qızı xx.xx.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə iştirakı olmadan baxılmasını və tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X3 bildirmişdir ki, cavabdeh oğludur, motosiklet almaq üçün kredit götürmüş və bir müddət ödənişləri vaxtında etmişdir. Lakin xx.xx.2023-cü ildə cavabdeh ağır avtoqəza keçirtmiş, hal-hazırda birinci qrup əlildir, işləmir və yeriyə bilmir. Kreditin ödənişləri bu səbəbdən gecikdirilmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, xx.xx.2022-ci il tarixli "Ərizə"dən görünür ki, cavabdeh "X4" ASC-nin "www.unibank.az" rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli "Ümumi oferta"sı ilə tanış olmuş və onun bütün şərtləri ilə razıdır. İşdə olan, "X4" ASC-nin elektron informasiya sistemindən çıxarışdan görünür ki, cavabdehə xx.xx.2025-ci ilədək illik 21% ödəmək şərtilə 8000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "X4" ASC-yə 6985,10 manat əsas, 1104,76 manat faiz, 221,40 manat cərimə olmaqla, cəmi 8311,26 manat borcu vardır. İşdə olan "Bildiriş"dən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müəyyən edilir ki, cavabdehin iddiaçıya əsas borcu 6985,10 manat, faiz borcu 1104,76 manat, cərimə borcu 221,40 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğlərin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehdən həmin məbləğlərin ödənilməsini tələb etməkdə haqlıdır. Qanunvericilikdə və tərəflər arasında bağlanmış müqavilədə həmin müqavilənin icrası müddətində cavabdehin əlil olmasının onu müqavilə öhdəliklərinin icrasından azad etməsi nəzərdə tutulmamışdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcləri cavabdehə aid edilməli və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 103,12 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6985,10 manat əsas borc, 1104,76 manat faiz borcu, 221,40 manat cərimə, 103,12 manat dövlət rüsumu, cəmi 8414,38 manat məbləğində pul alınaraq iddiaçı "X4" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar