Məhkəmə qərarları › İş №e-2(008)-3439/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3439/2023

18.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3439/2023 18.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 775,5 manat dəymiş ziyanın, 330 manat hüquqi yardım haqqının, 17,25 manat etibarnamənin təsdiqi üçün dövlət rüsumunun və 32 manat iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh “Peugeot 406” minik markalı, 90-XJ861 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə bir neçə nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Həmin nəqliyyat vasitələrindən biri İddiaçı mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş TP4536763 nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, xx.xx.2021-ci il tarixində “Peugeot 406” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə baş vermiş sığorta hadisəsi nəticəsində “Hyundai Elantra” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2780 manat məbləğində dəymiş zərərə görə Cəmiyyyət tərəfindən əmlaka dəymiş zərərlə bağlı bir hadisə üzrə ümumi sığorta məbləğinə 40.09 manat faiz mütənasiblik əmsalı tətbiq olunmaqla 2004.50 manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 2780 manat təşkil edir. Lakin sığorta şirkəti tərəfindən əmlaka dəymiş zərərlə bağlı bir hadisə üzrə ümumi sığorta məbləğinə 40.09 manat faiz mütənasiblik əmsalı tətbiq olunmaqla 2004.50 manat məbləğində sığorta ödənişi edilmişdir. Hesab edir ki, dəymiş maddi ziyanın 775.50 manat məbləğində qalıq hissəsi Cavabdeh tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib tələbin barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən - yalnız iddiaçının avtomobilinə vurulmuş ziyan hissəsində qəbul edərək bildirdi ki, hazırda işsizdir, ona görə vurduğu ziyanı birdəfəyə ödəməyə maddi imkanı çatmır. Lakin məhkəmə xərclərinin ondan tutulması hissəsində iddia tələbini qəbul etmir. Göstərilənlərə əsasən, cavabdeh məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı məxsus “Hyundai Elantra” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hadisə, nəticəsində İddiaçı məxsus “Hyundai Elantra” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2780 manat məbləğində dəymiş ziyana görə cəmiyyət tərəfindən əmlaka dəymiş zərərlə bağlı bir hadisə üzrə ümumi sığorta məbləğinə 40.09 faiz mütənasiblik əmsalı tətbiq olunmaqla 2004,5 manat məbləğində sığorta ödənişi edilmişdir. Həmin məktuba əlavə edilmiş qüsur aktından da göründüyü kimi sözügedən avtomaşına cəmi dəymiş ziyan məbləği 2780 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki,, xx.xx.2021-ci il tarixdə, saat 18:30 radələrində yol-nəqliyyat hadisəsi baş vermiş, cavabdeh idarə etdiyi “Peugeot 406” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus “Hyundai Elantra” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanaşı, bir neçə avtomobilə maddi ziyan vurmuş, cavabdeh İXM-in 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, “Hyundai Elantra” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbləği 2780 manat təşkil edir. Bununla bağlı bir hadisə üzrə ümumi sığorta məbləğinə 40.09 manat faiz mütənasiblik əmsalı tətbiq olunmaqla 2004.50 manat məbləğində sığorta ödənişi edilmiş, qalan 775.50 manat ödənilməmiş qalır. İddiaçı hazırda həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. Qeyd edilənlər işdə olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, inzibati xəta haqqında İXP ******* nömrəli protokol, nəqliyyat vasitəsinin zədələnməsi barədə AYP 044260 seriya nömrəli arayış və digər sənədlərlə təsdiqlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə olan halda, məhkəmə göstərilənləri ümumiləşdirib belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyanın vurulması hissəsində sübuta yetirildiyindən təmin edilməlidir. İddia tələbi bu hissədə təmin edildiyindən, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən çəkilmiş xərclərin tutulması hissəsində də təmin edilməlidir. Belə ki, iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesabına 330 manat köçürülmüşdür. Həmçinin 7E-920 reyestr nömrəli etibarnamədən məlum olur ki, İddiaçı adından Vəkil etibarnamənin verilməsi üçün iddiaçıdan 17,25 manat məbləğində haqq tutulmuş, eləcə də, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 32 manat məbləğində dövlət rüsumu ödəmişdir, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təlmin edildiyini nəzərə alaraq, hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilərək, ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, yol-nəqliyyat hadisəsi nəticəsində, dəymiş maddi ziyanın əvəzi olaraq qalıq 775,5 manat, göstərilmiş hüquqi xidmətə görə 330 manat, təmsil edilməsi ilə əlaqədar çəkdiyi xərcin əvəzi olaraq 17,25 və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1154,75 (bir min yüz əlli dörd manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar