Məhkəmə qərarları › İş №e-2(008)-345/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-345/2024

29.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-345/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26778 (iyirmi altı min yeddi yüz yetmiş səkkiz) manat məbləğində dəymiş zərərin və ödənilmiş dövlət rüsumunun 171 (bir yüz yetmiş bir) manatın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, Badamdar qəsəbəsi 3-cü massiv Yaşıl küçəsində özünə mənxsus fərdi evdə aparılan təmir işləri ilə əlaqədar Cavabdeh (cavabdehi) usta qismində dəvət etmişdir. Cavabdehi dəvət etməkdə məqsəd digər ustalar tərəfindən natamam görülmüş və keyfiyyətsiz rəngsaz və digər işlərin tamamlanması, yenidən tam keyfiyyətli və hamar görülməsindən ibarət idi. Eldar (cavabdeh) ondan fərqli vaxtlarda 16612 manat vəsaiti aldıqdan sonra işi tələsmədən yavaş-yavaş görürdü. Eldardan soruşanda ki 3-4 aya görülüb bitirilməsi nəzərdə tutulan işi nəyə görə belə asta-asta görüb uzadır, ona cavabında pulu almışdır, marağı azalıb deyə cavab vermişdir. Lakin işə başladığı vaxtda təxminən 2-3 həftəyə bütün mərtəbəni təhvil vermişdi. Eldar ümumillikdə onun evində 1 ildən artıq müddətdən çox işləmişdir. Nəticədə, işləri natamam və keyfiyyətsiz görərək sonrakı əməkdaşlığı davam etdirmək istəməmişdir. Eldar (cavabdeh) aşağıdakı işləri görmüşdür (qiymətləri ilə): 688 kv.m tavan və divar malyar işləri - 10475 manat; qarajda mayak styajka və metlax işləri - 2000 manat; laminatın vurulması - 537 manat; istilik batareyasının hündürlüyünün düzəldilməsi - 50 manat; hamamda santexnik işlərinin düzəldilməsi - 200 manat; radiatorun kranın düzəldilməsi - 20 manat; havalandırma üçün deşiklərin açılması - 30 manat; hamamının tavanın düzəldilməsi - 100 manat; kafel kəsilməsi - 50 manat; 3-cü mərtəbədə hamamda şüşələrin profillərinin 90 dərəcə kəsilməsi - 30 manat; hamamda spot yerlənin balacalaşdırılması - 100 manat; 2 spot yerlərinin balacalaşdırılması - 20 manat, cəmi 13612 manat. Bundan əlavə, terrasda basseyni izoliasiya edib mərmər, mozaika vurmalı, kababxana tikməli, terrasda kofe stolu tikməli və yerə metlax, plintus və duş kabinanın santexnik işlərini görməli, kafel vurmalı və məhəccərə mərmər qoymalı idi, lakin 3000 manat vəsaiti aldıqdan sonra işdən boyun qaçırmışdır. Belə ki, cavabdeh gördüyü nəticəsində aşağıdakı məbləğdə iddiaçıya ziyan vurmuşdur: laminat, laminat altlığı, plintusun sökülüb vurulması, mebellərin sökülüb yığılması (əmək haqqı daxil) - 4400 manat; 688 kvadrat metr divar və tavanlardakı qüsurlar, (əmək haqqı və material) daxil - 19378 manat, cəmi 23778 manat. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının dediyi məlumatlar həqiqəti əks etdirmir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, cavabdeh 2022-ci ilin aprel ayının 15-dən başlamaqla, iddiaçının bağ evində bir il müddətində işləmişdir. İddiaçıdan iddia ərizəsində göstərdiyi 16612 manat puldan əlavə 9000 manat da alınıb cavabdehə verilməlidir ki, cavabdeh gördüyü işlərin zəhmət haqqını tam ala bilsin. Tərəflər arasında podrat müqaviləsi olmadığına görə görülən işin keyfiyyəti və görülmə müddəti haqqında iddia əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, o, Eldarı təxminən 4 ildir ki, usta kimi tanıyır. O, Ziya Bünyadov prospektində yerləşən Konstruktor şirkətinə məxsus Tikkurila dükanında satış müdiri vəzifəsində işləyir. Eldar onun dükanından tez-tez material alırdı. Kamranı isə müştəri kimi tanıyır. Kamran onlara müraciət edərək bildirmişdir ki, usta deyir ki, boyada problem olduğundan divar nahamardır. Evə baxış keçirərkən görmüşlər ki, problem boyada deyil, boyanın texniki istifadə qaydasının pozulmasındadır. Məsələn, boya qatqısına 10 litr su vurulmalı olduğu halda az vurulduğu üçün boyada düyünlər yaranıb və boya 2 qat vurulmalı olduğu halda 1 qat vurulub. Divar kağızlarında da problem yoxdur, kağızın altından vurulan yapışdırıcı qatı şəkildə vurulduqda düyünlənir və nəticədə üstündən vurulan divar kağızı da həmin formada görünür. Eldar evə baxış keçirilərkən orada idi. Eldar evə baxış keçirilərkən aşkar olunan qüsurların ona məxsus olduğunu və qüsurları aradan qaldıracağını bildirdi. Mağazadkı mallar təzə və sertifikatlıdır və Avropadan gəlir. Problem 2-ci mərtəbədə idi. Materialın qüsuru yox idi, usta səhv vurmuşdu. Bəzi otaqlarda divarlarda problem var idi, işıq bucağı altında nahamarlıq görünürdü və əlavə olaraq rigerdə problem var idi. Eldar haqqında Kamrandan başqa şikayət edən olmayıb. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirdi ki, o, Kamran ilə bir yerdə işləmiş, sonra dostluq münasibəti yaranmışdır. Kamran ev tikirdi, o da çatışmazlıq olanda Kamrana kömək edirdi. Eldarı da Kamranın evində işləyəndə görmüşdür. Eldardan əvvəl işləyən ustaların gördüyü iş keyfiyyətsiz olduğundan Kamran Eldarı çağırmışdı. Kamran Eldardan evini ideal şəkildə təmir edə biləcəyini soruşmuş, Eldar da edə biləcəyini demişdir. Eldar hovuzu təmir edib havalar istiləşən kimi təhvil verməli idi, lakin hələ də hovuzu təmir etməyib. Riger, divar və tavan işləri də natamam qalıb. Eldardan Kamranın onun pulunu az verməsi və ya pulu lazımi şəkildə hesablamaması haqqında soruşduqda Eldar bu halların olmadığını bildirdi. Eldarla Kamranın evin təmirini hansı məbləğə razılaşmalarından məlumatı yoxdur. İşə başlayan zaman Eldar ideal iş görürdü, lakin sonradan işləmək istəmədiyini bildirdi. Daha sonra yenə də gəlib işlədi, amma bir müddətdən sonra işləməyəcəyini və Kamranın onu məhkəməyə verdiyini bildirdi. Kamran lazım olduqca əvvəldən Eldara pul verirdi. Böyük məbləğlərin verilməsində iştirak etməmiş, amma bəzi kiçik məbləğləri verəndə görmüşdür. Dəqiq məbləğ yadında deyil. İş görülə-görülə pul verilirdi Eldara. Kamran hovuzun pulunun bir neçə min manatını qabaqcadan Eldara vermişdi. Mətbəxdə işi təhvil alanda nahamarlıq qalmışdı, Eldar dedi ki, onu da düzəldəcək, lakin sonra düzəltmədi. Ev qarajdan, 3 mərtəbədən və mansartdan ibarət idi. Eldar bütün divarlarda, mətbəxdə və qonaq otağında daha çox işlər görüb. Eldar 2021-ci ya da 2022-ci ildən Kamranın evində işləyir, təqribən 1 il işləyib. Eldar evdə otaqlar üzrə təmir aparırdı, yəni bir mərtəbəni bitirib o birinə keçmirdi. İlk gün birinci mərtəbədən başlamışdı. Sonra ikinci mərtəbədə hamamda və mətbəxdə təmir aparırdı və bitdikdən sonra yenidən birinci mərtəbədə təmir işlərini davam edirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 171 manat dövlət rüsumu ödənilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/369 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv Yaşıl küçəsində yerləşən 2183Q saylı fərdi yaşayış evinin divarları divar kağızı ilə üzlənmiş və üstü boya ilə rənglənmişdir. Tavanları üzərinə şpatlyovka ilə üzlənmiş və üstü boya ilə rənglənmişdir. Fanarla tavanın və divarın hamar olub-olmamasını yoxlayan zaman tavan və divarlara vurulmuş şpatlyovka materiallarının divar və tavana nahamar şəkildə vurulduğu, qarajda döşəməyə vurulmuş metlaxın bir hissəsinin nahamar vurulduğu, üç yataq otağının döşəməsinə vurulmuş laminatın bir-birindən aralı şəkildə vurulduğu, mətbəxdəki istilik radiatorunun kranının hündürlüyünün digər otaqlardakı kranlardan fərqli hündürlüklərdə quraşdırıldığı, hamamların tavanı üzərində spot elektrik çıraqlarının yerlərinin qüsurla balacalaşdırıldığı, terassada basseyenin izoliasiya edilib mərmər və mozaika işlərinin aparılmaması, terassada kababxana (manqal) tikilisinin və kofe stolunun inşa olunmaması, terassada plintusun keyfiyyətsiz vurulması, terassadakı duş kabinasında metlax, kafel, izolyasiya və santexnik işlərinin aparılmadığı və məhəccərə mərmər materialının vurulmadığı müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv Yaşıl küçəsində yerləşən 2183Q saylı fərdi yaşayış evində, Cavabdeh tərəfindən görülmüş təmir-tikinti işlərinin tikinti norma və qaydalarına uyğun (keyfiyyətsiz və qüsurlu) təmir işlərinin aparılmadığı müəyyən edilmişdir. Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv Yaşıl küçəsində yerləşən 2183Q saylı fərdi yaşayış evində qüsurla aparılmış təmir işlərinin aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 26560 manat məbləğində müəyyən olunmuşdur. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-58/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X3, X8, X10, X1, X14 və X4 qarşı “işlərin qüsurlu və natamam icra edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-202/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı X6, X11, X9 və X5 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı 2022-ci ilin aprel ayında cavabdehi özünə məxsus fərdi yaşayış evində əvvəllər digər ustalar tərəfindən natamam və keyfiyyətsiz görülmüş işlərin tamamlanması və yenidən keyfiyyətlə görülməsi üçün dəvət etmişdir. Cavabdeh 2022-ci ilin aprel ayının 15-dən başlayaraq bir il müddətində iddiaçıya məxsus fərdi yaşayış evində müxtəlif təmir işləri görmüş, lakin görülən işlərlə bağlı tərəflər arasında hər hansı layihə-smeta sənədləri tərtib olunmamış, həmçinin, podrat müqaviləsi bağlanmamışdır. Hazırkı iddia tələbində iddiaçı cavabdeh tərəfindən onun evində işlərin qüsurlu və natamam icra edilməsi nəticəsində ona zərər dəyməsini mübahisələndirsə də, qüsurlu işin konkret nədən ibarət olması, ziyanın hansı usta tərəfindən vurulması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki sübutetmə yükü baxımından iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Ekspert rəyi ilə iddiaçıya məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massiv Yaşıl küçəsində yerləşən 2183Q saylı fərdi yaşayış evində görülmüş təmir-tikinti işlərinin tikinti norma və qaydalarına uyğun aparılmadığı, həmin fərdi yaşayış evində qüsurla aparılmış təmir işlərinin aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyərinin təqribən 26560 manat təşkil etdiyi müəyyən edilsə də, qüsurlu təmir işlərinin konkret olaraq hazırkı iş üzrə cavabdeh tərəfindən görüldüyü öz təsdiqini tapmır (ekspertiza cavabdehin iştirakı olmadan aparılmışdır). Beləliklə, iddiaçı cavabdeh tərəfindən öhdəliklərin lazımınca icra edilməməsi səbəbindən ona ziyan dəyməsini, başqa sözlə, evində qüsurlu və natamam təmir işlərinin məhz cavabdeh tərəfindən görülməsini sübuta yetirə bilməmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Səbail və Binəqədi Rayon Məhkəmələrinin qətnamələrindən görünür ki, iddiaçı daha əvvəl özünəməxsus mübahisəli evdə müxtəlif təmir işləri görmüş ustalara da qarşı eyni tələblə məhkəməyə müraciət etmiş, lakin iddiaları rədd edilmişdir. Məhkəmə, hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən «...mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil». Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 manat məbləğində pul İddiaçı tutulmalı və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 manat məbləğində pul İddiaçı tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar