Məhkəmə qərarları › İş №e-2(008)-3497/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3497/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3497/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı LPO Nümayəndə ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO Nümayəndə ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzər borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzər borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 avqust 2014-cü il tarixli, 29-MK/2420 nömrəli kredit müqaviləsi üzrə cəmi 4545.78 ABŞ dolları məbləğində borcu - bundan 3249.33 ABŞ dolları əsas və 1296.45 kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 97.28 (manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan Nümayəndə ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nümayəndə Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialı ilə Əliyev Zəfər İsrafil oğlu arasında bağlanmış 22 avqust 2014-cü il tarixli 29-MK/2420 nömrəli kredit müqaviləsinə əsasən Z.Əliyevə 24 (iyirmi dörd) ay müddətinə, illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 7500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Əliyev Zəfər İsrafil oğluna kredit verilərkən bank ilə Cavabdeh3 və Cavabdeh2 arasında 22 avqust 2014-cü il tarixli 29-MK/2420 nömrəli Zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxslər borc alanın Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 1.1 və 3.3.4-cü bəndlərinə əsasən Əliyev Zəfər İsrafil oğlu kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə borc alan və zaminə bir neçə dəfə şifahi və 16 iyun 2021 -ci il tarixli **********160 nömrəli bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də Əliyev Zəfər İsrafil oğluun 22 avqust 2014-cü il tarixli, 29-MK/2420 nömrəli kredit müqaviləsi üzrə 8 iyun 2021-ci il tarixə banka ödənilməmiş cəmi 4545.78 (dörd min beş yüz qırx beş dollar 78 sent) ABŞ dolları məbləğində borcu vardır. Bundan 3249.33 (üç min iki yüz qırx doqquz dollar 33 sent) ABŞ dolları əsas və 1296.45 (bir min iki yüz doxsan altı dollar 45 sent) kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu təşkil edir. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2021-ci il tarixli arayışa əsasən məlum olur ki, borcalan Əliyev Zəfər İsrafil oğlu vəfat etmişdir. Ədliyyə Nazirliyinin "vərəsəlik işlərinin açılıb açılmamasına dair” elektron portalının məlumatlarına əsasən məlum olmuşdur ki, xx.xx.2014-cü il tarixdə ölmüş Əliyev Zəfər İsrafil oğlunun vərəsələrinin müəyyən edilməsi ilə əlaqədar Bakı şəhəri 39 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. 39 saylı Notariat Ofisindən verilmiş məlumata əsasən xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaka dair Notariat Ofisində vərəsəlik işi açılmış və X4 ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh1 onun vərəsəsi tanınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zamin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli digər Qərarına əsasən isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə edilmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavadehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərin hər biri iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, LPO Nümayəndə ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 avqust 2024-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 4545,78 ABŞ dolları məbləğində borcun və 97, 28 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə ASC-nin Qara Qarayev filialı ilə mərhum Əliyev Zəfər İsrafil oğlu arasında bağlanmış xx.xx.2014-cu il tarixli kredit müqaviləsinə əsasən, 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 7500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit verilərkən Bankla Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Əliyev Zəfər İsrafil oğlu xx.xx.2014-cü ildə vəfat etmişdir. Hazırda iddiaçı onlara qarşı iddia qaldıraraq, borcun həm də onlardan tutulmalı olduğunu bildirmişdir. Lakin iddiaçı müddəti keçirməklə məhkəmədə iddia qaldırmışdır. Belə ki, iddiaçı kreditin götürülməsindən 11 il sonra, kredit müqaviləsinin müddətinin son günü olan xx.xx.2016-cı ildən isə 8 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. LPO Nümayəndə ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 30 mart 2021-ci ildə bildiriş göndərərək borcun ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirsə də, onlara qarşı vaxtında məhkəmədə tələb irəli sürmədiyindən iş üzrə iddia müddəti buraxılmışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan iddiaçı Amrahbank ASC ilə Əliyev Zəfər İsrafil oğlu arasında xx.xx.2014-cü il tarixdə bağlanmış Bank hesabı və Kredit müqaviləsindən görünür ki, Əliyev Zəfər İsrafil oğluna 24 (iyirmi dörd) ay müddətinə, illik 28 (iyirmi səkkiz) % olmaqla 7500 ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən müqavilənin 2.2-ci maddəsinə əsasən borcalan 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə Banka tam ödənildiyi günə qədər hesablanır. - Amrahbank ASC, Əliyev Zəfər İsrafil oğlu ilə Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış Zaminlik müqaviləsindən görünür ki, Zamin bank qarşısında Borcalanın xx.xx.2014-cü il tarixli, 29-MK/2420 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. - Amrahbank ASC, Əliyev Zəfər İsrafil oğlu ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış Zaminlik müqaviləsindən görünür ki, Zamin bank qarşısında Borcalanın xx.xx.2014-cü il tarixli, 29-MK/2420 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli, 12-5/2-Ə-485/2024 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, Əliyev Zəfər İsrafil oğlunun əsas məbləğ üzrə borcu 3249.33 (üç min iki yüz qırx doqquz dollar, otuz üç sent) ABŞ dolları, illik 5 faiz üzrə faiz üzrə borcu 1296.45 ( min iki yüz doxsan atlı dollar, qırx beş qəpik) ABŞ dolları, cəmi 4545.78 (dörd min beş yüz qırx beş dollar, yetmiş səkkiz sent) ABŞ dolları borcunun olması müəyyən edilir. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 4 saylı Asan Xidmət Mərkəzi Qüydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 719129 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Zəfər İsrafil oğlu xx.xx.2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015ci il tarixdə, 12 nömrəsi ilə qeyd edilmişdir. - Bakı şəhəri 39 saylı Notariat Ofisinin 211 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Əliyev Zəfər İsrafil oğlunun vərəsəsi Cavabdeh1dır. İş matriallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə olmuşdur. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı 97.28 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1038-ci maddəsinə əsasən Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, iddiaçı ilə Əliyev Zəfər İsrafil oğlu arasında xx.xx.2014-cü il tarixində 24 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan Əliyev Zəfər İsrafil oğlu müqavilənin icra müddəti bitməmiş və öhdəlik tam olaraq icra olunmadan xx.xx.2014-cü il tarixində vəfat etmişdir və qanuni üzrə vərəsəliyi isə hazırki Cavabdeh1 qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinin tələbindəndə göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğu halda cavabdeh miras qoyanın aktivlərini qəbul etmiş olduğu halda, passivləri üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyindən, iddiaçının hazırdakı cavabdeh Əliyev Zəfər İsrafil qızından miras qoyanın ona olan borcunu tələb etmək hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq məhkəməyə müraciət edərək Cavabdeh1 əsas və müqavilə müddəti bitdikdən sonra illik hesablanmış 5 faiz borcu tələb etmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, bank tərəfindən öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixə kimi müəyyən edilmişdir. LPO Nümayəndə ASC xx.xx.2016cı il tarixli müqavilə tələbləri üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 8 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı LPO Nümayəndə ASC tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İşin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı kredit müqaviləsi üzrə son ödəniş tarixindən xx.xx.2019-cu il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO Nümayəndə ASC-nin cavabdeh Əliyeva X8 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı yönəlmiş hissəsinə münasibət bildrərək qeyd edir ki, zaminlər də öz növbələrində borcalanın iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də hər iki zamin borcalanın risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Lakin iddiaçı zaminlərə qarşı münasibətdə xx.xx.2017-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh2 və Cavabdeh3 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir. Bundan başqa məhkəmə cavabdeh olan zaminlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə təqdim etmiş olduğları iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibət bildirərək qeyd edir ki, iddiaçı tələbi zaminlərə qarşı münasibətdə öhdəliyə xitam verilməsi əsası ilə rədd edildiyindən zamnilərin iddia müddətinin tətbiqnə dair ərizəyə münasibət bildirilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzər borcun tutulması” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar