Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3501/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 12359 manat əsas, 1849,95 manat faiz, 244,62 manat cərimə borcu olmaqla, cəmi 14.453,57 manat məbləğində borcun və 134 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması, tələbin girov predmeti olan, çəkisi 192,7 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, onların açıq hərracdan satılması və əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına borcun və dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində LBP/22/000/000019 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 48 ay müddətinə, illik 24 % hesablanmaqla 12.359 manat məbləğində kredit verilmişdir. Bundan başqa, əsas öhdəliyin icrasının təmini məqsədilə İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində G-LBP/22/000/000019 saylı Girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan ümumi çəkisi 192.7 qram olan qızıl-zinət əşyaları girov predmeti kimi göstərilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə Zamin arasında xx.xx.2022-ci il tarixində Zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh Kredit müqaviləsinin şərtlərini pozaraq, öhdəliklərini icra edilmir. Belə ki, M/03-1821 saylı xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin İddiaçı ASC-yə əsas borc üzrə 12359 manat, faiz borcu üzrə 1849.95 manat, 244.62 manat cərimə borcu olmaqla, cəmi borcu 14453.57 manat təşkil edir. Məhkəmə iddiaya iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, nümayəndə X1 məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bununla belə iddianı müdafiə etdiyini və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla belə, xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh, bankdan iddiada göstərilən məbləğdə kredit götürdüyünü, oğlu Zamin həmin borca görə zamin durduğunu, habelə borc öhdəliyinin təminatı kimi qızıl-zinət əşyalarını girov qoyduğunu bildirmişdir. O, maddi vəziyyəti nəzərə alınaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya şəxsi məqsədləri üçün 48 ay müddətinə, illik 24% ödəmək şərtilə 12.359 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, borcun təminatı kimi həmin tarixdə Zamin ilə zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2022-ci il tarixli girov müqaviləsinə əsasən, Cavabdeh kredit öhdəliyinin təminatı olaraq onun tərəfindən ümumi dəyəri 16.370 manat, çəkisi 192,7 qram olan qızılzinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli akta əsasən, Cavabdeh kreditinin təminatı olaraq girov qoyduğu cəmi 192,7 qram çəkidə olan, 583 əyarlı qızıl-zinyət əşyalarının – 1 ədəd qızıl üzük, 3 ədəd sep, 1 ədəd qolbaq, 3 ədəd sep, 2 ədəd kulon, 5 ədəd üzük, 4 cüt sırğanı xəzinədarlığa təhvil vermişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanılarkən qanunun tələblərinə əməl edilmişdir. Qeyd edilən müqavilənin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay banka 402,93 manat (sonuncu ay 402,58 manat), ümumilikdə 19340,29 manat ödəməklə qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 12359 manat əsas, 1849,95 manat faiz, 244,62 manat dəbbə pulu borcu olmaqla, cəmi 14.453,57 borc hesablanmışdır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlərə ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4 və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 51,05 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinəsinə əsasən, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. Azərbaycan Respublikası Mülki Məcələsinin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 295-ci maddəsinin tələbində göstərilir ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maadəsinə əsasən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 12.359 manat əsas, 1.849,95 manat faiz, 51,05 manat cərimə borcu olmaqla, cəmi 14.260 manat məbləğində borc tutulmalı, tutma öhdəliyin icrasının təminatı olaraq girov qoyulmuş qızıl-zinət əyşalarına yönəldilməli, onların dəyəri iş materiallarında olan saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair aktda əks olunmuş likvid qiymətə uyğun açıq hərrac vasitəsi ilə satılmalı və əldə olunmuş gəlir hesabına ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 134 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələblərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 132,78 manat cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 12.359 manat əsas, 1.849,95 manat faiz, 51,05 manat cərimə borcu olmaqla, cəmi 14.260 (on dörd min iki yüz altmış) manat məbləğində borc və 132,78 (bir yüz otuz iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Tutma girovla yüklü edilmiş Cavabdeh məxsus 583 əyarlı, cəmi çəkisi 192,7 qram olan qızıl-zinyət əşyalarına – 1 ədəd qızıl üzük, 3 ədəd sep, 1 ədəd qolbaq, 3 ədəd sep, 2 ədəd kulon, 5 ədəd üzük, 4 cüt sırğaya yönəldilsin. Həmin qızıl-zinət əşyalarının ilkin satış qiyməti 16.370 (on altı min üç yüz yetmiş) manat məbləğində müəyyən edilsin, qızıl-zinət əşyaları açıq hərracda satılsın və satışdan əldə olunacaq məbləğ hesabına 14.260 (on dörd min iki yüz altmış) manat məbləğində borc və ödənilmiş 132,78 (bir yüz otuz iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-3501/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3501/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver