Məhkəmə qərarları › İş №e-2(008)-3538/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3538/2023

13.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3538/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 nümayəndsi (vəkili) Vəkil2, Cavabdeh2 nümayəndsi (vəkili) Vəkil1 iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 60000 manatı pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Laçın Ticarət Mərkəzində yer götürüb qızıl alveri ilə məşğul olur. Qonşusu Cavabdeh2 vasitəsi ilə tanış olduğu yaxın qohumu olan və hazırkı iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh1 bir iki dəfə qaynanası Abbasova Şahnazdan dəfələrlə qızıl götürməklə Gəncədə alver edirdi. Bəzi götürdüyü qızılların pulunu ödəmişdi, 8000 manat borc pulunu isə sonra ödəyəcəyini demişdir. Bir neçə gündən sonra qaynanası zəng vuraraq demişdir ki, Hicran ona borclu ola-ola yenə alver eləmək üçün qızıl istəyir. Qaynanası ilə getmiş qonşusu Sevinc gilə, Hicran da onlarda idi. Qonşusu Sevinc dedi ki, zamin durur bir şərtlə ki, onun da gəliri olsun və onlar öz aralarında razılaşdılar. Buna dair Sevinclə iddiaçının səs yazıları var. Üstündən 40 gün keçəndən sonra Hicran yarı qazandığı məvaciblə ödəniş etdi və iddiaçı həmin puldan Sevincə zamin durduğuna görə 500 manat pul ödədi. Üstündən bir müddət keçdikdən sonra Hicran oğlunun xeyir işi olduğuna görə iddiaçıdan gəlini üçün bir neçə komplekt qızıllar götürərək bildirdi ki, bəyəndiyi komplektlərdən hansınısa alacaq digərlərini isə geri qaytaracaq. İddiaçıdan, qaynanasından və iş yoldaşlarından xeyli qızıl götürərək ümumi 60 000 manat dəyərində maddi ziyan vurmuşdu. Borc verdiyi vaxtdan indiyə mütəmadi olaraq cavabdeh şəxslə əlaqə saxlayaraq ondan borc məbləğini ödəməsini tələb etmişdir. Həmçinin, cavabdeh şəxs evini satacağını və yalnız bundan sonra borc məbləğini ödəyəcəyini bildirmiş, müxtəlif bəhanələr gətirərək süni süründürməçiliyə yol vermiş və borc məbləğini ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda cavabdeh şəxs Türkiyəyə gedib. Dəqiq ünvanını bilmir. Cavabdeh1 vəkili Vəkil2 iddiaya aşağıdakı məzmunda etiraz vermişdir. İddiaçı iddia ərizəsində həqiqətə uyğun olmayan, yalnız öz mülahizəsinə əsaslanmış, heç bir sübut və dəlillə təsdiq edilməyən hallara istinad etməklə iddiasının təmin edilməsini məhkəmədən tələb edir. Belə ki,

1. iddiaçı ərizəsində qeyd etmişdir ki, o, “Laçın” Ticarət Mərkəzində yer götürərək orada qızıl alveri ilə məşğul olur. Bu məlumat yalandır, İddiaçı qeyd olunan ticarət mərkəzində hər hansı bir yeri yoxdur, o ümumiyyətlə zərgər deyil, zərgər kimi vergi ödəyicisi olaraq vergi orqanlarında qeydiyyatdan keçməmişdir.

2. İddia ərizəsində göstərilmişdir ki, o qonşusu olan (həmin iddia ərizəsində əsassız olaraq zamin kimi cavabdeh qismində cəlb etdiyi) Cavabdeh2 vasitəçiliyi ilə onun yaxın qohumu olan Cavabdeh1 ilə tanış olmuşdur. İddiaçı Cavabdeh2 vasitəsi ilə Cavabdeh1 ilə tanış olmayıb. Cavabdeh1 İddiaçı qayınanası olan Şahnaz Abbasova ilə əvvəlcədən tanışlığı var idi. Həmçinin Cavabdeh2 Cavabdeh1 yaxın qohumu deyil.

3. iddiaçı ərizəsində “Cavabdeh1 bəzi götürdüyü qızılların pulunu ödəmişdir, 8000 manat pulunu isə sonra ödəyəcəyini demişdir. iddia ərizsəində qeyd olunan məlumat əsassızdır. Belə ki, əgər Cavabdeh1 iddiaçı ilə qızıl alveri edirdilərsə aralarında alqı-satqı müqaviləsinə dair hər hansı bir müqavilə, qaimə-faktura, ödəniş çekləri və digər təsdiqedici sənədlər mövcud olardı və məhkəməyə təqdim edilərdir. Alqı-satqısı qramla həyata keçirilən ticarət sahədə “bəzi qızılların pulunu ödəmişdir" bildirməklə iddiaçı istər qızılın növü, istərsə də miqdarı haqqında məlumatı məhkəməyə təqdim etməli idi. Ümumiiyyətlə, iddia İddiaçı ərizədə hər hansı bir tarixə istinad etmir, aralarında alqı-satqı nə zaman olub, hansı miqdarda qızıl satıb, hansı məbləğdə pulu nəğd ödənilib, hansı məbləği, hansı tarixə borc verib göstərməmişdir. İddiaçı bildirir ki, Cavabdeh2 Cavabdeh1 zamin durub. Lakin, Cavabdeh2 zaminliyə bağlı hər hansı bir yazılı müqaviləsi, digər tesdiqedici sənədlər mövcud deyil. Azerbaycan Respublikası Mülki Məcəlləsinin 471-ci maddəsinin, həmçinin icrası məcbur olan Azerbaycan Respublikası “MM-nin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair" 04 sentyabr 2012-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumun Qərarına əsasən “yazılı formaya riayət edilməməsi zaminliyin etibarsızlığına səbəb olur, yazılı forma tələbinin qanunla nəzərdə tutulması öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısını alır".

4. İddiaçı Cavabdeh2 zaminliyi ilə əlaqəli iddiası əsassızdır və rədd edilməlidir.

5. Həmçinin, İddiaçı iddia əsası (sübut) kimi Cavabdeh2 ilə aralarında olan danışıqların səs yazıları, qızıl-zinət əşyaların fotoşəkilləri, müəyyən videoçəkilişlərini və yazılı siyahını göstərmişdir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Təqdim edilən səs yazıların, videoçəkilişlərin iş üzrə sübut kimi qəbul edilməsinə etiraz edirlər. Bu səs və videoçəkilişlər qanunverilciyin tələbləri pozulmaqla əldə edilmişlər. Hətta, məhkəmənin qənaətinə görə, həmin gizli şəkildə qeydə alınmış, iddiaçının məhz elə özünün də iddia ərizəsində şəxsi həyata və ailə həyatına hörmət hüququ pozan Avropa Məhkəməsinin məhkəmə presedentinə istinad etdiyi hallara zidd olan səs və videoçəkilşlərin qanuni əldə edilmiş hesab edilmiş olsa belə, həmin səs və videoçəkilişlərin məzmunu heç bir sübut əhəmiyyətini daşımır, iddiaçı həmin səs və videoçəkilişlərlə öz iddiasının əsasını sübut edə bilmir. Belə ki, həmin gizli çəkilmiş səs və videoçəkilişlərdən aydın başa düşülmür ki, tərəflər arasında baş vermiş alqı-satqının məbləği nə qədər idi, həmçinin satılan malın növünün, miqdarının, nəğd alınan pulun məbləğinin, borcun məbləğinin, alqı-satqının tarixinin, öhdəliyin icra olunma tarixinin müəyyən edilməsi mümkünsüzdür. Hətta əksinə, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli 01:55 davamiyyəti olan videoyazının 19-23-cü və 2:14-2:48-ci saniyələrində olan qeyddən bəlli olur ki, iddiaçının məhkəməyə təqdim etdiyi siyahıda adı sadalanan “Xoşbəxt" adlı şəxs iş üzrə cavabdeh olan Cavabdeh1 3 ədəd “15-lik" adlanan, hər biri 1920 manat və 7 ədəd “10-luq” adlanan, hər biri 1350 manat dəyərində olan qızıl məmulatlarını 16000 (on altı min) manat dəyərində satır. Belə ki, həmin qeyddə olan məlumata əsasən, Cavabdeh1 Xoşbəxt adlı xanımdan 15210 manat məbləğində pulu almalı olduğu halda 16000 manat pulu nəğd qəbul edir, yəni Hicran nəyinki borca, hətta əksinə 790 manat məbləğində pulu Xoşbəxtə artıq ödəyir! Bu videoda qeyddə aydın şəkildə görsənir.

6. İddiaçı ərizəsində (3-cü səhifə, 7-ci abzas) Avropa İnsan Hüquqları Məhkəməsinin icraatında olmuş “Babilonova Slovakiyaya qarşı" işi üzrə ərizəçinin qarşılaşdığı problemə toxunmaqla, Avropa Məhkəməsinin qəbul etdiyi 20 iyun 2006-cı il tarixli Qərarında ərizəçi xanım X1 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulduğu təsdiq olunmasına toxunur.

7. İddiaçı məhkəməyə təqdim etdiyi səs və videoçəkilşlərin tarixi bəlli deyil, səs və videoda qeydə alınmış söhbətlərin hazırki iddia tələbi arasında səbəbli əlaqəni müəyyən etmək mümkünsüzdür, ümumiyyətlə qızıldan söhbət getsə də, miqdarı və ödənilməmiş, yaxud borc pulun məbləği qeyri-müəyyən şəkildə səslənir.

8. İddiçı İddiaçı tərəfindən iddia əsasını təsdiq edən sübut kimi məhkəməyə təqdim edilən “SİYAHİ’nın tarixi müəyyən deyil, həmin siyahıda qızıl məmulatların kim tərəfindən satılması, alınması, alqı-satqını, yaxud borcu təsdiq edən və sübut edən hər hansı bir şəxsin imzası yoxdur.

9. Qeyd olunan məhkəməyə təqdim edilən siyahıda "Xoşbəxt" adlı şəxsə aid qeyddə malın ümumi miqdarı 121.89 qram, hər bir qramı 110 manat məbləğində olmaqla, hərnin qızılın dəyəri 13407,9 manat təşkil etdiyi halda, siyahıda ümumi məbləğ 92 manat 91 qəpik artıq, yeni 13500 manat kimi qeyd edilmişdir.

10. Həmçinin həmin qeyri-müəyyən “Siyahı”da “Elnur" adlı şəxsə aid qeyddə "585 əyyarı türk qızılı seplər 116 qram, qramı 80 manat" qeyd edilmiş, həmin qızılın dəyəri 9280 manat təşkil etdiyi halda, ümumi məbləğ 70 manat artıq, yəni 9350 manat kimi qeyd edilmişdir. Bununla da, hesab edirlər ki, bu siyahının heç bir sübut əhəmiyyətini daşımayan, hər hansı bir sənəd rekvizitləri özündə əks etdirməyən “kağız parçasınm iddianın əsası kimi sübut olaraq qəbul edilməsi absurddur!

11. İşin digər əhəmiyyətli halı odur ki, İddiaçı özü də iddia ərizəsində bildirir ki, həmin qızıllar ona deyil, başqalarına məxsusdur. Belə olan halda, hansı hüquqi əsaslara görə iddiaçı kimi həmin şəxslər deyil, İddiaçı iddia ərizəsi və tələbi ilə məhkəməyə müraciət etməklə çıxış edir? Həmçinin, əgər iddia tərəfindən qeyd edilən şəxslər tərəfindən cavabdehlərə qızıl məmulatları satılıbsa, nə üçün onları bu iş üzrə maraqlı şəxs qismində cəlb etməmişdir? Nəzərə alsaq ki, qeyd edilən şəxslərin iddiaçının iddia tələbinin təmin edilməsinə dair maddi maraqları varsa onların bu iş üzrə izahat və ifadələri obyektiv və gərəzsiz hesab edilə bilməz, hətta belə bir sübutları iddiaçı məhkəməyə təqdim etmiş olsa belə, bu sübutlar möhətəbər hesab edilə bilməz. Hətta, iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim etdiyi həmin “Siyahı’da özünə aid qeydlər olsa belə, həmin qeydlərin nə ilə əlaqəli olması, siyahıda göstərilən qızıl məmulatların kimə verilməsi, bağışlanması, satılması məlum deyil, hər hansı bir şəxsin imzası mövcud deyil. Cavabdeh2 nümayəndsi (vəkili) Vəkil1 iddiaya aşağıdakı məzmunda etiraz vermişdir. İddiaçıR Cavabdeh2C-yə qarşı iddiasını zamin olaraq irəli sürmüşdür və qeyd etmişdir ki, digər Cavabdeh1 ilə aralarında yaranan borc üzrə guya Cavabdeh2 zamin olaraq borcun ödənilməsinə dair üzərinə öhdəlik götürmüşdür. Zamin olaraq hər-hansı öhdəliyin yaranması üçün mütləq olaraq yazılı qaydada zaminlik müqaviləsi bağlanmalıdır. Yazılı formaya riayyət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Belə ki, AR MM-nin 471-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı ilə cavabdeh arasında yazılı zaminlik müqaviləsinin mövcudluğunu təsdiqləyən hər-hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, AR Konstitusiya Məhkəməsinin Plenumunun AR MM-nin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, “yazılı formaya riayyət edilməməsi zaminliyin etibarsızlığına səbəb olur. Yazılı forma tələbinin qanunla nəzərdə tutulması öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alır”. İddiaçı iddia tələbinin əsası (sübut) kimi müəyyən səs yazılarını, qızıl-zinyət əşyalarının foto şəkillərinin, müəyyən video çəkilişlərini və yazılı siyahını göstərmişdir. Qeyd edilən səs yazılarını ümumiyyətlə sübut kimi qəbul edilməsinə etiraz edirlər. Belə ki, həmin sübutlar qanun tələblərini pozulmaqla əldə edilmişdir. Lakin, məhkəmə həmin sübutları qanuna uyğun şəkildə əldə olunması qənaətinə gələrsə həmin səs yazıları ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, səs yazıları iddianın əsaslılığını sübuta yetirə bilmir. Belə ki, həmin səs yazıları aydın başa düşülmür, tərəflər arasında gedən danışıqlarda borc məbləğlərinin dəqiq məbləği müəyyən edilmir. Bütün məbləğlər misal olaraq və yuvarlaqlaşdırılmış şəkildə bildirilir. Digər əhəmiyyətli məsələlərdən biri ondan ibarətdir ki, səs yazısının tarixi ilə yazılı şəkildə tərtib olunmuş siyahının tarixi müəyyən edilməlidir. Bunun əhəmiyyəti ondan ibarətdir ki, siyahı üzrə müəyyən edilən borc həmin danışıqlarda öz əksini tapırmı. Digər əhəmiyyətli məsələ ondan ibarətdir ki, yazılı şəkildə tərtib olunmuş və heç bir imza ilə təsdiq edilməmiş siyahıda Xoşbəxt, Elnur, Şahnaz və iddiaçıya müəyyən məbləğlərdə borcun olması öz əksini tapmışdır. Bununla bağlı qeyd edilməlidir ki, Cavabdeh1S-in Xoşbəxt, Elnur və Şahnaz adlı şəxslərə qızıl-zinyət əşyalarının “alqı-satqısına” görə həqiqətən də, borcu mövcuddursa hansı səbəbdən həmin şəxslər iddiaçı olaraq çıxış etmirlər? Ən önəmlisi isə, İddiaçı hansı hüquqi əsasla onların əvəzindən iddia qaldıraraq həmin borcların məhz ona ödənilməsini tələb edir? Məhz bu səbəbdən də, hesab edirik ki, İddiaçıR-in Xoşbəxt, Elnur və Şahnaz adlı şəxslərin əvəzinə iddia qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. Bu əsasla da, iddia tələbi həmin hissədə rədd edilməlidir. Yuxarıda qeyd olunan siyahının iddiaçıya aid hissədə 27500 manat məbləğində borcun olması isə iş materiallarına əlavə edilmiş heç bir sübutla öz əksini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş foto, video və səs yazılarında İddiaçıR-in müəyyən sayda qızıl-zinyət əşyalarının verilməsini və qarşı tərəfdən həmin borcun mövcudluğu təsdiqləyən səs yazısı və hər- hansı digər yazılı sübut mövcud deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək qeyd etdi ki, «Laçın» ticarət mərkəzində onun şərikinin dükanı var, o, həmin şərikinə və digər şəxslərə pul verir, onlar isə qızıl alıb satırlar, sonra əldə edilən gəliri bölürlər. Onun şərikləri və özü Cavabdeh2ə inanıb digər cavabdehə 60000 manat dəyərində qızıl vermiş, lakin pullar ona qaytarılmamışdır. Xahiş edir, iddia təmin edilsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 verdiyi etirazın məzmununa uyğun izahat verərək iddianın onlara qarşı rədd edilmsəni xahiş etdi. Eyni zamanda qeyd etdi ki, Cavabdeh1 iddiaçının qaynanası ilə işgüzar münasibətləri var, sonuncunun ona qarşı hazırda hər-hansı bir tələbi və ya iradı yoxdur, Cavabdeh1 hazırda Türkiyədə uzunmüddətli müalicədədir, qayıdandan sonra iddiaçının qaynanası ilə aralarında olan münasibətləri tənzimələyəcək, iddiaçı ilə heç bir hüquq münasibətlərində olmayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndsi (vəkili) Vəkil1 verdiyi etirazın məzmununa uyğun izahat verərək iddianın onlara qarşı rədd edilməsni xahiş etdi. Məhkəmə tərəfələrin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı iddia tələbini təqdim etdiyi yaddaş kartı ilə sübut etməyə çalışmışdır. Həmin yaddaş kartında müxtəlif şəxslərin – Elnurun, Şahnazın, Xoşbəxtin, cavabdehlərin hansısa alver məsələlərinə dair audio və video yazılar mövcuddur, həmin yazılardan konkret olaraq cavabdehlərin iddiaçının qarşısında 60000 manata dair öhdəliyin olmasını təsdiq edən hər-hansı bir məqam mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki iş üzrə tərəfəlr arasında müqavilə münasibətləri mövcud olmadığına görə iddianın qanıni əsasını əsassız varlanma barədə müddəalar təşkil edə bilər. Həmin Məcəllənin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin onun hesabına hüquqi əsas olmadan əmlak əldə etdiklərini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar