Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3571/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-67/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 660 məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvvəlüdlü X4 doğulmuşdur. Məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuş, nikah pozularkən uşaqlar ananın himayəsində qalmış və saxlanmaları üçün hər uşağa görə 110 manat məbləğində aliment müəyyən edilmişdir. Sonuncu dəfə xx.xx.2020-cı il tarixli, 2(010)-2151/2016 saylı qətnaməyə əsasən alimentin məbləği artırılaraq hər uşaq üçün 120 manat müəyyən edilmişdir. Uşaq böyüdükcə xərcləri artır. Təyin olunan aliment uşağın xərclərini ödəmir. Buna görədə hesab edir ki, cavabdehdən hər uşaq üçün, 220 manat olmaqla, cəmi 660 manat sabit məbləğində aliment tutulmalıdır. Bir daha qeyd edir ki, iddiaçı ilə cavabdeh artıq xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamır, birgə təsərrüfat aparmırlar. Bu vaxt ərzində uşaqları iddiaçının himayəsində qalmış, iddiaçı onların bütün maddi və mənəvi tələbatlarını valideynlərinin köməkliyi ilə ödəmişdir. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, əvvəlki aliment məbləğini çox çətinliklə ödəyir. Özü hazırda ailə qurmuş və həmin nikahdan iki övladı doğulmuşdur. Daimi işi yoxdur, ara-sıra sürücülük edir, ümumən isə atasının pensiyası ilə dolanırlar. Maddi vəziyyəti ağırdır, bundan əlavə iddiaçının özü də işləyir. Hazırda ondan tələb olunan pulun tərəfindən ödənilməsi mümkünsüzdür. Ona görə də cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştriakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İş materiallarından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-67/2020 saylı qətnaməsinə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından, habelə doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh və İddiaçı birgə ailə münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbindən görünür ki, iddiaçı cavabdehlə birgə nikahından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cavabdehdən hər uşağa görə onun xeyrinə 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Məhkəmə, iddiaçı tərəfindən cavabdehin gəlirləri və əmlak vəziyyəti barədə məhkəməyə sübutlar təqdim edilməməsini, habelə cavabdehin hazırkı nikahından iki azyaşlı uşağının olmasını nəzərə alaraq, alimentin hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutub, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin tərəflərin birgə nikahından olan uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-67/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə görə 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Məhkəmə qeyd edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məhkəmə hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-67/2020 saylı qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək, cəmi 510 manat müəyyən edildiyindən, artırılmış alimentin məbləği bir il ərzində 1000 manatdan çox (510-360=150*12=1800 manat) olduğundan, cavabdehdən 38 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-67/2020 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, hər uşağa görə hər ay 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat məbləğində müəyyən edilsin. Alimentin yeni qaydada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Cavabdeh hər ay sabit pul məbləğində tutularaq, (uşaqlar yetkinlik yaşına çatanadək) İddiaçı ödənilsin. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-3571/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3571/2023
05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver