Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3648/2025 15.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəcəfova Güldəstə Yusuf qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********32 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 1857.14 manat əsas borcu və vəfat etdiyi tarixə ödənilməmiş 13.14 manat faiz borcu və ödənilməmiş 0.01 manat cərimə borcu olmaqla, cəmi 1870.29 manat məbləğində vəsaitin, ödənilmiş 38.71 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Nəcəfova Güldəstə Yusuf qızı arasında xx.xx.2022-ci il tarixli, BPM**********32 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Nəcəfova Güldəstə Yusuf qızına 22 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 2200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 286059 nömrəli ölüm haqqından şəhadətnaməyə əsasən Nəcəfova Güldəstə Yusuf qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli, 552 saylı məktubuna əsasən Nəcəfova Güldəstə Yusuf qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Nəcəfova Güldəstə Yusuf qızının xx.xx.2025-ci ilədək nağd krediti üzrə Banka ödənilməmiş 1857.14 manat əsas borcu və vəfat etdiyi tarixə 13.14 manat faiz borcu və ödənilməmiş 0.01 manat cərimə borcu qalmışdır. Cavabdeh mərhum Nəcəfova Güldəstə Yusuf qızından qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2- 6662/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə həmin iddiaçının nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və əlavə olaraq bildirdi ki, anası tərəfindən banka qoyulmuş pulları götürə bilməsi üçün notariat ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə müraciət etmişdir. X3 hesabında pulu olduğundan məlumatlı idi və o dövrdə borcu çox olduğundan pula ehtiyacı vardı. Ancaq həmin vaxt bank ona bunun üçün Türkiyə Respublikasına gedib ordan sənədləşmə işini həll etməli olduğunu bildirmişdir. Türkiyə Respublikasına getmək çox vəsait tələb etdiyindən və banka qoyulan pulun da az olduğunu bildiyindən ondan imtina etmişdir. Nəticədə anasından ona miras kimi keçən hər hansı əmlak olmadığından vərəsəlik şəhadətnaməsi ona verilməmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Nəcəfova Güldəstə Yusuf qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********32 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Nəcəfova Güldəstə Yusuf qızına 22 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 2200 kredit verilmişdir. Nəcəfova Güldəstə Yusuf qızı kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli məxaric orderindən görünür ki, Nəcəfova Güldəstə Yusuf qızı 2178 manat məbləğində pulu "xxxx" ASC-dən təhvil almışdır. - ödəniş cədvəlidən görünür ki, Nəcəfova Güldəstə Yusuf qızı xx.xx.2022-ci il tarixdən 22 ay müddətində hər ay banka 120.28 manat (sonuncu ay 120.09 manat) ödəməli idi. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Nəcəfova Güldəstə Yusuf qızının xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə banka 1857.14 manat əsas borcu və vəfat etdiyi tarixə ödənilməmiş 13.14 manat faiz borcu və ödənilməmiş 0.01 manat cərimə borcu olmaqla, cəmi 1870.29 manat məbləğində borcu vardır. - "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Nəcəfova Güldəstə Yusuf qızının banka olan borcunun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə, borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 38.71 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İİ seriyalı 286059 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nəcəfova Güldəstə Yusuf qızı xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasında Ankara şəhərində ölmüşdür. - 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisində xx.xx.2022-ci il tarixli, 8”V”- 499 reyestr nömrəli açılmış vərəsəlik işinə dair notariat işinin təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə müraciət etmişdir. X1 şöbəsində Nəcəfova Güldəstəyə aid (türk lirəsi ilə) xx.xx.2022-ci il tarixdə hesab açılmışdır (7713.24 türk lirəsi, hazırkı məzənnə ilə təxmini 317.78 AZN). Digər vərəsə X2 miras payından Cavabdeh xeyrinə imtina etmişdir. 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla X6 Güldəstəyə aid hər hansı pul məbləğinin, depozitin olub-olmaması barədə müraciət edilmiş, lakin nəticə olmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Nəcəfova Güldəstə Yusuf qızı arasında xx.xx.2022-ci il tarixli BPM**********32 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən Nəcəfova Güldəstə Yusuf qızına 22 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 2200 manat məbləğində kredit verilmişdir. Nəcəfova Güldəstə Yusuf qızı krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Nəcəfova Güldəstə Yusuf qızı xx.xx.2022-ci il tarixdə ölmüşdür. Sonuncudan qalmış miras əmlaka dair notarius tərəfindən verilmiş sorğu cavabsız qalmış və nəticədə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Hazırda iddiaçı yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə ödənilməmiş borcu Nəcəfova Güldəstə Yusuf qızının vərəsəsi – hazırkı iş üzrə Cavabdeh tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nəcəfova Güldəstə Yusuf qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X4 Yusuf qızı xx.xx.2022-ci il tarixdə ölmüş, bu səbəbdən kredit öhdəlikləri icra edilməmişdir. Nəcəfova Güldəstə Yusuf qızının kreditoru olan iddiaçı qarşısında onun vərəsəsi – Cavabdeh məsuliyyət daşıdığından, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini vərəsədən tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından rədd edilməlidir. Hazırkı işdən görünür ki, Nəcəfova Güldəstə Yusuf qızının banka 1857.14 manat əsas və vəfat etdiyi tarixə 13.14 manat faiz və 0.01 manat cərimə borcu olmaqla, cəmi 1870.29 manat məbləğində ödənilməmiş borcu vardır və iddiaçı həmin pulu Nəcəfova Güldəstə Yusuf qızının vərəsəsindən - cavabdehdən tələb edir. Lakin işin hallarından görünür ki, Nəcəfova Güldəstə Yusuf qızından qalmış miras əmlak barədə heç bir məlumat yoxdur və bu səbəbdən Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələbləri baxımından hesab edir ki, mirası qəbul etmiş vərəsə - cavabdeh ona çatan miras payı həcmində Nəcəfova Güldəstə Yusuf qızının kreditoru olan iddiaçı qarşısında məsuliyyət daşıyır. Odur ki, iddia miras əmlak aşkar edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş 38.71 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-3648/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3648/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver