Məhkəmə qərarları › İş №e-2(008)-370/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-370/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-370/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 ümumilikdə - 1229.89 ABŞ dolları əsas borcu, 1109.52 ABŞ dolları faiz borcun və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2015-ci il tarixli 18-xx-xx-010968 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X2 48 (qırx səkkiz) ay müddətinə, illik 28 (iyirmi səkkiz) % olmaqla 2218 (iki min iki yüz on səkkiz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 18-xx-xx-010968 saylı Kredit müqaviləsi üzrə "xxxx" ASC-yə əsas borcu- 1229.89 ABŞ dolları, faiz borcu - 1109.52 ABŞ dolları, ümumilikdə 2339 ABŞ dolları məbləğində borc təşkil edir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X1 vərəsələri -Cavabdeh2, Cavabdeh3, Cavabdeh1dır. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. İddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək iddia tələbinin onların iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir və buna dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etmədiyini, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir və buna dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X3 ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən X2 48 (qırx səkkiz) ay müddətinə, illik 28 (iyirmi səkkiz) % olmaqla 2218 (iki min iki yüz on səkkiz) ABŞ dolları məbləğində kredit verilmişdir. - Kredit müqaviləsiə əlavə olan ödəniş cədvəlindən görünür ki, aylıq ödəniş 77.30 ABŞ dollar olması manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, əsas məbləğ üzrə borcu 1229.89 ABŞ dolları, faiz üzrə borcu 1109.52 ABŞ dolları borcunun olması müəyyən edilir. AZ İ 957659 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 vərəsəsi əri X4, oğlu Cavabdeh2, qızı Cavabdeh1, qızı Cavabdeh3 müəyyən edilmişdir və Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsi ev 17 mənzil 104 vərəsələrin hər birinə payı ¼ müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. -Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9482 nömrəli ekspertiza rəyindən görünür ki, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 2.011.84 ABŞ dolları, faiz borcu üzrə 1.684.94 ABŞ dollar, xx.xx.2019-cu il tarixə əsasə borc üzrə 1.308.77 ABŞ dolları, faiz borcu üzrə 1736.58 ABŞ Dolları müəyyən edilmişdir. - Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, tədqiqatın dəyəri 150 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı 60 manat dövlət rüsumu ödəmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, cavabdehlər iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən məhkəmədən iddia müddətini tətbiq edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1038-ci maddəsinə əsasən Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə araşdırması zamanı məlum məlum olmuşdur ki, iddiaçı ilə X3 arasında xx.xx.2015-ci il tarixində 48 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə tərəflər arasında nəzərdə tutulmuş öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin müqavilənin digər tərəfi olan X3 müqavilənin icra müddəti bitməmiş və öhdəlik tam olaraq icra olunmadan xx.xx.2018-cu il tarixində vəfat etmişdir və qanuni üzrə vərəsəliyi isə hazırki cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinin tələbindəndə göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğu halda cavabdehlər miras qoyanın aktivlərini qəbul etmiş olduğu halda, passivləri üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyindən, iddiaçının hazırdakı cavabdehlərdən miras qoyanın ona olan borcunu tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, bank tərəfindən öhdəliyin icra müddəti xx.xx.2019-cu il tarixə kimi müəyyən edilmişdir. X1 vərəsələri barədə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə isə xx.xx.2019-cu il tarixdə verilmişdir. İddiaçı ASC xx.xx.2015-cu il tarixli müqavilə tələbləri üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 3 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdehlər isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdehlər iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdehlər arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdehlər tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İşin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı borclunun vərəsələrinə vərəsəlik haqqında şəhadətnamənin verildiyi tarixdən xx.xx.2019-cu il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbi” iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunmadığı üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan əlavə tədqiqatın dəyəri olan 150 manat ekspertiza xərci iddia tələbi rədd edildiyinən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatın dəyəri olan 150 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar