Məhkəmə qərarları › İş №e-2(008)-3727/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3727/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3727/2024 17.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 2903,04 (iki min doqquz yüz üç manat 04 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 503,06 (beş yüz üç manat 06 qəpik) manat və 54,32 (əlli dörd manat 32 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3485,92 (üç min dörd yüz səksən beş manat 92 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 04/5225 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2903,04 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Həmçinin, Azəriqaz İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 13720 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 625,36 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. 2023-cü ilin sentyabr ayından 2024-cü ilin aprel ayına qədər cavabdeh cəmi 122,30 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 503,06 (beş yüz üç manat 06 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 3406,10 (üç min dörd yüz altı manat 10 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, iddiaçının nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, 2022-ci ilin oktyabr ayında cəmi 20 gün təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Lakin iddiaçı tərəfindən 20 gün üçün hesablanmış borcun məbləği həddindən artıq çoxdur. Bundan başqa, iddiaçıya olan debitor borcunu qəbul etmir. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli 04/5225 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan təbii X1nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2903.04 manat zərər hesablanmışdır. Bundan başqa, cavabdehin sayğac üzrə faktiki istifadə etdiyi təbii qaza görə debitor borcu 503.06 manat təşkil edir. Beləliklə, işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “X1”nın tələblərinə əməl etməlidir. Cavabdeh bu Qaydaların tələblərini kobud surətdə pozaraq, qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş, nəticədə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilərək, 2903.04 manat zərər hesablanmışdır. Bundan başqa, iddiaçı debitor borc kimi 503.06 manat pulun tutulmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Cavabdehin sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə etməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı qaz sayğacına qanunsuz qoşulma nəticəsində iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış ziyanın həcmi və vurulmuş maddi ziyanın məbləği ilə bağlıdır. Belə ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, iddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün hesabat qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi müvafiq olaraq 1.2, 3 və 1.4 m3 saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə aparılmış və cəmi 24192 m3 qaz sərfinə görə 2903.04 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə hesab edir ki, qaz sərfiyyatının gündəlik 24 saat, illik isə 180 gün üçün hesablanması ağlabatan və inandırıcı deyildir. Odur ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə cavabdehin etiraf etdiyi müddət, yəni 20 gün qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası 1.2x12x20=288 m3, 3x12x20=720 m3, 3x1.4x12x20=1008 m3 olmaqla, cəmi 2016 m3 hesablanmalı və həmin rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.12 (on iki qəpik) manata vurulmaqla, iddiaçıya dəymiş ziyanın məbləği müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən iddiaçıya vurulmuş ziyanın məbləği 241.92 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən – xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 241.92 manat dəymiş zərər, 503.06 manat debitor borc olmaqla, cəmi 744.98 manat məbləğində borcun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 54.32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 54.32 manat məbləğində dövlət rüsumunun 30 manatı Cavabdeh alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 241.92 manat dəymiş zərər, 503.06 manat debitor borc olmaqla, cəmi 744.98 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar