Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3799/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2960,99 manat - bundan 2877,80 manat əsas, 83,19 manat faiz borcunun və iş üzrə ödənilmiş 48,45 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 120.LN.1676.141019.00002 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 3363,67 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında xx.xx.2019-cu il tarixli, 120.CL.141019.00002/a nömrəliZaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələrə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 2960.99 manat təşkil edir. Bundan 2877.80 manat əsas, 83.19 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********233 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubu və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh2 tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək, ona qarşı irəli sürülmüş iddia əsassız olduğundan işə xitam verilməsini xahiş emişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan kredit borcuna zamin durmuşdur. Əsas borclu şəxs, yəni Cavabdeh2 2020-ci il tarizdə vəfat etmiş, daha sonra onun həyat yoldaşı da dünyasını dəyişmişdir. Hazırda hər iki valideyni vəfat etdiyindən, onların hüquqi varislərinin kimliyi və məlumatı yoxdur. Əgər borclunun hüquqi varisləri mirası qəbul ediblərsə, borcla bağlı məsuliyyətin onlara keçməsi qanuna əsasən mümkündür. Əks halda, zaminin borcla bağlı məsuliyyət daşımağı hüquqi baxımdan ədalətsiz olardı. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3799/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardad ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına Cavabdeh2 aid hissədə xitam verilməsi qərara alınmışdır. İddiaçı "xxxx" ASC-yə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən ölmüş şəxsin vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməsi izah edilmişdir (Qeyd: iddiaçının eyni tarixli ərizəsi məhkəmə iclasından sonra elektron sistemə yerləşdirilmişdir). İddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onun içtirakı olmadan keçirilməsini, iddia tələbini tam müdafiə edərək, mülki iş üzrə təklif və əlavə vəsatəti olmadığından qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, hazırkı mülki işdə zamindir. Digər Cavabdeh2 onun qonşusu olub, yaxşılıq edib zamin durmudur. Evinə əşyalar, istilik sistemi alırdı. Kamil borcunu bir az ödədi, sonra ödəyə bilmədi. Sonradan müqavilənin müddətin də uzatmışdı. Sonra pandemiya zamanı öldü, bank isə heç bir zəng edib pulunu istəmədi. Yaxın günlərdə isə ona bankdan zəng gəlmiş, o da banka borclunun, yəni Kamilin öldüyünü demişdir. Kamilin arvadı da ölmüşdür. Kamilin iki uşağı var, oğlunun təxminən 11-12 yaşı olar və qız övladı isə xəstədir, onun 18-20 yaşı olar. Kamilin bacısı və baldızı ilə də görüşüb onlarla banka getmişdilər. Onlar borcun ödənilməsini öz öhdələrinə götürmüşdür. Müqavilə 2019-cu ildə bağlanmışdır, neçə illik müdəti olması barədə məlumatı olmayıb. Zaminliyə də eyni müddət üçün imza çəkmişdir. Həmin borc ondan tutulsa da, ödəyə bilməyəcəkdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 49.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 120.LN.1676.141019.00002 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 1% olmaqla, 60 ay müddətinə 3363.67 manat məbləğində kredit vermişdir. - "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 120.CL.141019.00002/a nömrəli zaminlik müqaviləsindən görünür ki, sonuncu "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 120.LN.1676.141019.00002 nömrəli kredit müqaviləsi üzrə borclu borcu ödəmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə banka 2877.80 manat əsas, 83.19 manat faiz, 0 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 0 manat faiz, cəmi 2960.99 manat məbləğində borcu yaranmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-cü il tarixinə banka 2877.80 manat əsas, 11.92 manat faiz, 0 manat cərimə, cəmi 2889.72 manat məbləğində borcu yaranmışdır. -xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmiş, 3 gün ərzində borcun ödənilməsinin təmin edilmədiyi təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışlar. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx"” ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 1% olmaqla, 60 ay müddətinə 3363.67 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 iddiaçı "xxxx"” ASC ilə ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3799/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardad ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına Cavabdeh2 aid hissədə xitam verilməsi qərara alınmışdır. İddiaçı "xxxx" ASC-yə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən ölmüş şəxsin vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməsi izah edilmişdir Məhkəmə, iddia tələbini zaminə münasibətdə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti xx.xx.2024-cü il tarixdə qurtarmış, iddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqdan sonra verildiyindən, zaminliyə - Cavabdeh1 kreditor qarşısında öhdəliyinə хitam verilmişdir. Odur ki, kredit borcunun Cavabdeh1 tutulmasına dair tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş 49.60 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 49.60 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-3799/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3799/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver