Məhkəmə qərarları › İş №e-2(008)-3908/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3908/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3908/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "cavabdehdən iddiaçının xeyrinə 5203,50 manat əsas, 731,79 manat faiz, 31,17 manat cərimə olmaqla, ümumilikdə 5966,46 manat borcun və 79,67 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "X2" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "cavabdehdən iddiaçının xeyrinə 5203,50 manat əsas, 731,79 manat faiz, 31,17 manat cərimə olmaqla, ümumilikdə 5966,46 manat borcun və 79,67 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə İsa qızı xx.xx.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə iştirakı olmadan baxılmasını və tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, "X2" ASC-yə 5966,46 manat məbləğində borcu var, imkanı olmadığı üçün ödəniş edə bilmir. O, Bakı Şəhəri Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində küçə süpürgəçisi işləyir, ayda təxminən 700 manat əmək haqqı alır, bunun 300 manatını ev kirayəsi ödəyir. Banka olan borcu ödəməkdən boyun qaçırmır və imkan olduqca borcunu ödəməyə çalışacaq. Cavabdeh məhkəməyə bu barədə ərizə də vermişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, iddiaçı "X2" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1043nkNFT/23 "Kredit müqaviləsi"ndən görünür ki, cavabdehə 60 ay müddətinə illik 25% ödəmək şərtilə 5249 manat kredit verilmiş, borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq bankın borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 %-i miqdarında cərimə tətbiq etməsi nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "X2" ASC-yə 5203,50 manat əsas, 731,79 manat faiz, 31,17 manat cərimə olmaqla, cəmi 5966,46 manat borcu vardır. İşdə olan "Bildiriş"dən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müəyyən edilir ki, cavabdehin iddiaçıya əsas borcu 5203,50 manat, faiz borcu 731,79 manat, cərimə borcu 31,17 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğlərin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehdən həmin məbləğlərin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcləri cavabdehə aid edilməli və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 79,67 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5203,50 manat əsas borc, 731,79 manat faiz borcu, 31,17 manat cərimə, 79,67 manat dövlət rüsumu, cəmi 6046,13 manat məbləğində pul tutularaq iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar