Məhkəmə qərarları › İş №e-2(008)-3944/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3944/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3944/2024 03.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Cavabdehnın iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,, Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçının xeyrinə 4000 manat məbləğində kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2716,62 manat əsas borc, 3,89 manat faiz borcu olmaqla, cəmi 2720,51 manat, 1000 manat məbləğində kredit borcu Banka ödənilməmiş borcu – 566,18 manat əsas borc, 33,42 manat faiz borcu olmaqla, cəmi 599,60 manat olmaqla ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 3320,11 manat məbləğində kredit borcunun və ödənilmiş 53,21 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********28 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 4000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********28 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi İlə hesablanmaqla 1000 manat məbləğində kredit kartı verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2022-ci ii tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, X2 4000 manat məbləğində kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2716,62 manat əsas borc, 3,89 manat faiz borcu olmaqla, cəmi 2720,51 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, X2 1000 manat məbləğində kredit borcu Banka ödənilməmiş borcu – 566,18 manat əsas borc, 33,42 manat faiz borcu olmaqla, cəmi 599,60 manat borcu qalmışdır. Ümumilikdə, X2 hər iki kredit müqaviləsi Banka ödənilməmiş borcu 3320,11 manat borcu qalmışdır. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvalayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçınin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etdi ki, atasından ona qalan pul məbləğinidə Bank qarşısında məsuliyyt daşımağa razıdır. Xahiş edir iddia qismən təmin edilsin. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, yuxarıda sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. "xxxx" ASC ilə cavabdeh X4 arasında iki kredit müqaviləsi bağlanmışdır: xx.xx.2021-ci il tarixli, BPM**********28 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 4000 manat məbləğində kredit verilmişdir, xx.xx.2021-ci il tarixli, BPM**********28 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi İlə hesablanmaqla 1000 manat məbləğində kredit kartı verilmişdir. X1 xx.xx.2022-ci ii tarixdə ölmüşdür (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 278160 №-li ölüm haqqında şəhadətnamə). 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən X2 xx.xx.2022-ci il tarixdə ölməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə onun oğlu Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən miras əmlak Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "M.Ə.Əfəndiyev adina X11" X8 xx.xx.2023-cü il tarixli, 30 nömrəli məktubuna əsasən 980,98 manat pul əmək haqqinin 3 misli və kompenşasiya pulundan ibarətdir. Maliyyə arayışına əsasən X2: 4000 manat məbləğində kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2716,62 manat əsas borc, 3,89 manat faiz borcu olmaqla, cəmi 2720,51 manat, 1000 manat məbləğində kredit borcu Banka ödənilməmiş borcu – 566,18 manat əsas borc, 33,42 manat faiz borcu olmaqla, cəmi 599,60 manat borcu, cəmi manat borcu qalmışdır. Hazırda iddiaçı cavabdehdən 3320,11 manat məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. Təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixədək aylıq ödəniş tam şəkildə edilmiş, həmin tarixə X5 ödənilməmiş borcu qalmamışdır. İş materiallarında olan bildirişdən görünür ki, “"xxxx" ASC tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1243.1-ci maddəsinə əsasən virası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh mirası qəbul etdiyindən borcu da ödəməlidir. Lakin, qeyd edildiyi kimi, 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Yuxarıda göstərildiyi kimi, cavabdehə yalnız 980,98 manat məbləğində pul vəsaiti vərəsəlik üzrə keçmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh atasının borcuna görə 980,98 manat məbləğində məsuliyyət daşıyır və ondan yalnız həmin məbləğ tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 980,98 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməli, ödənilmiş 23,21 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 980,98 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. 23,21 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar