Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4028/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "8163,81 manat əsas, 247,24 manat faiz, cəmi 8411,05 manat borcun və 104,11 manat dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "8163,81 manat əsas, 247,24 manat faiz, cəmi 8411,05 manat borcun və 104,11 manat dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixli əsas kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci ildə məhkəməyə ərizə verərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 8411,05 borcu olduğunu, xəstə olması və kirayədə qalması səbəbindən ödənişləri edə bilmədiyini, lakin borcu ödəməkdən yayınmadığını bildirmiş və təyin ediləcək növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Hər iki tərəf məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etdiyinə görə məhkəmə iclası onların iştirakı olmadan keçirildi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə deyilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Sadalanan normalardan göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən o halda qəbul edilə bilər ki, etiraf qanuna zidd olmasın və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Ona görə də məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşdə olan, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli RGTK0350656C239 nömrəli "Kredit müqaviləsi"ndən görünür ki, Cavabdeh 59 ay müddətinə illik 18% ödəmək şərtilə 8338,80 manat kredit verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli "Maliyyə arayışı"ndan görünür ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 8163,81 manat əsas kredit, 247,24 manat kreditdən istifadəyə görə faiz olmaqla, cəmi 8411,05 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi təklif edilmişdir. Beləliklə, müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin iddiaçıya əsas borcu 8163,81 manat, faiz borcu 247,24 manat, cəmi isə 8411,05 manat təşkil edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə olan halda, iddianın etiraf olunması məhkəmə tərəfindən qəbul edilməli və iddiaçının irəli sürdüyü tələblər təmin olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci ildə ********** nömrəli mədaxil qəbzi ilə 104,11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8163,81 manat əsas, 247,24 manat faiz borcu, 104,11 manat dövlət rüsumu olmaqla, cəmi 8515,16 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-4028/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4028/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver