Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4066/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ondan qazanc vədi altında alınmış pulun yerdə qalan 24000 AZN (iyirmi dörd min manat) hissəsi, hüquqi xidmətə görə müqavilə üçün ödənilmiş 400 AZN (dörd yüz manat) və 163 AZN (yüz altmış üç manat) dövlət rusumu, cəmi 24563 AZN (iyirmi dörd min beş yüz altmış üç manat) məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qazanc vədi verərək ondan müxtəlif vaxtlarda hissə-hissə olmaqla 28000 AZN pul alaraq qaytarmamışdır. Belə ki, cavabdeh 28000 AZN məbləğdən xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 800 AZN, xx.xx.2022-ci il tarixdə 700 AZN, xx.xx.2022-ci il tarixdə 1000 AZN, xx.xx.2022-ci il tarixdə isə 1000 AZN olmaqla, cəmi 4000 AZN məbləğini qaytarmışdır. Aldığı pulun yerdə qalan 24000 AZN hissəsini isə ödəməkdən imtina etmişdir. O, cavabdehin ona yalandan qazanc vəd etməsi, etibarından sui-istifadə edərək onu aldatmasına görə əməlində cinayət tərkibinin olmasını ehtimal edərək Sabunçu RPİ-nin 13-cü PŞ-nə müraciət etmişdir. İddia ərizəsinə əlavə olunmuş izahatdan da görünür ki, Cavabdeh onun iddiasını qismən qəbul edir. İzahatında cavabdeh ona qazanc vəd etdiyini, araya COVİD 19 pandemiyasının düşməyi səbəbindən işlərinin yaxşı getmədiyini və bu səbəbdən də ödəniş edə bilmədiyini vurğulayır. Cavabdeh ondan cəmi 19000 AZN pul aldığını və ondan 4000 AZN-ni hissə-hissə qaytardığını, hazırda ona 15000 AZN borcunun qaldığnı bildirir. İddia ərizəsinə əlavə olunmuş Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin təhqiqatçısı Rafiq Babayevin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Mülki qaydada məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş və Cavabdeh tərəfindən əlyazma olaraq ona təqdim olunan yazıdan aydın olur ki, cavabdeh tərəfindən xx.xx.2020-də qeyd aparılaraq onun qardaşına 15000 AZN borcunun olması, xx.xx.2020-də qeyd aparılaraq ona 13000 AZN borcun olması haqqında etirafedici qəbz verimişdir. Cavabdehin ona verdiyi etirafedici qəbzdən sonra onun Sabunçu RPİ-nin 13-cü PŞ-nə ünvanlanan izahatında ümumi aldığı məbləği 19000 AZN kimi göstərməsi, ondan isə ödənişlər edərək 15000 AZN borcunun qalması onun tərəfindən qəbul edilmir. Cavabdehin də yazdığı qəbzdən aydın olur ki, etdiyi ödənişlər çıxılmaqla hazırda ona 24000 AZN borcu qalmışdır. Hesab edir ki, qeyd olunan delikt nəticəsində ona dəymiş ziyanın yerdə qalan hissəsi, yəni 24000 AZN (iyirmi dörd min manat) məbləğ, hüquqi xidmətə görə müqavilə üçün ödənilmiş 400 AZN (dörd yüz manat) və 163 AZN (yüz altmış üç manat) dövlət rusumu, cəmi 24563 AZN (iyirmi dörd min beş yüz altmış üç manat) məbləğ qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən onun xeyrinə tutulmalıdır. Onunla vəkili arasında bağlanılmış “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən o, hüquqi yardıma görə 400 AZN (dörd yüz manat) və iddianın məhkəməyə verilməsinə görə 163.20 AZN (yüz altmış üç manat, 20 AZN) dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, İddiaçı 2017-ci ildə cavabdehin vasitəsi ilə Şəhriyar Mustafayev adlı şəxsə 19.000 manat məbləğində pul vəsaiti vermiş, pulu aldıqdan sonra Şəhriyar Rusiya Federasiyasına getdiyindən, o, borcunu hissə-hissə ödəmək üçün cavabdehə pul göndərmiş və 2020-ci ilə qədər həmin pul vəsaitinin bir hissəsini İddiaçı cavabdeh ödəmiş, hər dəfə də ödəyəndə İddiaçı cavabdehə qalan borcun məbləği barədə qəbz imzalatdırmışdır. Belə ki, 01 fevral 2020-ci ilədək X1 cavabdehə İddiaçı ödəmək üçün 4000 manat məbləğində pul vəsaiti göndərmiş, cavabdeh İddiaçı 4000 manat məbləğində pul vəsaiti ödəmiş və 01 fevral 2020-ci ildə ona 15000 manat borcun qalması barədə qəbz imzalamışdır. 01 mart 2020-ci ildə isə cavabdeh İddiaçı 2000 manat məbləğində pul vəsaiti ödəmiş və İddiaçı cəmi 13000 manat məbləğində borcun qalması barədə qəbz yazmışdır. Bundan sonra isə cavabdeh İddiaçı heç bir məbləğdə pul ödəməmiş, Xalıqov X2 Mustafayevdən pulu şəxsən almışdır. Belə ki, Şəhriyar Mustafayevin bildirdiyinə əsasən o, İddiaçı olan borcunu tam ödəyib qurtarmış, lakin İddiaçı ondan verdiyi pulun bir ay üçün 12 faizlə ödənilməsini tələb etmiş, o isə faizi ödəmədiyinə görə İddiaçı cavabdehi məhkəməyə vermişdir. İddiaçının öz iddia ərizəsində cavabdehin polis bölməsində verdiyi izahatına istinad edərək borcu etiraf etməsini göstərməsinə münasibətdə isə bildirmək istəyir ki, cavabdeh izahat verərkən İddiaçı borcunun olmasını etiraf etməmiş, orada da ondan 19000 manat məbləğində pul alınmasını, həmin pulun 6000 manat hissəsinin 01 mart 2020-ci ilədək ödənilməsini bildirmişdir. Cavabdeh həmin izahata imza edərkən izahatı oxumamış, təhqiqatçının niyə izahatını o formada yazmasını isə bilmir. O, həmin izahatı təsdiq etmir, cavabdehin İddiaçı heç bir məbləğdə borcu yoxdur, onun Şəhriyar Mustafayevə verdiyi 19000 manat məbləğində pul vəsaitinin isə 6000 manat hissəsi 01 mart 2020-ci ilədək cavabdeh tərəfindən İddiaçı qaytarılmış, qalan hissəsi isə Şəhriyar Mustafayev şəxsən ona qaytarmışdır. İddia ərizəsindən görünür ki, cavabdehin iddiaçıya borclu olması barədə iddiaçı heç bir məbləğdə sübut təqdim etməmiş, yeganə sübut kimi polis bölməsində verdiyi izahatını təqdim etmişdir ki, bu izahatı da cavabdeh təsdiq etmədiyinə görə həmin izahat da cavabdehin əleyhinə istifadə edilə bilməz. Beləliklə də belə hesab edir ki, iddia tam əsassızdır və təmin edilə bilməz. Bundan əlavə isə İddiaçı tələb etdiyi borc məbləği 2017-ci ildən verildiyinə görə iddia müddəti də həmin zamandan hesablanmalıdır. Hətta cavabdehin iddiaçıya ödədiyi pul vəsaitləri iddianın müddətini kəsmişsə belə, bu zaman iddia müddəti sonuncu dəfə etdiyi ödənişin tarixindən, yəni 01 mart 2020-ci ildən hesablanmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsini 02 may 2024-cü ildə, yəni 4 il 2 aydan sonra verməklə iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçının iddia tələbi əsaslı deyil və iddiaçı bunu heç bir sübutla təsdiq edə bilməmişdir. Göstərilənlərə əsasən iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, təhqiqat araşdırması zamanı Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı yazdığı ərizə ilə tanış olmuş, qeyd edir ki, təxminən 25 ildir ki, Bakı şəhərində Sədərək Ticarət Mərkəzində qadın paltarları ilə alver edərək çörək pulu qazanmışdır. Qonşuluqda yaşayan İddiaçı 2017-ci ildə ona yaxınlaşaraq iş görmək və pul qazanmaq istədiyini bildirərək ona ilkin olaraq 5000 manat pul vermişdir. Cavabdeh həmin pulu öz pulları ilə birlikdə dövriyyəyə buraxıb paltar alıb satırmış və qazancdan hər ay 300 manat, yaxşı olanda 500 manat Ağalara pul vermişdir. Sonra Ağalar bir müddət sonra Cavabdeh öz maşınını satıb 7000 manat da vermişdir. Cavabdeh ticarətdə pul qazandıqca aylıq Ağalara qazancdan pul vermişdir. Cavabdeh bildirir ki, Ağalar ona ümumilikdə hissəhissə 19.000 manat pul vermişdir. Cavabdeh həmin pullardan qazanc əldə etdikcə hissəhissə ümumilikdə 4000 manat İddiaçı pul-qazanc qaytarmışdır. Sonra ölkədə “Covid 19” pandemiyası zamanı obyeklərin işləmədiyindən, Cavabdeh əlində olan pulları batırması, çoxlu borca düşməsi səbəbindən və hal-hazırda səhhəti ilə bağlı xəstə olduğu üçün heç yerdə işləməməsinə görə pulu qaytara bilməməsini, lakin gələcəkdə işləyib pul qazandıqca İddiaçı borc pulunu qaytaracağını bildirmişdir. -əlyazmaların surətindən görünür ki, “xx.xx.2020 Ağalar dayının qardaşına 15.000 azn, on beş min azn, imza, xx.xx.2020 Ağalar dayıya 13.000 on üc min Hafiz” imza qeyd edilmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 400 manat pul ödənilmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 164 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia edir ki, cavabdehə müxtəlif vaxtlarda ticarətdən qazanc əldə etmək məqsədi ilə ümumilikdə 28.000 manat məbləğində pul vermiş, sonuncu ona 4000 manat qaytarmış, qalan 24.000 manat pulu isə bugünədək qaytarmamışdır. Cavabdeh tərəf isə iddiaçının onun vasitəsi ilə Şəhriyar Mustafayev adlı şəxsə 19.000 manat borc pul verdiyini, sonuncu aldığı borc puldan 4000 manat və 2000 manat olmaqla, cəmi 6000 manat pulu ona göndərmiş, o da həmin pulları iddiaçıya vermişdir. Sonuncu dəfə Şəhriyar Mustafayevin göndərdiyi 2000 manat pulu xx.xx.2020-ci il tarixdə iddiaçıya vermiş, sonuncu da həmin tarixdə ona 13.000 maant borcun qalması barədə qəbz yazdırmışdır. Qalan 13.000 manat borcu isə Şəhriyatr Mustafayev iddiaçıya özü qaytardığını bildirmişdir. Beləliklə, cavabdeh 19.000 manat borcun ona aidiyyətinin olmadığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin ticarətdən əldə edəcəyi gəlirin iddiaçı ilə aralarında bölünməsi üçün müqavilə və ya qanuni əsas olmamışdır. Belə olan halda, cavabdeh ticarətdən qazanc əldə etmək üçün iddiaçının ödədiyi pul vəsaitini ona qaytarmamaqla əsassız varlanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni 13.000 (19.000-4000-2000) manat pulun qaytarılması hissəsində əsaslı olsa da, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Həmçinin, Cavabdeh hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü qeyd edib, bu barədə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Qanunvericilikdə kəsici və iddia müddətləri bir-birindən fərqləndirilmişdir. Kəsici müddət, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. İddia müddətləri isə bir qayda olaraq, tələb hüquqları üçün xarakterikdir. Bu müddətin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir, kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Bəzi maddi nemətlər (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir. Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz ikinci halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün iki illik iddia müddəti nəzərdə tutulsa da, əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələblərinə xüsusi norma kimi həmin Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddəti tətbiq edilir. Müddətin əvvəli müqavilənin bağlandığı tarixdən deyil, əqdin icrasına başlanıldığı gündən hesablanır. Mülki Məcəllənin 354.1-ci maddəsindəki iddia müddətinin mülkiyyətin müdafiəsinə dair iddialara deyil, yalnız etibarsız əqd üzrə əmələ gələn əsassız varlanma tələblərinə, özü də cavabdehin ərizəsi əsasında tətbiq edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçının ona verdiyi 19.000 manat puldan 4000 manat və 2000 manat olmaqla, cəmi 6000 manat pul qaytarıb, qalan 13.000 manat pulu qaytarmamaqla əsassız varlanmasına baxmayaraq, iddiaçı həmin pul vəsaitini qanunvericiliklə müəyyən edilmiş müddətdə tələb etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzürlü səbəb olmadan ötürmüşdür. Belə ki, cavabdeh sonuncu dəfə iddiaçıya xx.xx.2020-ci il tarixdə 2000 manat pul ödəmiş, bundan sonra heç bir ödəniş etməmiş, bu halı məhkəmə iclasında tərəflər təsdiq etmişlər. İddiaçı isə sonuncu ödənişin edildiyi xx.xx.2020-ci il tarixdən 4 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmalı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şəbnur Qədirova