Məhkəmə qərarları › İş №e-2(008)-4087/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4087/2023

22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4087/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altımış) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə onunla cavabdehin nikahı pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdehdən 30 (otuz ) manat, ümumilikdə 90 (doxsan) manat məbləğində almentin tutularaq ona ödənilməsi qət edilmişdir. Göründüyü kimi uşaqlar onun himayəsində olmaqla onunla birgə yaşayırlar. Hər üç uşağı maddi cəhətdən təmin etmək onun üçün çox ağırdır və uşaqların saxlanılmaları üçün cavabdehin maddi dəstəyinə ehtiyacı vardır. Nəzərə alınsa ki, hər il üçün uşaqların yaşayış minimumu qiymət artımına görə artaraq dəyişir, belə olan halda uşaqların saxlanılmaları üçün tutulmalı alimentin məbləği də artmalıdır. Belə ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi uşaqların aylıq dolanacaq xərcləri və təminatları nəzərə alınaraq ölkə üzrə aylıq yaşayış minimumu bir uşağa görə 220 manat müəvvən edilmişdir. Onun üç övladına əvvəlki qətnamə ilə təyin edilmiş aliment məbləği hazırda bir uşağa görə təyin edilməli məbləğdən azdır. Cavabdeh isə ümumiyyətlə uşaqların saxlanılmasında iştirak etmir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4081/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 30 (otuz) manat tutulması müəyyən edilmiş aliment məbləğinin artırılaraq, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altımış) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, o, 300-350 manat əmək haqqı alır, iddiaçı 6000-7000 manat əmək haqqı alır, iddiaçının özünün uşaqların təminatlarını ödəməyə imkanı çatır. O, kirayədə yaşayır, üç uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələb olunan cəmi 660 manat alimentin ödənilməsinə maddi imkanı çatmır. Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-T seriyalı 244788 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. - AZ-T seriyalı 244787 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. - AZ-T seriyalı 244786 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4081/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il tarixdə doğulmuş X1, xx.xx.2010-cu il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X5 ataları İddiaçı yanında saxlanılmaları, xx.xx.2008-ci il tarixdə doğulmuş X1, xx.xx.2010cu il tarixdə doğulmuş X2 və xx.xx.2015-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşın çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 30 (otuz) manat məbləğində alimentin tutulması, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, «məhkəmə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün nəzərdə tutulmuş aliment məbləğinin 2022-ci il üçün müəyyən olunmuş yaşayış minimumundan az olmaqla 30 manat miqdarında tutulmasını ədalətli hesab edir. Belə ki, xx.xx.2022-ci il taixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahat verərək qeyd etmişdir ki, onun əmək haqqısı ilin fəslindən asılı olaraq 4500-6000 ABŞ dolları arası dəyişir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş Cavabdeh gəlir məlumatlarından görünür ki, o, "xxxx" MMC-də satış nəzaritçisi, kassir vəzifəsində işləyir və əmək haqqısı 300 manat təşkil edir. Göründüyü kimi, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin əmək haqqısı kifayət qədər yüksək olmaqla cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının əmək haqqısından kəskin fərqlənir. Məhkəmə hesab edir ki, İddiaçı aldığı aylıq əmək haqqı ilə uşaqların əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanması mümkün olacaqdır». - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/18-00637 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı nümayəndəsi Vəkil tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması nəticəsində tərəflər ayrılmışlar, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4081/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların İddiaçı yanında saxlanılmaları, uşaqların yetkinlik yaşın çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 30 (otuz) manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı məhkəmə tərəfindən təyin olunmuş məbləğin yetərli olmadığı, uşaqların tələbatlarını ödəmədiyi əsası ilə alimentin məbləğinin artırılması ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, həmin il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılması ilə bağlı mövqeyində haqlı deyildir, onun istinad etdiyi hallar alimentin miqdarının artırılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (ananın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçının hazırda himayəsində qalan uşaqların saxlanılmaları baxımından kifayət qədər yetərli əmək haqqı vardır, bunun əksinə Cavabdeh "xxxx" MMCdə satış nəzaritçisi, kassir vəzifəsində işləyir və əmək haqqı 300 manat təşkil edir. Belə olan halda, cavabdehin maddi vəziyyətində hər hansı əhəmiyyətli dəyişikliyin baş verməsi sübuta yetirilmir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə əlavə hal olaraq qeyd edir ki, baxılan tələb xarakterinə görə davam edən münasibətlərə aid olduğundan, qanunla müəyyən edilmiş qaydada və əsaslarla iddiaçı yenidən məhkəməyə müraciət edə bilər, hazırkı halda iddianın rədd edilməsi həmin tələblə məhkəməyə müraciət imkanını məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar