Məhkəmə qərarları › İş №e-2(008)-4157/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4157/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4157/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı (əvvəlki adı "xxxx") Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ("xxxx") Bank Olmayan Kredit X3 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit üzrə əsas borcun məbləği 6.798,75 (altı min yeddi yüz doxsan səkkiz manat yetmiş beş qəpik) AZN, kredit üzrə faiz borcunun məbləği 2.379,37 (iki min üç yüz yetmiş doqquz manat otuz yeddi qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 106,43 (bir yüz altı manat qırx üç qəpik) AZN olmaqla, cəmi 9.284,55 (doqquz min iki yüz səksən dörd manat əlli beş qəpik) AZN məbləğində kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 113 (bir yüz on üç) AZN məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq birdəfəlik şəkildə İddiaçı ("xxxx") Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh1 arasında 24 avqust 2022-ci il tarixli 4137 nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən Cavabdeh1 30 (otuz) ay müddətinə, illik 18 (on səkkiz) % olmaqla, 7.500 (yeddi min beş yüz) AZN məbləğində kredit verilib. 24 avqust 2022-ci il tarixli 4137 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında 24 avqust 2022-ci il tarixli 4137 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh2 24 avqust 2022-ci il tarixli 4137 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Cavabdeh1 1 (bir) ildən çoxdur ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı "xxxx" BOKT MMC tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib maliyyə arayışına əsasən Cavabdeh1 24 avqust 2022-ci il tarixli 4137 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 6.798,75 (altı min yeddi yüz doxsan səkkiz manat yetmiş beş qəpik) AZN, kredit üzrə faiz borcunun məbləği 2.379,37 (iki min üç yüz yetmiş doqquz manat otuz yeddi qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 106,43 (bir yüz altı manat qırx üç qəpik) AZN olmaqla, cəmi 9.284,55 (doqquz min iki yüz səksən dörd manat əlli beş qəpik) AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubları ünvanlanıb. Buna baxmayaraq, cavabdehlər hələ də öz öhdəliklərini icra etməyiblər. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, əvvəllər həmin bankın işçiləri olmuşlar, işdən çıxarıldıqları üçün 6-7 ay təxmini ödəniş etmək mümkün olmamış, krediti götürdükdən sonra 1000 manat ödəniş edilmişdir. Faizlə bağlı güzəşt olunmasını istəyir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 4137 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, MMC tərəfindən sonuncuya 30 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 7500 manat kredit verilmişdir. Cavabdeh1 30 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 4137 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə MMC-nə 6.798,75 manat əsas borc, 2.379,37 manat faiz borcu, 106,43 cərimə olmaqla, cəmi 9.284,55 manat məbləğində borcu vardır. - Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 hər ayın 24-dən gec olmayaraq 30 ay müddətində hər ay 312.29 manat kredit borcu ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 4137 nömrəli xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, sonuncu, "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 4137 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borclu öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. - iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, yaranmış borc 5 (beş) gün müddətində ödənilmədiyi təqdirdə, borcun məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 113 manat dövlət rüsumu ödəmişdir. - Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin adı dəyişdirilərək, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti olmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ("xxxx") Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 4137 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 30 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 7500 manat kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı ("xxxx") Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli 4137 nömrəli kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Eyni zamanda, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ("xxxx") Bank Olmayan Kredit X3 Cəmiyyəti qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4137 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6.798,75 manat əsas borc, 2.379,37 manat faiz borcu, 106,43 cərimə olmaqla, cəmi 9.284,55 manat məbləğində borc və 113 manat məbləğində dövlət rüsumu İddiaçı ("xxxx") Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. 4137 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6.798,75 manat əsas borc, 2.379,37 manat faiz borcu, 106,43 cərimə olmaqla, cəmi 9.284,55 manat məbləğində borc və 113 manat məbləğində dövlət rüsumu İddiaçı ("xxxx") Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar