Məhkəmə qərarları › İş №e-2(008)-424/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-424/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-424/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 17601,45 manat – bundan 7513.84 manat əsas, 6741.70 manat faiz, 2354.79 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 991.12 manat faiz borcunun və iş üzrə ödənilmiş 143 manat dövlət rüsumunun Cavabdeh tutularaq Ləğv prosesində olan QSC “Bank Standard” KB-na ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2015-ci il tarixli 1xx/xx/111922/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 23 (iyirmi üç) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 10.000 (on min) manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh kredit üzrə cəmi borcu 17601.45 (on yeddi min altı yüz bir tam yüzdə qırx beş) manat təşkil edir. Bundan 7513.84 (yeddi min beş yüz on üç tam yüzdə səksən üç) manat əsas, 6741.70 (altı min yeddi yüz qırx bir tam yüzdə yetmiş) manat faiz, 2354.79 (iki min üç yüz əlli dörd tam yüzdə yetmiş doqquz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 991.12 (doqquz yüz doxsan bir tam yüzdə on iki) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/111922/15 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, sonuncu, ümumilikdə 17.601,45 manat məbləğində borcun 3 gün müddətində banka ödənilməsini təmin etmədiyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmişdir. - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 143 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 7513.84 manat əsas, 6741.70 manat faiz, 2354.79 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 991.12 manat faiz borcu olmaqla, cəmi 17.601,45 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/111922/15 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 23 faizlə 10.000 manat məbləğində kredit verilmiş, Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı QSC “Bank Standard” KB ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/632 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 17 iyun 2015-ci il tarixli 1xx/xx/111922/15 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 7993,63 manat; faiz borcu üzrə 4549,55 manat. xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə): əsas borc üzrə 7993,63 manat; faiz borcu üzrə 5598,71 manat. Beləliklə məhkəmə ekspert rəyini əsas götürərək hesab edir ki, iddia tələbi üzrə 7993,63 manat əsas borc, 4549.55 manat faiz borcu Cavabdeh iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün 991.12 manat faiz tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və ona hesablanmış faizləri ödəməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə əsas borca münasibətdə cavabdehdən 2354.79 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 118 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7993,63 manat əsas borc, 4549.55 manat faiz borcu, 118 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 991.12 manat faiz borcu olmaqla, cəmi 13652,30 manat məbləğində pul vəsaiti və 130.96 manat məbləğində dövlət rüsumu Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, cavabdehdən 150 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7993,63 manat əsas borc, 4549.55 manat faiz borcu, 118 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 991.12 manat faiz borcu olmaqla, cəmi 13652,30 manat məbləğində pul vəsaiti və 130.96 manat məbləğində dövlət rüsumu Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar