Məhkəmə qərarları › İş №e-2(008)-4300/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4300/2024

28.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4300/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən "Azəriqaz" İB-yə vurulmuş 5184 manat məbləğində zərərin, debitor borc 78 manat və 72,62 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 5334,62 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü ildə AKX-05282xx/xx-2023 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"si imzalanmış və həmin Müqavilə əsasında "Azəriqaz" İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən Müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin Müqavilənin və "X5"nın tələblərinə əməl etmək) və "X5"nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz" İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən "Təbii X5nın pozulması haqqında" aktlar tərtib edilmişdir. Cavabdeh yuxarıda qeyd edilən təqsirli hərəkətləri nəticəsində Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 037772 nömrəli akt əsasında 2073,60 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında 3110,40 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cəmi 5184 manat məbləğində "Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2010-cu il üzrə 91 manat sərfiyyat borcu qalmışdır. 2010-cu ilin iyun ayından 2024-cü ilin fevral ayına qədər cavabdeh 13 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli olan borc məbləği hazırda abonentin saldo üzrə ümumi 5262 manat təşkil etməkdədir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2024-cü ildə cavabdeh tərəfindən məhkəməyə iddia qarşı etiraz təqdim edilmişdir. Həmin etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Əliyev X2 rayonu, Maştağa qəsəbəsi, Yəhya Musayev küçəsi, döngə 1, ev 10 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 3 ünvanında yaşayır. xx.xx.2023-cü ildə "Azəriqaz" İB tərəfindən ünvan 3 ünvanına abonentin iştirakı olmadan xx.xx.2011-ci ildə küçədə quraşdırılmış və istismar müddəti bitmiş SMART G-4 İTRON DİAFRAQMA tipli, 1002AQ**********2 № li qaz sayğacına və qaz xəttinə baxış keçirilmiş, sayğacdan kənar, qeyri-qanuni əlavə qaz xəttindən istifadə olunması aşkar edilmiş, foto-şəkillər çəkilmiş, sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş və xx.xx.2023-cü ildə dəymiş ziyanın hesablanması və ödənişin təmin edilməsi barədə ******* № li AKT tərtib edilmişdir. Həmin akta əsasən dəymiş ziyanın həcmi 17280 m3 hesablanmış və abonentin hesab koduna 2073,60 manat borc yazılmışdır. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotosəkildəki dəmir köşk Cavabdeh məxsus olsa da, müvəqqəti olaraq qonsuya verilmişdi. Qonşunun həyətində tikinti işləri getdiyi səbəbindən həmin köşkdən fəhlələrin soyunub - geyinmə və istirahət otağı kimi istifadə olunurdu. Sayğacdan kənar, qeyri-qanuni əlavə qaz xəttindən istifadə olunması faktını qonşusu etiraf etmiş, lakin borc Cavabdeh hesab koduna yazılmışdır. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2024-cü il tarixli "X7"na dair tələbnaməsinə əsasən “dəymiş ziyan həcminin hesablanması" məqsədi ilə 17280 m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 2073,60 manat borc yazılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus ünvan 3 ünvanına ZENNER G4T SMART tipli, **********806 № li sayğac quraşdırılmış, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilmiş, xx.xx.2023-cü il tarixdə abonent ilə iddiaçı "Azəriqaz" İB arasında "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" AKX-05282xx/xx-2023 nömrəli müqavilə bağlanmış və Cavabdeh 2073.60 manat borcun ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən mübahisələndirilən digər, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt abonentin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana xx.xx.2023-ci il tarixdə baxış keçirilmiş və sayğacdan kənar əlavə qaz xətti ləğv edilmişdi. İddiaçı "Azəriqaz" İB "X5"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 № li qərarını nəzərə almamışdır. Həmin qərarın 6.5-ci bəndinə görə qazpaylayıcı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi qanunvericilik imperativ qaydada qazpaylayıcının üzərinə qazın verilməsini dayandırılması vəzifəsini qoymuşdur. xx.xx.2024-cü ildə sayğacdan kənar əlavə qaz xəttinin aşkar olunmasında abonentin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə də ki, qonşuların həmin aktdan xəbəri olmayıb. Akt birtərəfli qaydada tərtib edilmiş, abonentə təqdim olunmamış və abonent həmin aktı imzalamamışdır. Abonentin imzalamadığı həmin akt əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin akt ləğv edilməlidir. Cavabdeh 2073,60 manat dəymiş ziyanın və 78 manat debitor borcun ödəməsinə etiraz etmir. İddiaçı "Azəriqaz" İB-nin nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin o, etirazda iddianı qismən qəbul etdiyini göstərsə də, məhkəmə iclasında heç bir qanunsuz xətdən istfadə etmədiyini bildirmiş və iddianı yalnız debitor borc hissədə qəbul etdiyini göstərmişdir. İş materiallarında olan İddiaçı ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli AKX-05282xx/xx-2023 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"nin 1-ci maddəsinə əsasən, paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə həmin Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifəsidir. -"Təbii X5nın pozulması haqqında" xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edir, dəymiş ziyan hesablanmalı və ödənilməlidir. - "Abonentin saldosu"ndan görünür ki, Cavabdeh ümumi borcu 5262 manat təşkil edir. Məhkəmə ilk öncə sərfiyyat borcuna münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. "Qaz təchizatı haqqında" Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən ona təqdim olunmuş hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, cavabdehin təbii qazdan istifadəyə görə borcu 78 manat təşkil edir və həmin məbləği iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin 5184 manat məbləğində zərərin ödənilməsi hissəsinə dair münasibət bildirərək aşağıdakıları qeyd edir. "Qaz təchizatı haqqında" qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, "Azəriqaz" İB qanunsuz qoşulma halları ilə bağlı akt tərtib edildikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı göstərilən qaydaya riayət etməmişdir, etmişdirsə də bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməsə də, "Elektron məhkmə" informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə 72,62 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 5262 manat məbləğində iddianın 78 manat hissəsi (1,5 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 1,5 faizi, yəni 1,09 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 71,53 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən "Azəriqaz" İB-yə 78 manat məbləğində sərfiyyat borcu, 1,09 manat dövlət rüsumu, cəmi 79 (yetmiş doqquz) manat, 09 (doqquz) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq "Azəriqaz" İB-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar